“Allah, sonra da tarix naminə” kitabının müəllifi Hüseyn əl-Musəvi yazır:
“Kərbəlada doğulmuş və şiə mühitində, dindar valideynimin himayəsində böyümüşəm.
Yetkin bir gənc yaşına dolanadək şəhərin mədrəsələrində tədris aldım, sonra da atam məni həmin dövrün möhtərəm imamı Seyid Muhəmməd Ali Hüseyn Kaşiful-Ğita (!) kimi görkəmli və böyük alimin elmindən sirab olmağım üçün Nəcəfdəki elmi hövzəyə göndərdi”.
Hüseyn əl-Musəvi, "Lillah sümmə lit-tarix", səh.3
CAVAB:
Müəllifin gənc yaşlarında Nəcəfdəki elmi hövzələrdən birinə getməsi və iddiasına görə, ustadı Kaşiful-Ğita (q.s) tərəfindən ictihad dərəcəsi əldə etməsi fonunda, ustadının seyid yaxud şeyx, eləcə də öz sözlərində qeyd etdiyinə əsasən, adının Muhəmməd Ali Hüseyn Kaşiful-Ğita olması barədə cahilliyinə əsla bəraət qazandırıla bilməz. Halbuki Nəcəfdəki və digər şəhərlərdəki sadə insanlar belə onun adının Şeyx Muhəmməd Hüseyn Ali Kaşiful-Ğita olduğunu yaxşı bilirlər.
Ustadının seyid olması barədə səhvini öz kitabında dəfələrlə təkrarlamışdır. Ancaq onun adını kitabının bəzi yerlərində düzgün qeyd edib. Biz (!) işarəsini ustadının adını yanlış qeyd etdiyi yerlərdə qoymaqla xətalarının miqdarını sizlərə bəyan edəcəyik.
Aydındır ki, təkcə bu, onun Şeyx Kaşiful-Ğitanın şagirdi olması iddiasının puçluğuna yetərli dəlildir.
* * *
Müəllif yazır: “Uca Allah mənə təhsil almağı və elmə sahib olmağı nəsib etdi. Tədris müddətində məni düşündürən dəlillər, şübhə yaradan hökmlər və çaşqınlığa salan hadisələr qarşıma çıxırdı. Lakin mən bu məsələlər qarşısında “yaxşı anlamıram, dərk etmirəm” deyib özümü ittiham edirdim”.
Hüseyn əl-Musəvi, "Lillah sümmə lit-tarix", səh.4
CAVAB:
Bu sözlər həmin şəxsin hövzə proqramından xəbərdar olmadığının və orada əsla tədris almadığının dəlilidir. Belə ki, o, hövzələrdə təhsilin iki hissəyə bölündüyünü, ilk illərdə tələbənin nəhv və sərf (sintaksis və morfologiya), bəlağət, məntiq, sadə və dəlilsiz fiqhi dərslər keçdiyini, bundan sonra üsul və istidlali fiqh dərslərinin tədris edildiyini bilməli idi. Bütün bu fənlər isə tələbəni şübhəyə salacaq və ya düşündürəcək heç bir dəlili özündə ehtiva etmir. Çünki bunlar hamıya məlum olan proqramlardır və oradakı mətnlər heç kəsə gizli deyildir.
O güman edir ki, elmi hövzə tələbəsi zəif və inkar edilən hədisləri öyrənmək üçün onun gözlərini açacaq hədis elmini öyrənir. Halbuki həmin zəif və inkar olunan hədisləri öz kitabında nəql edib.
Həmçinin o zənn edir ki, tələbə sünnilərin inkar etdikləri və ya əsla qəbul etməyəcəkləri elmləri - rical, tarix, İmamların (ə) həyatını və s. öyrənir.
Əgər bu kitabın müəllifi həqiqətən tələbə olsaydı, o zaman şiə alimlərinin (Allah onları qorusun!) hədis və rəvayətlərdəki müşkülləri açıqladıqlarını və onları izah etdiklərini, dəyərlisini dəyərsizdən və doğrusunu yalandan ayırdıqlarını, müxaliflərin şübhə və uydurmalarını dəf etdiklərini, heç bir müxalifin sözünün cavabsız qoymadıqlarını və haqq məzhəbdə əsla qüsurun olmadığını mütləq bilməli idi.
Bununla da aydın olur ki, ictihad dərəcəsi iddiası bir kənara dursun, elmi hövzənin sadə tələbəsinin bu cür sözlər söyləməsinin heç bir bəraəti ola bilməz. Xüsusilə də, ictihad mərhələsinə yetişmiş şəxs səhihlə zəif hədisi bir-birindən ayırmaq, eləcə də müxaliflərin şübhə və “dəlillərini” dəf etmək qüdrətinə artıq malik olur.
ardı var...
Şeyx Əli Ali-Muhsin