İslam tarixi ilə yaxından tanış olan hər bir kəs Əhli-beytin (ə) fəzilətlərinin gizlədilməsi yaxud yalan hesab edilməsi, bunun əvəzində kimlərinsə olmayan fəzilətlərinin uydurulmasından xəbərdardır. Bu dəfə əhli-sünnə hədis elmində xüsusi rola malik Süleyman ibn Mehran əl-Əmaşın çox mühüm bir etirafını sizə təqdim edəcəyik:
حدثني أحمد بن فضالة وإبراهيم بن خالد عن مسلم بن إبراهيم عن حماد بن زيد قال قال الأعمش حين حضرته الوفاة أستغفر الله وأتوب إليه من أحاديث وضعناها في عثمان.
Mənə Əhməd ibn Fuzalə və İbrahim ibn Xalid Müslim ibn İbrahimdən, o da Həmmad ibn Zeyddən belə nəql etmişdir:
Əmaş vəfat edən vaxt belə dedi: “Osman barədə düzüb-qoşduğumuz (uydurduğumuz) hədislərə görə Allahdan bağışlanma diləyir və tövbə edirik”.
Kitabın müəllifi Əbdüləlim əl-Bəstəvi, İbrahim ibn Yaqub əl-Cüzcaninin öz kitabında nəql etdiyi yuxarıdakı rəvayətə haşiyədə münasibət bildirərək belə demişdir:
رحم الله الإمام الجوزجاني لم يكن يليق به أن يذكر مثل هذه الرواية في كتابه.
Allah İmam Cüzcaniyə rəhmət eləsin. Amma belə bir rəvayəti kitabında nəql etməsi ona yaraşmırdı.
فالأعمش ثقة حجة لم يؤخذ عليه سوى التدليس ، ومثل هذه الرواية الواهية لا تقدح فيه بعد أن اتفق الأئمة على توثيقه ، والجوزجاني نفسه بدأ كتابه هذا برواية رواها من طريق الأعمش وقد سبق أن شهد له بصدق اللسان وعده في رؤوس محدثي أهل الكوفة . (انظر ترجمته برقم ۱۰۸).
Belə ki, Əmaş siqə və höccətdir. Ona “tədlis”dən başqa heç bir irad tutulmamışdır. İmamlar onun siqə olması barədə yekdil fikirdə olduqdan sonra bu cür zəif rəvayət ona (onun güvənilənliyinə) bir xələl gətirməz. Cüzcani özü bu kitabını məhz Əmaş yolu ilə nəql edilmiş bir rəvayətlə başlamış və daha öncə onun doğru danışan olduğunu bildirərək, onu Kufə hədisçilərinin başçısı hesab etmişdir (bax: Əmaşın tərcümeyi-halı, rəqəm: 108).
وهذه الرواية وإن كان رجالها ثقات لكنها لا تثبت عن الأعمش لأن حماد بن زيد بصري والأعمش كوفي ، ولم يذكر حماد أنه حضر وفاة الأعمش إذن فلا بد من أنه سمعها من شخص آخر لم يصرح به هنا فالرواية منقطعة غير ثابتة . والله أعلم.
Bu rəvayətin sənədində adı keçən şəxslər siqə (güvənilən) şəxslər olsalar da, rəvayətin Əmaşdan olması sübuta yetmir. Çünki Həmmad ibn Zeyd bəsrəli, Əmaş isə kufəli olmuşdur. Həmmad deyilən sözləri şəxsən Əmaşdan eşitdiyini qeyd etməmişdir, deməli o bu sözləri adını çəkmədiyi başqa bir şəxsdən eşitmişdir. Buna əsasən rəvayət münqəti (qopuq) hesab olunur və sübuta yetmir. Allah daha yaxşı bilər.
