Ateist iddialarına cavablar » Quranda işlənmiş “qəlb” sözünün mənası

1. “Qəlb” sözünün leksik mənası

Ərəb dilində qəlb (ürək) dəyişilmə və çevrilməyə deyilir(1). “Lisanul-ərəb” və “Əl-Misbahul-munir” əsərlərində qəlb bədən üzvü mənasında işlədildiyi kimi, ağıl mənasında da işlədilmişdir (2).

İbn Mənzur “Lisanul-ərəb” əsərində yazır: “ما لک قلب” (Mə ləkə qalbun - Sənin ağlın yoxdur) , “ما قلبک معک” (Mə qalbukə məak – ağlın özündə deyil), “این ذهب قلبک” (Əynə zəhəbə qalbuk – Ağlın hara gedib?).  Bütün bu misallarda qəlb ağıl mənasında işlədilmişdir (4).

İbn Əsir “Ən-Nihayə” və İbn Faris “Məqayis əl-luğət” əsərində yazırlar: “Hər şeyin xalis və qiymətli hissəsinə həmin şeyin qəlbi deyilir. İnsanın həqiqəti, xalis və qiymətli yönü qəlb adlanır” (5).

“Mufrədatu əlfazil-Quran”da belə qeyd edilmişdir: “Qəlb sözü ruh mənasında işlənir” (6).

Əllamə Mustəfəvi “Ət-Təhqiq” əsərində yazır: “Hər bir insanın iki qəlbi var: 1. Maddi qəlb (insan bədənindəki qan dövranını təmzimləyən ürək); 2. İnsanın həqiqətini ifadə edən daxili və mənəvi qəlb (7).

2. “Qəlb” sözünün Quranda işlənmiş məna çalarları

Qəlb sözü Quranın yüzdən çox yerində işlənmişdir. Ərəb dilində ifadə etdiyi məna çoxluğundan asılı olaraq qəlb sözü Quranda həm bədən üzvü, həm ağıl, həm də ruh mənalarında işlədilmişdir. Bu söz istər omonium mənada götürülsün, istərsə də məcazi, ərəb dilindən məlumatı olanların onun qeyd olunan mənalarda işlənməsindən xəbərləri var.

Bu cəhətdən qəlb sözünün Qurandakı məna çalarlarını aşağıdakı kmi qruplaşdırmaq olar:

1. Ağıl və idrak qüvvəsi mənasında: “Qaf” surəsi, 37-ci ayə: “إِنَّ فی‏ ذلِکَ لَذِکْرى‏ لِمَنْ کانَ لَهُ قَلْب” (Bunda qəlbi (ağlı) olan kimsə üçün xatırlatma və ibrət vardır)

2. Can mənasında: “Əhzab” surəsinin 10-cu ayəsi: “إِذْ زاغَتِ الْأَبْصارُ وَ بَلَغَتِ الْقُلُوبُ الْحَناجِر” (O vaxt gözlər qorxudan bərəlmiş, ürəklər ağıza gəlmiş)

3. Əməl və seçim azadlığına malik olan nəfs mənasında. İnsan öz azad seçimi ilə iman gətirir, əməl edir və sair. Quranda iman gətirib saleh əməl edən şəxsin sağlam qəlbə malik olduğu qeyd edilmişdir: “إِلَّا مَنْ أَتَى اللَّهَ بِقَلْبٍ سَلِيمٍ” (Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa!) (8)

4. Vəhyin nazil olduğu yer: “فَإِنَّهُ نَزَّلَهُ عَلَىٰ قَلْبِكَ بِإِذْنِ اللَّهِ” (Allahın izni ilə onu sənin qəlbinə nazil etmişdir) (9)

5. Hiss və emosiyaların mərkəzi mənasında: “Ali-İmran” surəsi, 159-cu ayə: “وَ لَوْ کُنْتَ فَظًّا غَلیظَ الْقَلْبِ لاَنْفَضُّوا مِنْ حَوْلِکَ” (Əgər qaba və daşürəkli olsaydın, ətrafından dağılışıb gedərdilər) (9)

6. Rəy və nəzər mənasında: “تَحْسَبُهُمْ جَمیعاً وَ قُلُوبُهُمْ شَتَّى” (Sən onların həmrəy olduğunu güman edirsən, halbuki onların qəlbləri dağınıqdır) (14)

Göründüyü kimi, qəlb sözü ərəb dilində omonim olmaqla yanaşı, həm də məcazi mənada işlənir. Ümumiyyətlə, ürək və qəlb sözləri təkcə ərəb dili yox, digər dillərdə də müxtəlif mənalar ifadə edir.

