“Lillah summə lit-tarix” kitabına cavab - Şeyx Əli Ali-Muhsin » Abdulla ibn Səba haqqında şübhələrə cavab (2-ci hissə)

Hüseyn əl-Musəvi yazır:

“Abdullah ibn Səba bir çox şiənin əhli-sünnəni tənqid etməsinin səbəblərindən biridir. Şübhə yoxdur ki, əhli-sünnədən İbn Səba haqqında söz açanlar olduqca çoxdur. Lakin şiələr onlarla ixtilaflarına görə, buna əsla əhəmiyyət vermirlər”.

 

Hüseyn əl-Musəvi, "Lillah sümmə lit-tarix", səh.10

CAVAB:

Abdullah ibn Səba şiə məzhəbilə əlaqəli bir şəxs deyildir, şiələrin nəzərində heç bir dəyəri yoxdur və müəllifin iddia etdiyi kimi, bir çox şiənin əhli-sünnəni tənqid etməsinə səbəblərdən sayılmır. Nəinki, məsələ tamamilə əksinədir. Əhli-sünnə öz zehinlərində becərdikləri düşüncələrə əsaslanıb şiələri tənqid edir və məzhəblərinin yəhudi əsilli Abdullah ibn Səbaya söykənməsini onlara töhmət vurur, İslam və müsəlmanlara nifrət bəsləyən bir yəhudinin fırıldağına boyun əydiklərinə görə şiələrə qarşı qəzəb duyurlar.

“Əhli-sünnədən bir çoxlarının Abdullah ibn Səba haqqında söz açdıqları, ancaq zidd çıxmaq məqsədilə şiələrin onların sözlərinə əhəmiyyət vermədikləri” iddiasına gəldikdə, bu qəbuledilməzdir. Belə ki, haqq əsla çoxluqla ölçülə bilməz. Haqqın meyarı yalnız dəlilin doğruluğu və tam isbatıdır. Əhli-sünnədən Abdullah ibn Səba barədə ən çox bəhs edənlər məhz şiə məzhəbilə onun arasındakı möhkəm əlaqəni isbatlamaq üçün axtarış aparanlardır. Öz hədəflərinə çatmaq üçün bu uydurma və yalan məlumatlara etimad etmiş, düzgün elmi təhqiq və tədqiq yolunu tutmamışlar.

* * *

Müəllif yazır:

“Halbuki əgər biz mötəbər kitablarımızı oxuduqda alimlərimizin və ya onlardan bir hissəsinin inkar etmələrinə rəğmən, Abdullah ibn Səbanın uydurma deyil, şəxsiyyətinin həqiqət olduğunu görəcəyik”.

 

Hüseyn əl-Musəvi, "Lillah sümmə lit-tarix", səh.10

CAVAB:

Biz əvvəldə qeyd etdik: Şiə alimləri arasında icma olmasa da, məşhur olan rəy Abdullah ibn Səba adlı bir şəxsin həqiqətən mövcud olmasıdır. Böyük və tanınmış alimlər onun varlığını inkar etməmişlər. Onların yazdıqları kitablar söylədiklərimizin ən yaxşı şahidləridir.

Buna əsasən, bundan sonra bütün deyiləcəklər aşkar uydurmanın və ağır yalanların üzərində qurulmuş olacaq. Bu isə şiə alimləri tərəfindən Abdullah ibn Səbanın bir şəxs olaraq varlığının inkarı ilə bağlı müəllifin ortaya atdığı iddialarıdır. Halbuki qeyd etdiyimiz kimi, bu əsla doğru deyildir.

* * *

Müəllif yazır:

“Sizə bunun açıqlamasını təqdim edirəm:

1. Əbu Cəfərdən (r.a) rəvayət olunur: “Abdullah ibn Səba peyğəmbərlik iddiası edir, Əmirəl-möminin Əlinin isə Allah olduğunu (Allah bu iddiadan ucadır) düşünürdü. Bu xəbər İmam Əliyə (r.a) yetişdikdə onu çağırıb iddiaları ilə bağlı sual verdi. O da iddialarını təsdiqləyərək dedi: “Bəli, sən Allahsan. Qəlbimə düşüb ki, sən Allah, mən isə peyğəmbərəm”. İmam (r.a) ona dedi: “Vay olsun sənə! Şeytan belə sənə gülür. Anan matəmində ağlasın, bundan əl çək və tövbə et”. Bundan imtina etdikdə onu bir müddət həbsə atdı. Lakin yenə də tövbə etmədi. Sonda onu odda yandırdı”. Buyurdu: “Onu Şeytan şövqləndirmiş və qəlbinə belə düşüncələr atmışdı”.