وعلى فرض صحتها عن الأعمش يكون معنى ( وضعناها ) أي جمعناها وألفناها ، هذا ما جاء في نسختنا ، ولا نعرف للكتاب نسخة أخرى حتى نتمكن من المقارنة والتأكد ، والذي يغلب على ظني أن صحة الرواية هي ( وضعنا بها من عثمان ) يقال : وضع منه فلان أي حط من درجته ( لسان العرب 8 : 397 ) ووضع عنه : حط من قدره ، ( تربيب القاموس 4 : 623 ) ، وكأن الأعمش ندم على بعض رواياته التي رواها عن غيره وفيها نيل من عثمان رضي الله عنه ، ويؤيد ذلك أني لم أجد أحدا من أئمة هذا الشأن من مترجمي الأعمش ذكر هذه الرواية عن الجوزجاني لا إقرارا ولا إنكارا رغم اطلاعهم على الكتاب وكثرة اقتباسهم منه ، وسكوتهم عن مثل هذا مستبعد جدا لأنهم ردوا على الجوزجاني وعلى غيره ما هو أقل من هذا بكثير في حق من هو أقل من الأعمش بكثير .
Hətta rəvayətin səhih olduğunu fərz etsək belə, ondakı “vada`nə” (düzüb-qoşduğumuz, qondardığımız) sözünü “topladığımız, tərtib etdiyimiz” kimi başa düşməliyik. O da əlimizdəki nüsxənin yazısının doğru olduğunu (cümlədə hər hansı bir yazı xətasının baş vermədiyini) qəbul etdiyimiz təqdirdə belədir. Əlimizdə kitabın başqa nüsxəsi olmadığı üçün müqayisə və dəqiqləşdirmə də apara bilmirik. Mənim nəzərimə ən yatğın ehtimal odur ki, cümlənin əsli “vada`nəhə fi Usmən” şəklində deyil, “vada`nə bihə min Usmən” şəklində olmuşdur. Ərəb dilində “vadaa min fulənin” və ya “vadaa anhu” deyə bir cümlə işlədilir. Bunun mənası “filankəs filankəsi aşağıladı” deməkdir (“Lisanul-arab”: 8/397; “Tərtibul-qamus”: 4/623). Sanki Əmaş Osman barəsində başqalarından nəql etdiyi, Osmanı aşağılayan – onu dəyərdən salan bir sıra rəvayətlərinə görə peşman olmuşdur. Bunu aşağıdakı fakt da təsdiqəyir ki, mən Əmaşın tərcümeyi-halını qeyd edən heç bir hədis-rical imamının nə təsdiq, nə də inkar kontekstində bu rəvayəti Cüzcanidən nəql etdiyini görməmişəm. Halbuki onlar Cüzcaninin bu kitabından məlumatlı olmuş və ondan tez-tez iqtibaslar etmişlər. Onların belə bir rəvayəti görüb susmaları olduqca uzaq işdir. Çünki onlar elə Cüzcaninin özünə və başqalarına Əmaşın özündən çox daha aşağı rütbəli bir şəxsə və həmin şəxsin adından nəql edilmiş sözügedən rəvayətdən çox daha aşağı bir rəvayətə görə etiraz etmişlər (elə isə Əmaşdan nəql edilmiş bu rəvayəti görmüşdülərsə, nəyə görə Cüzcaniyə niyə etiraz etmirdilər?).
Fotoşəkil: Əbdüləlim Əl-Bəstəvi, “Əl-İmam əl-Cuzcani və mənhəcuhu fil-cərhi vət-tə`dil”, səh.325-326.
Sitatla bağlı qeydlər:
1. Mühəqqiq Əl-Bəstəvinin əsəbləşməsi:
Bu qəzəb və narahatlığın səbəbi nədir? Cavab aydındır. Acı və xoşagəlməz həqiqətləri görüb-eşitmək cənab Bəstəvinin ovqatını təlx etmiş, qəzəbləndirmişdir. Onun fikrincə, Cüzcani həqiqətlərin açıqlanması məsələsində sələflərinin yolunu getmədiyi üçün böyük səhv etmişdir. Buna görə də, belə bir rəvayəti öz kitabında nəql etməklə “məqamına layiq olmayan bir iş görmüşdür”.
2. Bəstəvi iddia edir ki, Əmaşın yeganə nöqsanı “tədlis”dir. Məgər tədlis kiçik günahdır? Məgər əhli-sünnə imamı Şafei Əmaşın şagirdi Şubə ibn Həccacdan “tədlisin yalanın qardaşı olduğunu” nəql etməyibmi?
