“Lillah summə lit-tarix” kitabına cavab - Şeyx Əli Ali-Muhsin » Həzrət Əli (ə) öz şiələrinə "Ey kişilikdən nişanəsi olmayan namərdlər!" - demişdirmi?

Müəllif yazır: Əmirəl-möminin dedi: “Ey kişilikdən nişanəsi olmayan namərdlər! Ey ağlı uşaq və bəy otağına təzə girmiş qadın ağlı kimi olanlar! Ey kaş mən sizləri nə görə, nə də tanıyaydım. And olsun Allaha, sizi tanımağın nəticəsi peşmanlıq, qəm və qüssədir... Allah sizləri məhv etsin ki, mənim ürəyimi qan etdiniz, sinəmi qəzəblə doldurub-daşırdınız. Aldığım hər nəfəsdə mənə qəm və hüzn yedirtdiniz. Mənə itaətsizlik, etinasızlıq edərək tədbirimi pozub, puç etdiniz, bunun nəticəsində də Qüreyş “Əbu Talibin oğlu igiddir, ancaq müharibə aparmaq qaydasını bilmir” dedilər... Ancaq fərmanına itaət olunmayanın, hökmünə əməl edilməyinin əlacı yoxdur” (“Nəhcul-Bəlağə”, səh.70-71).

Onları qınayaraq deyir: “...sizdə (rəftarınızda olan) üç şeyə və (əsla sizdə olmayan) iki şeyə görə qəmə, kədərə batmışam. (Sizdə olan üç şeyin birincisi budur ki,) qulağınız olsa da karsınız, (ikincisi) danışsanız da lalsınız və (üçüncüsü) gözünüz olsa da korsunuz (qulağınız, diliniz və gözünüz olsa belə, haqqı eşitmir, demir və görmürsünüz. Ancaq sizdə olmayan iki şeyin birincisi budur ki,) müharibə vaxtı (döyüşə girərkən) doğruluqda və dönməzlikdə azad insanlar kimi deyilsiniz (qorxu və ümidsizlikdən özünüzü düşmən qarşısında qul və nökər kimi göstərirsiniz, doğruluğa və azadlığa dəliliniz yoxdur) və (ikincisi) bəlada, çətinliklərdə etimad oluna biləcək həqiqi qardaşlar deyilsiniz... qadın (doğum zamanı) qarnındakı uşaqdan uzaqlaşdığı kimi Əbu Talibin oğlundan uzaqlaşıb dağılışacaqsınız” (“Nəhcul-Bəlağə”, səh.142).

Onlara bu sözləri söyləməsinin səbəbi Əmirəl-möminini (r.a.) tək qoymaları və xəyanət etmələri idi. Onlara ünvanladığı bir çox başqa məzəmmətli sözləri də var.

 

Hüseyn əl-Musəvi, "Lillah sümmə lit-tarix", səh.14-15

Qeyd edək ki, bu sitatları bir çox sələfi (vəhhabi) kitablarında qeyd edirlər, o cümlədən milli sələfi (vəhhabi) elm tələbələrindən olan Abu Zeyd də özünün "Səqələeyn hədisinin şərhi" adlı batil cızma-qarasında bu sözləri şiə əleyhinə gətirmişdir.

Öz cızma-qarasının "Əhli-beyt imamlarının şiələr barədə dedikləri" bölməsində yazır:

Əli (radiyallahu anh) öz şiələri barədə demişdir: “Ey kişiyə oxşayıb kişi olmayanlar! Uşaq düşüncəli və qadın ağıllılar! Nə yaxşı olardı, mən sizi heç görməyəydim və tanımayaydım. Allaha and olsun ki, peşmançılıqdan, kədərdən yaxa qurtara bilmirəm. Allah sizi öldürsün! Qəlbimi irinlə doldurmusunuz, köksümü qeyzlə yükləmisiniz. Mənə sinə dolusu töhməti qurtum-qurtum uddurmusunuz. Mənim rəyimə mənə qarşı üsyan etməklə və məni arada qoyub qaçmaqla zay etmisiniz...” (“Nəhcul-Bəlağə” səh.70-71 Beyrut çapı).

Əli (radiyallahu anh) demişdir: “Sizin nə elə etibarınız var ki, adam sizə etibar etsin, nə də hörmətə layiqsiniz ki, qeyrətiniz çəkilsin. Siz nə yaman ara qızışdıransınız! Aman sizin əlinizdən! Sizə aşkar bir söz deyəndə də, sirr açanda da sizdən əziyyət gör-düm. Siz nə adamın səsinə səs verən səmimi dost deyilsiniz, nə də sirr açanda etibarlı qardaş” (“Nəhcul-Bəlağə” səh.183).

CAVAB:

Bu və buna bənzər məzəmmətedici sözlər Əmirəl-mömin (ə) tərəfindən onunla birlikdə Kufədə olanlara ünvanlanıb. Onlar Müaviyəyə qarşı müharibədə iştirak edənlərdir. Onların arasında müsəlmanların müxtəlif dəstələrindən insanlar vardı. Əksəriyyəti avam camaat idi. Onlar nə xoş bir keçmişə, nə də İslamda hansısa bir məqama sahib idilər.

Müəllifin İmamla (s) birlikdə hər üç müharibədə iştirak edənlərin məhz şiələri olduğu təsəvvürünü oxucuda yaratmaq istəyinin ziddinə olaraq, o, həmin vaxt xüsusi olaraq öz şiələrinə və ardıcıllarına xitab etmirdi ki, bu məzəmmətli sözlər də onlara şamil olsun.

Əgər müəllifin dediklərini qəbul etsək, o zaman əhli-sünnə danlanmağa şiələrdən daha layiq olacaq. Çünki, əgər biz İmamın (ə) xüsusilə Müaviyə ilə döyüşməkdən boyun qaçıran Kufədəki şiələrinə xitab etdiyini fərz eləsək, burada sual yaranacaq:

Əgər əhli-sünnədən olan müsəlmanlar Müaviyə ilə müharibə zamanı Əmirəl-möminin Əli (ə) ilə birlikdə deyildilərsə, o zaman harada idilər?

Onların vəziyyəti bu üç ehtimaldan biridir:

- ya onlar Əmirəl-möminin Əli (ə) ilə birlikdə Kufədə idilər; bu zaman İmamın (ə) söylədiyi danlaq və məzəmmətli sözlər digərləri kimi onlara da şamil olacaq.

- ya onlar Müaviyənin ordusunda və zalım dəstənin sırasında idilər; bu vaxt isə onların halı danlanan şəxslərdən daha pis olacaq.

- ya da həm İmam Əlini (ə), həm də Müaviyəni tərk etmişdilər; belə olduqda isə onlar İmamla (ə) hər üç savaşda iştirak etmiş və bir çox bəlalara (çətinliklərə) sinə gərmiş şəxslərdən danlanmağa daha layiqdilər. Halbuki İmamın (ə) danladığı şəxsləri uzun müddət davam edən savaşlar yormuş, üzüntü və zəiflik əldən salmışdı.

Nəticə budur ki, əgər əhli-sünnə ardıcılları həmin vaxt istər Əmirəl-möminin Əlini (ə), istər Müaviyənin ordusunda, istərsə də hər iki tərəfi tərk etmiş olsalar, hər bir halda bu danlaq və məzəmmətli sözlər onlara da şamil olacaq. Burada vəziyyəti ən yaxşı olan kəslər, İmama (ə) yardım etməkdə qüsura yol vermiş olsalar belə, onunla birlikdə müharibələrdə iştirak edənlərdir.

Şeyx Əli Ali-Muhsin

313news.net

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!