 

Hüseyn əl-Musəvi, "Lillah sümmə lit-tarix", səh.10

CAVAB:

“Bu rəvayətin sənədi ravi Muhəmməd ibn Osman əl-Əbdi və Abdullah ibn Sinanın atası Sinan səbəbilə zəifdir. Heç bir rical kitabında onların inanılan (siqə) şəxs olduqları isbat edilməyib.

Buna əsasən, rəvayət etibarsızdır, onu sübut olaraq təqdim etmək və ya etimad göstərmək doğru deyil.

* * *

Müəllif yazır:

“Əbu Abdullahın belə dediyi nəql olunur: “Allah Abdullah ibn Səbaya lənət eləsin! O, Əmirəl-mömininin (r.a) rəbb olduğunu iddia edirdi. Halbuki, Allaha and olsun, Əmirəl-möminin (r.a.) Allahın itaətkar bəndəsi idi. Bizə yalan nisbət verənlərə vay olsun! Bəziləri haqqımızda bizim özümüz barədə söyləmədiyimiz sözləri danışırlar. Onların sözlərindən Allaha sığınırıq! Onların sözlərindən Allaha sığınırıq!” (“Mə`rifətu əxbarir-rical”, əl-Kəşşi, səh.71-75). Orada (bununla bağlı) digər rəvayətlər də vardır”.

 

Hüseyn əl-Musəvi, "Lillah sümmə lit-tarix", səh.10

CAVAB:

Bu rəvayətin sənədi səhihdir və Abdullah ibn Səbanın həqiqətən mövcud olduğunu isbatlayan üç rəvayətdən biridir. O, Əmirəl-möminin (ə) barədə ilahlıq iddiası etmiş və sonda İmam Əli (ə) onu odda yandırmışdır.

Lakin hər iki firqənin kitablarında Abdullah ibn Səbanın Osmanın zamanında baş qaldırmış üsyanlarda hər hansı bir rolunun olduğuna dəlalət edən heç bir mötəbər xəbər və ya rəvayət yoxdur. Belə ki, iddialara görə guya o, şəhər-şəhər dolaşaraq camaatı Osmana qarşı üsyana təhrik etmişdir, özü qaradərili yəhudi idi, Osmanın xilafəti dövründə müsəlman olmuş, Əmirəl-möminin Əlinin (ə) Peyğəmbərin (s) canişini (vəsisi), hamıdan üstün, xilafətə ən layiqli şəxs və həmçinin Dəbbətul-ərz olması, rəc`ətin baş verəcəyi və s. ona nisbət verilən əqidələr barədə fikirlər səsləndirmişdir. Bütün bunlarla bağlı rəvayətlər yalnız bir kəsdən – yalançı və saxtakar Seyf ibn Ömər ət-Təmimidən nəql edilmişdir. Təbəri və digər tarixçilər də öz kitablarında bu barədə xəbərləri məhz ondan rəvayət etmişlər.

Əhli-sünnə kitablarındakı mötəbər xəbər və rəvayətlər isə yalnız və yalnız Abdullah ibn Səbanın yalançı olduğunu isbatlayır.

Şiə kitabları, xüsusilə də əl-Kəşşinin “Ricalul-Kəşşi” kimi tanınan “İxtiyaru mə`rifətir-rical” kitabı da onun yalançı olduğuna, Əmirəl-möminin Əli (ə) haqda ilahlıq iddiası etdiyinə dair söylədiklərimizi təsdiqləyir. İmam Əli (ə) ondan tövbə etməsini istəmiş, tövbə etməkdən boyun qaçırdıqda isə onunla həmfikir olan bir dəstə insanla birlikdə odda yandırmışdır. Kitablarımızdakı rəvayətlər bundan nə artıq və nə də əskik söz demir.

