Təhriflər » İbrahimlilər. Allah ayələrini təhrif edənlər!

Rəhman və Rəhim olan Allahın adıyla. Şəhadət verirəm ki, Allahdan başqa məbudluğa laiq olan yoxdur. Və şəhadət verirəm ki Muhəmməd (s) nəbilərin və rəsulların sonuncusudur. Allahın xeyir və bərəkəti ona (s) və pak Əhli-Beytinə (ə) olsun.

Yəqin ki bir çoxlarınızın Bakı şəhərinin Əmircan kəndində "zühur" etmiş Ələsgər Musayev adlı "peyğəmbərdən" xəbəriniz var. İslamı birləşdirmək adıyla ortaya çıxmış bu fitnəkar İslamda yeni bir təriqətin-"İbrahimilər" təriqətinin yaranmasına səbəb oldu.

Bu məqaləmdə onların kimliyi, tarixi və əqidələri haqqında yox, törətdikləri daha dəhşətli və fitnəkar əməlləri haqqında danışmaq istərdim.
Allahdan qorxmayan bu fitnəkarlar Quranı öz ağıllarına və istəklərinə uyğun olaraq və istədikləri sözü ora əlavə edərək tərcümə etmişlər. Bizdə olan məlumata görə bu tərcümənin 500 nüsxəsi mövcuddur. Bəlkə də daha çoxdur. Doğrusunu Allah bilir.

Mən həmin tərcümənin bir nüsxəsini http://ibrahimi.biz saytından yüklədim. Ərəb dilindən məlumatı olan hər bir kəs onu oxusa çox rahat şəkildə saxtakarlıqları görmüş olar. İnşəallah burada Quranın birinci cüzündə olunmuş saxtakarlıqlara toxunacağam. Bunun üçün yardım edənlərin ən xeyirlisi olan Allah təbarəkə və təaladan kömək diləyirəm.

Ümumiyyətlə bu şəxslərin elədikləri saxtakarlıq o qədər çoxdur ki, onların hamısına toxunmaq mümkün deyil. Əgər onların hamısına toxunmalı olsaq ən azından həmin nüsxə qalınlığında bir kitab yazmalı olarıq. Ona görə də toxunacağım məsələlər birinci cüzdən olan bəzi ayələr olacaq. Həm də bunu qeyd edim ki, bu tərcümə normal azəri dilində yazılmayıb. Sözün əsl mənasında "ilan-qurbağa" cümlələrindən ibarət olan bu kitab Allah tərəfindən olduğuna iddia edildiyi üçün buna cavab yazmağı bir müsəlman kimi özümə borc bildim.

Beləliklə:
Həmin kitabda bəqərə surəsinin 3-cü ayəsinin tərcüməsində yazılır:

"o kəslər ki, inanırlar qeyb ilə və qiyam edirlər islahata və nədən ki, ruziləndirmişik onları, infaq edirlər."

Bunu şəxsən kimin tərcümə etdiyini bilmirəm. Amma çox güman ki, Ələsgər Musayevin nəzarəti altında tərcümə olunub. Çünki onun özü də xütbələrində bu tərcümədən istifadə edir. Keçək ayədəki saxtakarlıqlara.

Əvvəlcə ayənin ərəbcəsini qeyd edirəm:

الَّذِينَ يُؤْمِنُونَ بِالْغَيْبِ وَيُقِيمُونَ الصَّلَاةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ

İndi isə hərfi tərcümə edirəm:

"O kəslər ki, qeybə inanırlar və namaza dururlar (namaz qılırlar) və ruzi verdiklərimiz şeylərdən infaq (yəni Allah yolunda xərcləyirlər) edirlər."

Tərcümədəki səhv:
"inanırlar qeyb ilə" ifadəsi "qeybə inanırlar" olmalıdır. Qeyd edim ki, ərəb dilində bu ifadənin qarşılığı "yuminunə bilğəybi" ifadəsidir. Bunu tərcümə edənlər ayənin orijinalında olan "be" hərfini bizim dilə "ilə" kimi tərcümə ediblər. Bu isə mütərcimin ərəb dilindəki dərin "elmindən" xəbər verir. Bu adamın xəbəri yoxdur ki, ərəb dilində adicə "be" hərfi 15-ə yaxın məna verir. Bu isə Quranın harasında "be" hərfinə rast gəlibsə onu "ilə" kimi tərcümə edib. Görəsən Ələsgər müəllimə Allah tərəfindən nazil olan "elm" bunu bilməyə kifayət etməyibmi?! Yoxsa nəuzu billah Allahın ərəb dilinin sadə qramatik qaydalarından xəbəri yoxdurmu ki, öz "Rəsulu" olan Ələsgər müəllimə bunları bildirməyib?!