الشافعي يقول : قال شعبة: التدليس أخو الكذب.
Şafeinin belə dediyini eşitdim: Şubə dedi: “Tədlis yalanın qardaşıdır”.
Əl-Beyhəqi, "Mənaqibuş-Şafei", c.1, s.35; Xətib əl-Bağdadi, "əl-Kifayə", c.1, s.355
Məgər həmin Şubə tədlisin zinadan betər olduğunu deməyibmi?
سمعت شعبة يقول: التدليس في الحديث أشد من الزنا ولان أسقط من السماء إلى الأرض أحب إلى من أن أدلس
Şubənin belə dediyini eşitdim: “Hədisdə tədlis etmək zinadan daha ağırdır. Səmadan yerə çırpılmağım mənə tədlis etməkdən daha xoşdur”.
Xətib Bağdadi, “İlmur-rivayə”, səh.355-356.
3. Bəstəvi bu izahların münasib həll yolu olmadığını görüb, rəvayətin sənədi ilə bağlı irad meydana atmağa çalışmışdır.
O sənəddəki ravilərin hamısının güvənilən olduğunu etiraf etsə də, Həmmad ibn Zeydin Əmaşın ölümü vaxtı Kufədə olduğunu qeyd etmədiyini demişdir. Deməli, Həmmad rəvayəti başqa birisindən eşitmişdir. Buna əsasən rəvayətin sənədi qopuqdur və o səhih deyil.
Lakin bu irad rəvayətin sənədinə zərbə vurmazdan qabaq, doktor Bəstəvinin elm və biliyinə zərbə vurur.
Ona görə ki, ravinin bir rəvayəti başqa birisindən nəql edərkən “sima”-nı, yəni rəvayəti şəxsən həmin şəxsdən eşitməsini qeyd etməməsi onun rəvayətini qeyri-məqbul edirsə, onda əhli-sünnənin əksər rəvayətləri sual altına düşər.
“Səhihü-Müslim” kitabının müqəddiməsində Müslim “sima”nın, yəni eşitmənin isbatı üçün həmdövr – müasir olmanın kifayət etdiyini bildirmişdir:
القول الشائع المتفق عليه بين أهل العلم بالأخبار والروايات قديما وحديثا أن كل رجل ثقة روى عن مثله حديثا وجائز ممكن له لقاؤه والسماع منه لكونهما جميعا كانا في عصر واحد وإن لم يأت في خبر قط أنهما اجتمعا ولا تشافها بكلام فالرواية ثابتة والحجة بها لازمة إلا أن يكون هناك دلالة بينة أن هذا الراوي لم يلق من روى عنه أو لم يسمع منه شيئا. فأما والأمر مبهم على الإمكان الذي فسرنا فالرواية على السماع أبدا
Hədis alimləri arasında yayılmış və yekdilliklə qəbul edilmiş nəzər budur ki, bir siqə şəxs başqa bir siqə şəxsdən hədis nəql edirsə və eyni dövrdə yaşamaları səbəbindən bunların bir-birləri ilə görüşmələri və bir-birlərindən hədis eşitmələri mümkün olarsa, habelə onların əsla bir-birləri ilə görüşmədikləri və danışmadıqlarını bildirən bir rəvayət mövcud olmazsa, həmin siqə şəxsin nəql etdiyi rəvayət (qopuq və keçərsiz deyil) sabit və höccət sayılar. Qeyd etdiyimiz kimi, təkcə bu ravinin həmin ravi ilə görüşmədiyi və heç bir şey eşitmədiyinə dəlalət edən açıq-aşkar dəlil olduğu təqdirdə bu qayda keçərsizdir, əks halda rəvayət “sima”-ya – eşitməyə dəlalət edir.
Müslim ibn əl-Həccac, “əs-Səhih” (müqəddimə), c.1, s.29.
Həmçinin Əlbani deyir:
أن المعاصرة تكفي لإثبات الاتصال كما هو مقرر في علم المصطلح.