Abdullah ibn Səbanın səhabələrin düşüncələrinə təsir etməyi bacaran, camaatı Osmana qarşı üsyana təhrik edən, Əmirəl-möminin Əli (ə) haqda həddi aşan sözlər söyləyərək bunları müsəlmanların arasında yayan, qısa müddət ərzində İslam dövlətini lərzəyə gətirib xilafəti devirən əfsanəvi bir şəxsiyyət olması haqda deyilənlərə gəldikdə, bunların hamısı Seyf ibn Ömərin uydurmalarıdır ki, “Fitnə və Cəməl müharibəsi” kitabında qeyd edilib və bu barədə ondan savayı heç kimdən rəvayət nəql olunmayıb.

* * *

Müəllif yazır:

“2. Maməqani deyir: “Abdullah ibn Səba mürtəd olaraq küfrə qayıtmış və həddi aşan sözlər söyləmişdi”. Deyir: “Həddi aşan fikirlər söyləyən lənətlənmiş kəsdir. Əmirəl-möminin onu odda yandırmışdır. O, Əlinin ilah, özünün isə peyğəmbər olduğunu iddia edirdi” (“Tənqihul-məqal fi ilmir-rical”, 2/183,184)”.

 

Hüseyn əl-Musəvi, "Lillah sümmə lit-tarix", səh.10

CAVAB:

Maməqaninin (q.s) öz kitabında qeyd etdiyi kimi (2/182), bu iki cümlə ona məxsus deyildir. Belə ki, o, birinci cümləni Şeyx Tusiyə (q.s.), ikincini isə “əl-Xülasə” kitabından Əllamə Hilliyə (r.ə) nisbət vermişdir. Bunu ona görə qeyd edirik ki, müəllifin düzgün anladığına etimad bəsləməyin doğru olmadığından və nəql etdiyi sözlərdə etibarsızlığından möhtərəm oxucu xəbərdar olsun.

Şeyx Tusi ilə Əllamə Hillinin sözləri isə müəllifin də yuxarıda əl-Kəşşidən nəql etdiyi rəvayətlərin ifadə etdikləri mənalara dair fikirləridir.

* * *

Müəllif yazır:

“3. Novbəxti deyir: “Səbaçılar Əlinin imam olduğunu, bunun Allah tərəfindən vacib buyurulduğunu söyləyirdilər. Bu şəxslər Abdullah ibn Səbanın yoldaşları idilər. Onlar Əbu Bəkrə, Ömərə, Osmana və səhabələrə qarşı aşkar şəkildə ittiham və tənqidlər səsləndirir və onlardan uzaq olduqlarını bildirir, bunları söyləməyi Əlinin (r.a) əmr etdiyini deyirdilər. Əli onu yaxalayıb bu sözləri barədə sorğu-sual etdikdə isə o, sözlərini bir daha təsdiqlədi. Bu zaman Əli onun öldürülməsini əmr etdi. Lakin camaat qışqıraraq: “Ya Əmirəl-möminin, camaatı siz Əhli-Beyti sevməyə, vilayətini qəbul etməyə və düşmənlərindən uzaqlaşmağa dəvət edən bir şəxsimi öldürəcəksən?” – dedilər. Nəticədə Əli onu Mədainə sürgün etdi.

Elm əhlindən (Əmirəl-mömininin (ə.s) əshabından)1 olan bir dəstə şəxs Abdullah ibn Səbanın yəhudi olduğunu, sonradan İslamı qəbul etdiyini və Əmirəl-möminin Əlinin vilayətini tanıdığını hekayə edir. O, yəhudi olarkən də Musa peyğəmbərdən (ə) sonra Yuşa ibn Nunun onun canişini (vəlisi) olduğunu deyirdi. Müsəlman olduqdan sonra isə Əli ibn Əbu Talib haqda da eyni fikirləri söylədi. O, Əlinin (r.a) imamətinin iqrarı və onun düşmənlərindən uzaqlaşmağın vacibliyi barədə açıq-aşkar fikirlər səsləndirən ilk şəxsdir... Buna əsasən, şiəyə müxalif şəxslər rafiziliyin2 öz əsasını yəhudilikdən götürdüyünü söyləyirlər” (“Firəquş-şiə”, səh.32-44)”.

