“Lillah summə lit-tarix” kitabına cavab - Şeyx Əli Ali-Muhsin » "Allah, sonra da tarix naminə" kitabının müqəddiməsinin tənqidi (3-cü hissə)

Hüseyn əl-Musəvi yazır:

“Bundan sonra həmin mövzu haqda ciddi düşünməyə başladım. Belə ki, biz Əhli-Beyt məzhəbini öyrənirik, lakin öyrəndiklərimiz arasında Əhli-Beyti (ə) təhqir edən məsələlərlə qarşılaşırıq; Allaha ibadət etmək üçün şəriət öyrənirik, ancaq oradakı mətnlərdə Uca Allaha qarşı açıq-aydın küfrlər yer alıb.

Ey Rəbbim, bu öyrəndiklərimiz nədir?! Bunun həqiqi Əhli-Beyt məzhəbi olması mümkündürmü?!

Bütün bunlar insanın şəxsində haçalanma yaradır. Belə ki, Allaha küfr edərək Ona necə ibadət etmək olar?! Peyğəmbərə (s) tənə vurub məzəmmət etdiyimiz halda, onun addımlarının izi ilə necə gedə bilərik?!

Əhli-Beyti söyüb danladıqları halda necə onların ardıcılı olmaq, onları sevmək və getdikləri yolu öyrənmək mümkündür?!

Ey Rəbbim, mənə mərhəmət və lütf göstər! Əgər rəhmətini mənə şamil etməsən, mütləq yolunu azanlardan və ziyana uğrayanlardan olaram!”

 

Hüseyn əl-Musəvi, "Lillah sümmə lit-tarix", səh.5

Cavab:

Müəllif şiə kitablarından olduğunu güman elədiyi, Allaha küfr hesab etdiyi, yaxud Peyğəmbərə (s) və ya Əhli-Beytinə (ə) tənə saydığı hər bir mətni bu kitaba doldurub. Möhtərəm oxucu onun bütün bu gümanlarının xəyal və ilğımdan ibarət olduğunu, inşallah, görəcək. Allaha həmd olsun ki, Onun neməti sayəsində şiə kitablarında bu qəbildən bir dənə də olsun səhih mətn yoxdur.

Biz əvvəldə hövzələrin tədris proqramlarını izah etdik və dedik: həmin tədris kitabları iddia edilən belə mətnlərdən xalidir. Bu sözümüzü unutmayın.

* * *

Müəllif yazır:

“Öz-özümə belə sual verirdim: Bu ağaların, imamların və öndə gedən görkəmli alimlərin mövqeləri nədən ibarətdir? Onlar bu suallar haqda nə deyirlər? Onlar da mənim gördüklərimi görür, mənim oxuduqlarımı oxuyurlarmı?

Bəli, əlbəttə! Bunların bir çoxu onların müəllifləri olduqları və qələmə aldıqları kitablardadır. Bu mənim qəlbimi yandırır, onun ağrı və təəssüfünü artırırdı”.

 

Hüseyn əl-Musəvi, "Lillah sümmə lit-tarix", səh.5-6

Cavab:

Şiə kitablarında yazılanlarla bağlı şiə alimlərinin mövqeyi hamıya məlumdur. Tələbənin bunlardan xəbərdar olması üçün çaşqınlığa düşəcəyi əsla düşünülə bilməz. Ələlxüsus, şiə alimlərinin kitabları da onun qarşısındadır. Həmçinin hövzənin böyük ustadlarından onu maraqlandıran hər bir şeyi soruşması da mümkündür.

Belə iddialara yalnız elmdən nəsibləri olmayan xalis cahillər düçar olarlar ki, onları şübhəyə salmaq üçün belə fikirlər təlqin edilər.

Müəllifin bu şübhələrinin hövzədə oxuduğu müddətdə yarandığı iddiası açıq-aydın puç bir iddiadır. İnşallah, müəllifin öz kitabında qeyd etdiyi mətnlərin tədris kitablarından götürülmədiyini, həmin mətnləri, hədis və rəvayətləri səhih, zəif, uydurma və saxta demədən bir yerə toplayıb nəql etdiyini möhtərəm oxucu qarşıda görəcək. Belə ki, onun nəql etdiyi mətnlər əl-Kəşşinin “Rical”ından, “Ənvarun-Numaniyyə”dən, “Biharul-ənvar”dan və digərlərindəndir.

Müəllifin gümanına görə, əhli-sünnənin tədris mərkəzlərində olduğu kimi, şiələrin elmi-dini hövzələrində də “əl-Kafi”, “ət-Təhzib”, “əl-İstibsar” və “Mən la yəhzuruhul-fəqih” kimi mötəbər hədis kitabları tədris olunur. Baxmayaraq ki, şəri dəlillərdən hökmlərin əldə olunmasında bu kitabların əhəmiyyətli yeri vardır, lakin onların heç biri tədris kitabları deyil və onların öyrənilməsi dərs proqramlarına daxil edilmir.

* * *

Müəllif yazır:

“Bu dərdimi söyləyə biləcək, kədərimi ifadə edəcək bir kəs axtarırdım. Sonda ağlıma çox yaxşı bir fikir gəldi: bütün kitabları oxuyub oradakı məlumatlara diqqətlə nəzər yetirmək. Qarşıma çıxan və əlimə düşən bütün mötəbər və hətta qeyri-mötəbər mənbələri oxudum. Oradakı bəzi hədislər, mətləblər və məsələlər diqqətimi çəkdikcə, onlara haşiyələr yazmağa başladım. Həmin mətnləri köçürür və məni düşündürən fikirləri onun haşiyəsinə əlavə edirdim. Mötəbər hədis mənbələrini oxuyub başa vurduqdan sonra haşiyə yazdığım vərəqlərin böyük həcmdə olduğunu gördüm. Bir gün Allahın bunlarla bağlı bir iş icad edəcəyinə ümid edərək onları qoruyub saxlamaq qərarına gəldim”.

 

Hüseyn əl-Musəvi, "Lillah sümmə lit-tarix", səh.6

Cavab:

Şiənin bütün kitablarını, eləcə də mötəbər və qeyri-mötəbər mənbələrini oxuduğunu iddia etməsi, puç bir iddiadır. Belə ki, şiə kitablarının sayı on və yüz minlərlədir. Onların hamısını oxumaq bir kənara dursun, onları dərk etmək və üzərində təhlil aparmaq bir insan ömrünə sığmaz.

Hər halda, müəllifin həmin kitabları oxuyub oxumadığından asılı olmayaraq, bu, üzərində müzakirə aparılacaq mövzu deyildir. Lakin, iddiası doğrudursa, dəlillər onun üçün artıq isbatlanmışdır. Belə ki, o, şiənin kitablarında qeyd edilən bütün hədisləri, elm və maarifi oxuduğunu təsdiqləyir. Belə olduqda, nə üçün səhih və mötəbər hədislərə göz yumaraq kitabında məhz zəif hədisləri nəql edib?! Nə üçün hədisləri öz həqiqi mənalarından yayındırıb və yanlış mənalara daşıyıb?!

Ardı var...

Şeyx Əli Ali-Muhsin

313news.net

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!