“Lillah summə lit-tarix” kitabına cavab - Şeyx Əli Ali-Muhsin » Abdulla ibn Səba haqqında şübhələrə cavab (4-cü hissə)

Hüseyn əl-Musəvi yazır:

“Demək Abdullah ibn Səbanın şəxsiyyət həqiqətdir, bundan bixəbərlik və ya bunu inkar etmək mümkün deyildir. Ona görə də onun varlığına dair mötəbər mənbələrimizdə və kitablarımızda hədis və rəvayətlər yer alıb”.

 

Hüseyn əl-Musəvi, "Lillah sümmə lit-tarix", səh.13

CAVAB:

Əvvəldə də qeyd etdiyimiz kimi, biz Abdullah ibn Səba adlı şəxsin həqiqətən mövcud olduğunu inkar etmirik. Lakin onun barəsində uydurulmuş sözlər, onun yəhudi olması, şəhərbəşəhər gəzərək müsəlmanları Osmana qarşı üsyana qaldırması, Əmirəl-möminin Əlinin (ə) canişinlik, hamıdan üstünlüyü və Dəbbətul-ərz olması, öldükdən sonra yenidən dünyaya qayıdacağı məsələsini ilk dəfə ortaya atması və Seyf ibn Ömər ət-Təmiminin rəvayətlərində qeyd etdiyi fikirlər Seyfdən savayı heç kəsdən rəvayət olunmayıb. Həmin rəvayətlərin heç biri səhih deyildir və onları təsdiqləmək də mümkünsüzdür.

Bütün bunları “Abdullah ibn Səba” adlı kitabımızda müfəssəl izah etmiş və isbatlamışıq. Diləyən şəxslər oraya müraciət edə bilərlər.

* * *

Müəllif yazır:

“Bu şəxsi daha artıq tanımaq üçün aşağıdakı mənbələrə nəzər sala bilərsiniz: “əl-Ğarat”, əs-Səqəfi; “Rical”, Tusi; “Qamusur-rical”, Tustəri, “Dairətul-məarif”, əl-Hairi; “əl-Kuna vəl-əlqab”, Abbas Qummi; “Həllul-işkal”, Əhməd ibn Tavus (vəfatı h.673); “Rical”, İbn Davud; “ət-Təhrir”, Tavusi (!); “Məcməur-rical”, Qəhbai; “Nəqdur-rical”, ət-Təfrişi; “Camiur-ruvah”, “əl-Müqəddəsi (!) Ərdəbili; “Mənaqibu Ali Əbu Talib”, İbn Şəhr Aşub; “Mir`atul-ənvar”, Muhəmməd ibn Tahir əl-Amuli. Bunlar son deyil, yalnız nümunə olaraq göstərilmişdir. Bizim iyirmidən artıq mənbəmizdə Abdullah ibn Səbanın həqiqətən mövcud olduğunu bildirən dəlillər vardır. Mürtəza Əskəri, Seyid (!) Muhəmməd Cavad Muğniyə və digər fəqihlərimizin (!) bu şəxsin mövcudluğunu inkar etmələri olduqca təəccüblüdür. Onların sözlərinin doğru olmadığı şübhəsizdir”.

 

Hüseyn əl-Musəvi, "Lillah sümmə lit-tarix", səh.13

CAVAB:

Müəllif bütün bu mənbələri mətn və məzmun etibarı ilə yalnız bir kitabdan - əl-Kəşşinin “Rical”ından nəql edib. Həqiqətdə bu, yalnız bir mənbədir. Ancaq müəllif bununla Abdullah ibn Səbanın varlığını isbat etmək üçün oxucuda çoxsaylı mənbələrin mövcudluğu təəssüratını yaratmaq istəmişdir.

Məsələnin maraqlı cəhətlərindən biri müəllifin “Camiur-ruvah” kitabını əl-Müqəddəsi Ərdəbilyə nisbət verməsidir. Halbuki həmin kitabın müəllifi Muhəmməd ibn Əli Ərdəbili əl-Hairidir. Həmçinin mənbələr arasında “ət-Təhrir” kitabının adını da sadalayır və Tavusini kitabın müəllifi olduğunu zənn edərək ona nisbət verir. Halbuki kitabın adı “ət-Təhrirut-Tavusi”dir və müəllifi “Məalimud-din” kitabının sahibi Şeyx Həsən ibn Şəhidis-Sanidir.

Müəllif oxucudan Seyid Əhməd ibn Tavusun “Həllul-işkal” kitabına nəzər salmasını istəyir. Ancaq hal budur ki, hər bir elm əhli həmin kitabın mövcud olmadığını və ondan heç bir şeyin əlimizə gəlib çatmadığını gözəl bilir.

Bütün bunlarla bərabər, qeyd etdiyi mənbələr Abdullah ibn Səbanın Əmirəl-möminin Əli (ə) barəsində ilahlıq iddiası etdiyinə görə həmfikirləri ilə birlikdə elə Əmirəl-möminin (ə) tərəfindən yandırıldığını bildirir. Ancaq müəllifin işarə etdiyi İbn Səbanın digər hərəkətləri barədə həmin iyirmidən artıq mənbədə heç bir söz deyilməyib. Buna əmin olmaq istəyən şəxslər həmin mənbələrə müraciət edə bilərlər.

Seyid Mürtəza Əskərinin və Şeyx Muhəmməd Cavad Muğniyənin Abdullah ibn Səba adlı şəxsin olmadığına dair qənaətlərinə gəldikdə, biz razılaşmasaq da, bu, onların rəyidir və əhli-sünnədən olan bəzi təhqiqatçılar da onlarla həmfikirdirlər.

Buradan da aydın olur ki, müəllifin şiə fəqihlərinin Abdullah ibn Səba adlı şəxsin mövcudluğunu inkar etmələri iddiası həqiqətdən çox uzaqdır.

Hər bir halda, istər Abdullah ibn Səbanın mövcudluğu isbatlansın, istər də inkar olunsun, onun varlığının şiə məzhəbi ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Şiələr ondan uzaq olduqlarını bildirmiş və onu lənətləmişlər, şiə kitablarında ondan nəql olunan bir rəvayətə və ya onun tərəfindən söylənmiş sözə rast gəlinmir.

Seyf ibn Ömərin şiə etiqadlarından ona nisbət verdiyi, məsələn Əmirəl-möminin Əlinin (ə) Peyğəmbərin (s) canişini, Dəbbətul-ərz olması, yenidən dünyaya qayıdacağı və ərəbləri öz çomağı ilə idarə edəcəyi və s. bu kimi  fikirlərə gəldikdə, bütün bunların hamısı Abdullah ibn Səbanın adından uydurulub. Belə fikirlər Seyf ibn Ömərdən savayı heç bir ravi tərəfindən nəql edilməyib. Qeyd edilənlər isə əhli-sünnənin öz kitabları ilə də sübuta yetir. Daha artıq məlumat əldə etmək istəyənlər bizim “Abdullah ibn Səba” adlı kitabımıza müraciət də bilərlər. Biz həmin kitabda mövzunu bütünlüklə əhatə etməyə çalışmışıq.

Şeyx Əli Ali-Muhsin

313news.net

 

Abdulla ibn Səba haqqında şübhələrə cavab (1-ci hissə)

Abdulla ibn Səba haqqında şübhələrə cavab (2-ci hissə)

Abdulla ibn Səba haqqında şübhələrə cavab (3-cü hissə)

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!