Tərcümədə saxtakarlıq:

"qiyam edirlər islahata" ifadəsinin yerinə "namaza dururlar" yaxud "namaz qılırlar" ifadəsi olmalıdır.
Bu isə Allahın ayəsini açıq-aşkar təhrif etməkdir. Həmin ayədə islahat deyilən sözdən əsər-əlamət olmadığı halda bu insanlar o sözü haradan tapıblar?! Nəzərinizə çatdırım ki, həmin ifadənin ərəbcə qarşılığı "yuqimunəs-salətə" ( وَيُقِيمُونَ الصَّلَاةَ ) ifadəsidir. "Salət" sözünün ərəb dilində hərfi mənası dua deməkdir. Bundan əlavə bu sözün lüğəvi-həqiqi mənasından əlavə ürfi və şəri mənası da var. Bu isə namazdır. Yəni İslam dinində və müsəlmanlar arasında "salət" deyildikdə namaz başa düşülür. "İslahat" sözü isə bizim dilə elə ərəbcədən keçmişdir. Mənası "İslah etmək" deməkdir. Bu sözün ərəb dilində kökü "Saləhə"dir. Sözünü etdiyimiz ayədə keçən söz isə "Salət"dir. Bunun isə kökü "Saləvə"dir. Birincinin (Saləhə) mənası "doğru-dürüst, yaxşı, saleh olmaq", ikincinin (Saləvə) mənası isə "namaz qılmaq" deməkdir. Ağlı başında olan və qəlbində Allah qorxusu olan hansı bəndə Allahın ayəsini bu cür təhrif etməyə cürət edər?! Məlum olur ki, bunların ya ağlı başlarında deyil, ya da Allahdan qorxmurlar.

Yenə həmin nüsxədə Bəqərə surəsinin 30-cu ayəsinin tərcüməsində deyilir:

"Və onda dedi Rəbbin mələklər üçün: «Həqiqətən, Mən edəcəyəm ərzdə xəlifə». Dedilər: «Ə, edəcəksən orada o kəsi ki, fəsad edər orada və tökər qan və Biz sayırıq həmd ilə Səni və müqəddəs tuturuq Səni?»."

Bu ayənin ərəbcəsi belədir:

وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلَائِكَةِ إِنِّي جَاعِلٌ فِي الْأَرْضِ خَلِيفَةً قَالُوا أَتَجْعَلُ فِيهَا مَنْ يُفْسِدُ فِيهَا وَيَسْفِكُ الدِّمَاءَ وَنَحْنُ نُسَبِّحُ بِحَمْدِكَ وَنُقَدِّسُ لَكَ

Tərcüməsi:

Sənin Rəbbin mələklərə: "Mən yer üzündə xəlifə (canişin) qərar verəcəyəm!"– dedikdə, onlar: "Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?"

 

Bisavadlığın dərəcəsi!

Xahiş edirəm, bu fitnəkarların tərcüməsinə diqqətlə fikir verin. "Dedilər: «Ə, edəcəksən orada o kəsi ki..." Bu tərcümə görəsən hansı dilə tərcümə olunub?! Azərbaycan dilinə olunubsa, onda sual edirəm: "Azərbaycan dilində "Ə" müraciət forması nə vaxt işlənər?!" Yəqin ki, deyəcəksiniz məhlədə tay-tuşla söhbət edəndə, yaxud kimləsə saymazyana danışanda. Bu insanlar isə Allahın pak mələklərinin Allaha bu cür biədəb formada müraciət etməsini qeyd edirlər. Əslində isə vəziyyət tam ayrı cürdür. Ərəb dilində "sual həmzəsi" adlanan ədat var. Tələffüz olunduqda isə "ə" səsini verər. Və bu ədat həmin ayədə "təc`əlu" felinin əvvəlində işlənərək "Ətəc`əlu" kimi səslənir. Bizim dilə isə sual ədatı tərcümə olunduqda dilimizdəki sual ədatlarından istifadə olunmalıdır. Bu isə mı, mi, mu, mü şəkilçiləridir. Necəki yuxarıda verdiyimiz düzgün tərcümədə qeyd olunub: "...fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?" Allah tərəfindən kəndisinə "vəyh" nazil olduğunu bildirən bir şəxsin, sual ədatı ilə biədəb müraciət formasını fərqləndirə bilməməyi necə də gülüncdür. Həmçinin qeyd edim ki, bu səhv təkcə bu ayədə yox "sual həmzəsi" olan hər bir ayədə edilmişdir.
Söz etdiyimiz ayədə başqa səhvlər də var. Məsələn, "cə`ələ" köklü sözü "etmək" kimi tərcümə ediblər. Əslində isə "cə`ələ" - "qərar vermək" deməkdir.