_______________________

1 Mötərizədəki sözlər mətinin nəql edildiyi mənbədə - “Firəquş-şiə” kitabında (səh.22) qeyd edilib.

2 Şiələrə müxalifləri tərəfindən qoyulan addır, Əbu Bəkr, Ömər və Osmanın xəlifəliklərini inkar etdikləri üçün belə adlandırılıblar.

 

Hüseyn əl-Musəvi, "Lillah sümmə lit-tarix", səh.10-11

CAVAB:

Novbəxti (r.ə) “Firəquş-şiə” kitabındakı mətnləri naməlum mənbələrdən götürmüş və nəql etdiyi sözlərin heç birinin sənədini və istinad mənbəyini qeyd etməmişdir. Aydındır ki, o, bu sözlərini birbaşa Seyf ibn Ömər ət-Təmiminin kitabından, yaxud Seyfdən və ya onun kitabından rəvayət edən şəxslərdən nəql edib. Çünki, əvvəldə də qeyd etdiyimiz kimi, bu məzmunda fikirləri ondan başqası rəvayət etməyib.

“Elm əhli” ünvanı ilə hekayə edilən fikirlərə gəldikdə isə həmin “elm əhli”nin kimlərdən ibarət olduğu bilinmədiyi üçün ona etimad bəsləmək olmaz. Novbəxtinin onları “Əmirəl-mömininin (ə) əshabı” deyə vəsf etməsinə baxmayaraq müəllif əmanətə xəyanət edərək bu sözləri mətndən pozmuş və oxucuda bu sözlərin qədim şiə alimlərinə mənsub olduğu təəssüratını yaratmağa çalışmışdır.

Buna əsasən, nəyisə isbatlamaq üçün müəllifin Novbəxtidən nəql etdiyi sözləri dəlil kimi qəbul etmək olmaz. Çünki Novbəxti onları məlum bir mənbədən nəql etməmişdir, şiə və əhli-sünnə qaynaqlarında oradakı məzmuna dəlalət edən bir səhih hədis də yoxdur.

* * *

Müəllif yazır:

“4. Səd ibn Abdullah əl-Əşəri əl-Qummi səbaçılıq barədə sözlərini belə qeyd edir: “Səbaçılar Abdullah ibn Səbanın yoldaşlarıdır. O, Abdullah ibn Vəhəb ər-Rasibi əl-Həmədanidir. Bu məsələdə onu Abdullah ibn Xərəsi, İbn Əsvəd dəstəkləmişdir. Onların ikisi də onun ən yaxın və ən üstün yoldaşlarıdır. O (Abdullah ibn Səba – Tərc.), Əbu Bəkr, Ömər, Osman və səhabəni açıq-aşkar tənqid və ittiham edən, onlardan uzaq olduğunu söyləyən ilk şəxsdir (“əl-Məqalatu vəl-firəq”, səh.20)”.

 

Hüseyn əl-Musəvi, "Lillah sümmə lit-tarix", səh.11

CAVAB:

Səd ibn Abdullah əl-Əş`ərinin kitabının vəziyyəti eynilə Novbəxtinin “Firəquş-şiə” kitabı kimidir. Belə ki, onların hər ikisi (q.s) öz kitablarının mətnlərini naməlum mənbələrdən nəql etmiş və heç bir səhih mənbə qeyd etməmişlər.

Bundan əlavə, əl-Əş`ərinin “əl-Məqalatu vəl-firəq” kitabında Abdullah ibn Səba haqqındakı sözləri öz-özlüyündə batil və puçdur. Belə ki, Abdullah ibn Vəhəb ər-Rasibi əl-Həmədani Xəvariclərin Nəhrivanda qətlə yetirilmiş başçısıdır. Ancaq Abdullah ibn Səba isə Əmirəl-möminin Əli (ə) haqqında həddi aşan sözlər söyləmiş və səhih rəyə əsasən, Əmirəl-möminin də (ə) onu Kufədə odda yandırmış, bəzi rəvayətlərə görə də, Mədainə sürgün etdiyi şəxsdir. Bunlar iki fərqli insandır. Onların xüsusiyyətləri də bir-birlərindən fərqlənir. “Biz “Abdullah ibn Səba” adlı kitabımızda Abdullah ibn Vəhəbin Abdullah ibn Səba olmadığını ayrıca bir fəsildə qeyd etmişik. Daha dolğun məlumat əldə etmək istəyənlər həmin kitaba müraciət edə bilərlər.