3. Absurd, savadsız, səthi bir iddia!

Ateistin biri durub deyir ki, VII əsrdə Peyğəmbər (s) orqanları ayırd edə bilmirmiş və qəlbin düşündüyünü, tanıdığını, danışdığını, gördüyünü deyirmiş.

Cavab:

O qədər savadsız iraddır ki, doğrusu, adam bilmir gülsün ya ağlasın

İddianı irəli sürən ateistin adi dilçilikdən xəbəri yoxdur. Xəbəri olsaydı, qətiyyən belə primitiv səhvə yol verməzdi. Azərbaycan dilində qəlbini ələ almaq, ürəyinə dammaq, ürəyim ayağımın altına düşdü, ürəyim ağzıma gəldi, ordunun ürəyi, ürək dənizdən dərindir, ürək öz dostunu tanıyar, ürək ki var, şüşədir, ürəyi istəmək, ürəkli, ürəksiz adam və s.

Bütün bunlar ürək sözünün məcazi, simvolik mənalarda işləndiyini göstərir. Yoxsa ki, tanımaq şüurla bağlı bir şeydir, ürək şüşə yox, ətdəndir, ürək hara, dənizin dərinliyi hara, ürək necə istəyə bilər axı? Ürəyin işi qan dövranını tənzimləməkdir. Ürək gəzmək, yemək istəyir, ürəyin gözü kormuş, ürək susdu, danışmadı, ürəyi barışmadı və sair idiomlar işlədildikdə kimsə deyə bilməz ki, qarşı tərəf orqanları qarışdırıb və ya onların funksiyalaırndan xəbəri yoxdur.

Qeyd olunan misalların sayını artırmaq da olar. Ürəyin görməsi, eşitməsi, dərk etməsi və sairəni ərəb dilinə Peyğəmbər gətirməyib, ərəb dilində bunlar işlənib.

Dilçilər ürək sözünün dildə bu cür müxtəlif mənalarda işlədilməsini onun həqiqi mənada ifadə etdiyi məzmunla əlaqələndirmişlər. Ürək bədənin bir üzvü kimi ən vacib və mərkəz orqan olduğu üçün dildə digər abstrakt fəaliyyətləri ifadə edən mərkəz orqanı da simvolizə edir. Dildə simvolika, məcaz, təşbeh, metafora və sair vasitələr dilin gözəlləşdirilməsinə, fikrin daha gözəl, bədii, estetik, dərin məntiqli ifadə edilməsinə xidmət edir.

Famil Burxanoğlu

313news.net

İstifadə edilmiş ədəbiyyat siyahısı

1. Fərahidi Xəlil ibn Əhməd, Əl-Eyn, c.5, səh.171

2. İbn Mənzur Məhəmməd ibn Mükərrəm, Lisanül-ərəb, c.1, səh.687; Əhməd ibn Məhəmməd, Əl-misbahul-munir, c.2, səh.512

3. Qaf surəsi, 37-ci ayə

4. İbn Mənzur Məhəmməd ibn Mükərrəm, Lisanül-ərəb, c.1, səh.687;  Zəbidi Məhəmməd Mürtəza, Tacül-ərus min cəvahiril-qamus, c.2, səh.336

5. Əhməd ibn Faris, Möcəmul-məqayisil-luğt, c.5, səh.17; İbn Əsir Cəzəri Mubarək ibn Məhəmməd, Ən-nihayətu fiğaribil-hədisi vəl-əsər, c.4, səh.96

6. Rağib İsfahani Huseyn ibn Məhəmməd, Mufrədatul-əlfəzil-Quran, səh.682

7. Mustafəvi Həsən, Ət-Təhqiq fi kəlimətil-Quranil-kərim, c.9, səh.304

8. Şüəra suəris, 89-cu ayə

9. Ali-İmran surəsi, 159-cu ayə

10. Həşr surəsi, 14-cü ayə

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!