Növbəti saxtakarlıq!

Bəqərə surəsinin 45-ci ayəsini belə tərcümə ediblər:

"Və istəyin səbr və islahla. Və həqiqətən, o böyükdür ancaq üzərində çəkinənlərin."

Ayənin ərəbcəsi:

وَاسْتَعِينُوا بِالصَّبْرِ وَالصَّلَاةِ وَإِنَّهَا لَكَبِيرَةٌ إِلَّا عَلَى الْخَاشِعِينَ

Düzgün tərcümə:

"Səbr etmək və namaz qılmaqla Allahdan kömək diləyin! Həqiqətən, o,(namaz) xuşulu olanlardan başqa hamıya ağırdır."

Bəqərə surəsinin 3-cü ayəsində olduğu kimi burada da namazı islah olaraq tərcümə ediblər. Halbuki, ayənin orijinlaında "Salət" (namaz) qeyd olunub.
Ayənin tərcüməsində edilən ən böyük səhv isə onun ikinci hissəsidir. Belə ki, ikinci hissənin düzgün tərcüməsi budur: "Həqiqətən, o (namaz), xuşulu olanlardan başqa hamıya ağırdır." Saxtakarların etdiyi tərcümə isə budur: "Və həqiqətən, o böyükdür ancaq üzərində çəkinənlərin."
Ayənin orijinalında keçən istisnalıq bildirən "illa" (başqa) hərfi var. Fitnəkarlar isə "illa" hərfini xüsusilik bildirən kimi tərcümə ediblər. Ona görə də bunların tərcümə etdiyi mənadan belə çıxır ki, əvvəldə qeyd olunan səbr və namaz (bunların tərcüməsində islah) ancaq "çəkinənlər" üçün böyükdür.
Əslində isə mənası- "xuşulu olanlardan (bunların tərcüməsində çəkinənlər) başqa hamıya ağırdır" olmalıdır. Həmçinin ayədə "Kəbir" sözü kontekstə uyğun olaraq "ağır" mənasını verir "böyük" yox. "Xuşulu olanlar" - yəni Allah qarşısında ehtiram edərək itaət edənlər.

Yenə həmin nüsxədə Bəqərə surəsinin 58-ci ayəsində qeyd olunur:

"...və deyin: "Hiddətlənmə"-bağışlayaq sizin üçün xətalarınızı."

Ayənin ərəbcəsi:

وَقُولُوا حِطَّةٌ نَغْفِرْ لَكُمْ خَطَايَاكُمْ

Düzgün tərcümə:

" ....və deyin: "Bizi bağışla!"-ki xətalarınızı bağışlayaq."

Ayənin orijinalında keçən "hittətun" sözünü "hiddətlənmə" kimi tərcümə ediblər. Halbuki, "hittətun" - "bağışlanma diləmək, yalvarmaq" deməkdir.

Yəhudilər hidayət əhlidirlər?!

Bəqərə surəsinin 62-ci ayəsinin tərcüməsində yazırlar:

"Həqiqətən, o kəslər ki, inandılar və o kəslər ki, hidayət olundular və yardım olundular və sabiidirlər – kim inandı Allah ilə və günü ilə axırın və əməli islahatdır, onlar üçün əcrləri yanındadır Rəblərinin..."

Ayənin ərəbcəsi:

إِنَّ الَّذِينَ آمَنُوا وَالَّذِينَ هَادُوا وَالنَّصَارَىٰ وَالصَّابِئِينَ مَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَعَمِلَ صَالِحًا فَلَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ

Düzgün tərcümə:

Şübhəsiz ki, iman edənlər, yəhudi, nəsrani və sabiilərdən Allaha və Axirət gününə iman gətirib, əməlləri saleh olanların mükafatları öz Rəbbləri yanındadır.