* * *

Müəllif yazır:

“5. Səduq deyir: “İmam Əli (r.a) buyurub: “Namazınızı qurtardıqda əllərinizi səmaya qaldırın və dua edin”. İbn Səba dedi: “Ey Əmirəl-möminin, məgər Uca Allah hər yerdə deyil?” O, “Bəli” deyə cavab verdi. İbn Səba sözünə davam edərək soruşdu: “Bəs nə üçün əllərimizi səmaya doğru qaldıraq?” Buyurdu: “Məgər Quranda “Göydə də ruziniz və vəd olunduğunuz şey vardır!” (“əz-Zariyat” surəsi, ayə 22) buyurulduğunu oxumamışsan? Ruzi öz mənbəyindən savayı haradan istənilər?! Ruzinin və Allahın vəd etdiklərinin mənbəyi səmadır (“Mən la yəhzuruhul-fəqih”, 1/229)”.

Qeyd: Bu sitat bizim əlimizdəki kitabda yox idi. Ola bilsin sonrakı nəşrlərdə əlavə edilib. Amma məşhur "shamela" saytında yerləşdirilmiş onlayn nüsxədə mövcuddur. Səhifə 11-də. Ünvan: http://shamela.ws/browse.php/book-3952#page-10

CAVAB:

Bu rəvayətin sənədi ravisi Hüseyn ibn Raşid səbəbilə zəifdir. Onun inanılan şəxs olması tərcümeyi-hal (rical) kitablarında isbatlanmayıb. əl-Bərqi onun barəsində yazır: “O, Abbas oğullarının dostudur, Mehdi, Musa, Harun və Bağdadinin vəziri olmuşdur”. İbn Ğəzairi deyir: “Rəvayətlərində zəif şəxsdir”. (Bax: “Mö`cəmu ricalil-hədis”, 4/223.)

Həmçinin ehtimal olunur ki, rəvayətdəki Abdullah ibn Səbadan məqsəd Abdullah ibn Vəhəb ər-Rasibidir. Belə ki, o da Səba qəbiləsindəndir və İbn Səba deyə çağırılırdı.

Əgər rəvayətdəki şəxsin Abdullah ibn Səba olduğunu fərz etsək belə, rəvayət yalnız onun Əmirəl-möminin Əli (ə) ilə eyni dövrdə yaşadığını isbatlayacaq. Lakin biz də Abdullah ibn Səba adlı bir şəxsin Əmirəl-mömininlə (ə) eyni dövrdə yaşadığını inkar etmirik. Bunu əvvəldə də vurğulamışıq.

* * *

Müəllif yazır:

“6. İbn Əbul-Hədid yazır ki, Əli xütbə söyləyərkən Abdullah ibn Səba ayağa qalxıb ona “Sənsən, sənsən!” dedi və bunu dəfələrlə təkrarladı. Əli ona dedi: “Vay olsun sənə, mən kiməm?” O dedi: “Sən Allahsan!” (Əli) onun və onunla eyni fikirdə olanların yaxalanmasını əmr etdi” (“Nəhcul-Bəlağənin şərhi”, 5/5).

7. Seyid Nemətullah əl-Cəzairi deyir: “Abdullah ibn Səba Əliyə (ə) dedi: “Sən həqiqətən, o ilahsan!” Əli (ə) onu Mədainə sürgün etdi. Onun yəhudi olduğu, sonradan İslamı qəbul etdiyi deyilib. O, yəhudi olarkən Musa (ə) və Yuşa ibn Nun haqqında da Əli barədə söylədiklərini deyirdi” (“Ənvarun-Numaniyyə”, 2/234)”.

 

Hüseyn əl-Musəvi, "Lillah sümmə lit-tarix", səh.11-12

CAVAB:

İbn Əbul-Hədiddən nəql etdikləri əl-Kəşşinin öz “Rical”ında qeyd etdiyi bəzi rəvayətlərə uyğundur, Abdullah ibn Səbanın Əmirəl-möminin Əli (ə) barədə həddi aşan sözlər söylədiyinə, onun ilah olduğunu iddia etdiyinə və sonda İmamın (ə) onu odda yandırdığına dəlalət edir.

Ancaq Seyid Nemətullah əl-Cəzairidən nəql etdiyi sözlər: onun yəhudi olması, sonradan İslamı qəbul etməsi, hələ yəhudi olarkən Musa (ə) və Yuşa ibn Nun haqqında söylədiklərini müsəlman olduqdan sonra Əli (ə) barədə söyləməsi və s. onun barəsində uydurulmuş əfsanələrdir. Əvvəldə də qeyd etdiyimiz kimi, bunların heç biri səhih bir dəlillə təsdiqlənməyib, saxtakar Seyf ibn Ömərin uydurmalarıdır. Seyid Nemətullah əl-Cəzairi (q.s) burada öz rəyini söyləmir, əksinə zəifliyinə işarə edərək mövzu ilə əlaqədar fərqli fikirləri nəql edir.

* * *

Müəllif yazır:

“Bunlar yalnız mötəbər və fərqli yeddi mətndir ki, bəzisi “Rical”dan, bəzisi “Mən la yəhzuruhul fəqih”dən və bəzisi də “Firəquş-şiə” kitablarındandır. Abdullah ibn Səbanın bir şəxs olaraq mövcudluğunu isbatlayan bir çox dəlilləri isə mövzunu uzatmamaq üçün nəql etmirik.

Bunlardan sonra Abdullah ibn Səbanın varlığını inkar etməmiz mümkün deyildir. Xüsusilə də Əmirəl-mömininin (r.a) onu ilah hesab etdiyinə görə İbn Səbanı cəzalandırması onun şəxsən Abdullah ibn Səba ilə görüşdüyünə dəlalət edir. İsbat üçün Əmirəl-möminin (r.a) dəlil olaraq kifayətdir. Bundan sonra onun inkar etmək də mümkünsüzdür”.

 

Hüseyn əl-Musəvi, "Lillah sümmə lit-tarix", səh.12

CAVAB:

Müəlliflərinin böyük ehtiramına rəğmən, “Ənvarun-Numaniyyə”, “Firəquş-şiə” və “əl-Məqalatu vəl-firəq” kitabları heç də şiələrin mötəbər mənbələrindən sayılmırlar. Çünki bunlar müəlliflərinin fərdi fikirlərindən ibarət olan kitablardır və orada olanların hamısı səhih deyildir. Əksinə, orada batilliyi məlum olan bəzi mətləblər mövcuddur.

İbn Əbul-Hədidin “Nəhcul-Bəlağənin şərhi” kitabına gəldikdə, bu kitab mötəbər şiə mənbəyi olması bir kənara dursun, ümumiyyətlə şiə kitabı deyildir. Çünki İbn Əbul-Hədid xalis Mötəzili olub, yalnız bəzi əhli-sünnə mənsubları şiələrin onun fikirlərini nəql etdiklərini və sözlərini dəlil gətirdiklərini görüb şiə olduğu təəssüratını yaratmağa çalışmışlar.

Ancaq əl-Kəşşinin “Rical” və Şeyx Səduqun “Mən la yəhzuruhul-fəqih” kitabları mötəbər şiə mənbələri sayılsalar da, şiə alimləri orada yazılmış bütün hədislərin səhih olduğu qənaətində deyillər, onların bəzisinin zəif və ya batil hökmündə olduğunu bildirirlər.

Buradan görünür ki, müəllif şiə mənbələri ilə digərləri və mötəbərlə qeyri-mötəbər mənbələr arasında seçim etmək qüdrətinə sahib deyil. Bu isə onun fəqihlik və ictihad iddiasının puçluğuna dəlil olaraq yetərlidir.

Ardı var...

Şeyx Əli Ali-Muhsin

313news.net

 

Abdulla ibn Səba haqqında şübhələrə cavab (1-ci hissə)

Abdulla ibn Səba haqqında şübhələrə cavab (3-cü hissə)

Abdulla ibn Səba haqqında şübhələrə cavab (4-cü hissə)

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!