Bu ayənin tərcüməsində isə daha gülünc səhvlərə və təhriflərə yol verilib. Ayənin orijinalında keçən "hadu" sözünü "hidayet oldular" kimi tərcümə ediblər. Əslində isə "yəhudilər" kimi tərcümə olunmalıdır. Bu insanların ərəb dilinin sadə morfoloji qaydalarından xəbərləri belə yoxdur. Hidayət sözünün ərəb dilində kökü "ha,dəl,ya" ( هدى ) hərflərindən ibarətdir. Ayənin orijinalında keçən "hadu" ( هَادُوا ) sözünün kökü isə, "ha, vav, dəl" ( هود ) hərflərindən ibarət olub, "yəhudi olmaq" mənasına gəlir. Gördüyünüz kimi "hadu" sözünün "hidayət" sözü ilə heç bir əlaqəsi yoxdur.
"Nəsranilər" (xristianlar) kimi tərcümə edilməsi gərəkən "Nəsara" ( النَّصَارَىٰ ) sözünü isə "yardım olundular" mənasına tərcümə ediblər. Nəzərinizə çatdırım ki, xristianların "Nazaret" dediyi yerə ərəblər "Nəsirə" deyirlər. Buna dair dəlilimizi indiki Matta incilindən gətiririk:

Türkcə:
"Oraya varınca Nasıra denen kente yerleşti. Bu, peygamberler aracılığıyla bildirilen, "O`na Nasıralı denecektir" sözü yerine gelsin diye oldu." (Matta 2:23)
Rusca:
"и, придя, поселился в городе, называемом Назарет, да сбудется реченное через пророков, что Он Назореем наречется." (Matta 2:23)

İndi isə Matta incilinin ərəbcəyə tərcümə olunmuş versiyasından yuxarıdakı ayəni qeyd edək:

و اتى و سكن في مدينة يقال لها ناصرة لكي يتم ما قيل بالانبياء انه سيدعى ناصريا

Gördüyünüz kimi türkcədə "Nasıra", ruscada "Nazaret" ərəbcədə isə "Nasirə" ( ناصرة ) deyilən yerə gəlməsi ilə əlaqədar İsa (ə) Nəsirəli ( ناصريا ) deyə adlandırılmışdır. Sonradan ərəblər arasında xristianlar da "Nəsirəlilər" deyə məşhur olmuşlar. Bu sözün isə (Nəsirəlilər) ərəbcə qarşılığı sözünü etdiyimiz Quran ayəsinin orijinalında keçən "nəsara" ( النَّصَارَىٰ ) kəliməsidir. Gördüyünüz kimi Allah ayəsini yenə də təhrif etmişlər.

Əziz oxucular! Özlərini haqq tərəfdarı və Allah rəsulları adlandıran bu fitnəkarların Quran barədə etdikləri saxtakarlıqlar bununla bitmir. Demək olar ki, tərcümə etdikləri hər bir ayədə səhv və saxtakarlıqlara yol vermişlər. Əvvəldə də dediyimiz kimi, onların hamısını burada qeyd etmək mümkün deyil. İnşəallah gələcək məqalələrimizdə daha böyük saxtakarlıqlarını qələmə alacağıq.

Həmin şəxslərə isə sözümüzü sözlərin ən gözəlini deyən Allah təbarəkə və təalanın ayəsi ilə çatdırırıq:

فَوَيْلٌ لِلَّذِينَ يَكْتُبُونَ الْكِتَابَ بِأَيْدِيهِمْ ثُمَّ يَقُولُونَ هَٰذَا مِنْ عِنْدِ اللَّهِ لِيَشْتَرُوا بِهِ ثَمَنًا قَلِيلًا فَوَيْلٌ لَهُمْ مِمَّا كَتَبَتْ أَيْدِيهِمْ وَوَيْلٌ لَهُمْ مِمَّا يَكْسِبُونَ

"Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da: "Bu, Allahın vəhyidir!"– deyirlər ki, onunla cüzi miqdarda pul əldə edə bilsinlər. Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qazandıqları şeyə görə vay onların halına!" (Bəqərə 79)

Əli Əbdullah

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!