(Hədis) terminologiyası elmində də sabit olduğu kimi, müasirlik və eyni dövrdə yaşama sənədin bitişikliyinin isbatı üçün kifayət edir.
Nasiruddin əl-Əlbani, “Silsilətul-əhadisis-səhihə”, c.7, s.485
Göründüyü kimi, Bəstəvinin iradı heç bir elmi dəyərə malik deyil və əhli-sünnətin hədis elmi qayda-qanunları ilə ziddiyyət təşkil edir.
Onun bu iddiası Əbdürrəhman Əl-Müəllimi Əl-Yəmaninin qeyd etdiyi aşağıdakı vəziyyəti bizə xatırladır. Onun sözlərinə görə, hansısa bir rəvayətin mətni əhli-sünnət alimlərinin xoşuna gəlməsə, rəvayətin sənədinə bir irad, o cümlədən Bəstəvinin müraciət etdiyi iradı tutmağa çalışırlar:
إذا استنكر الأئمة المحققون المتن، وكان ظاهر السند الصحة، فإنهم يتطلبون له علة، فإذا لم يجدوا علة قادحة مطلقاً، حيث وقعت، أعلوه بعلة ليست بقادحة مطلقاً، ولكنهم يرونها كافية للقدح في ذاك المنكر، فمن ذلك: إعلاله بأن راويه لم يصرح بالسماع، هذا مع أن الراوي غير مدلس
Bir hədisin sənədi zahirən səhih olsa, lakin alimlər həmin hədisin mətnini xoşagəlməz hesab etsələr, bu vaxt həmin hədis üçün bir irad axtarmağa başlayırlar. Əgər mütləq xələlgətirici (kafi) bir irad tapmasalar, mütləq xələlgətirici olmayan (yəni, qeyri-kafi) bir irad gətirirlər; amma həmin mütləq xələlgətirici olmayan (qeyri-kafi) iradı həmin xoşagəlməz hədis üçün kafi irad hesab edirlər!
Buna misal olaraq, hədisin ravisinin – o, müdəllis olmasa belə! – “sima”-nı, yəni eşitməni açıqca ifadə etməməsini irad tutmalarını göstərmək olar.
"Buluğul-əmani", səh. 98
Burada da cənab Bəstəvi məhz bu “qayda”ya əməl etmişdir. Rəvayətin sənədinin səhihliyinə baxmayaraq, sırf öz inanc və görüşlərinə uyğun gəlmir deyə, ona yuxarıdakı batil qayda əsasında zəif çıxarmağa çalışmışdır. Halbuki Həmmad ibn Zeyd müdəllis deyil və hətta əhli-sünnə alimlərinin təbirincə, “osmani”-dir:
قال محمد بن سعد كان عثمانيا وكان ثقة ثبتا حجة كثير الحديث
Muhəmməd ibn Səd demişdir: Həmmad osmani idi. Siqə, səbt, höccət və çoxlu hədis nəql edən olmuşdur.
İbn Həcər əl-Əsqəlani, Təhzibut-təhzib, c.3, s.10
4. Bəstəvinin “vadaa” felinin mənası ilə bağlı qeyd etdiyi iddialara gəlincə isə, bu iddialar, açıq-aşkar göründüyü kimi, vəziyyətdən çıxmaq cəhdləri və rəvayətin mətnini sapdırma səyləridir. Sözügedən iddiaların batilliyini sübut etmək üçün əlavə əziyyətə ehtiyac yoxdur. Belə ki, əvvəla, Bəstəvinin də etiraf etdiyi kimi rəvayətin yalnız bir forması mövcuddur və başqa nüsxədən söhbət belə gedə bilməz. Buna əsasən, heç kəs rəvayətin mətnində çap səhvinin olduğunu sübut edə bilməz, çünki bunun isbatı üçün ən azı ikinci nüsxə olmalıdır. İkincisi, “vadanə bihə min Usman” (وضعنا بها من عثمان) ifadəsinin təhrifə uğrayıb “vadanəhə fi Usman” (وضعناها في عثمان)ifadəsi formasına düşməsi olduqca uzaq və nağılvari iddiadan başqa bir şey deyildir və bunun üçün də qeyd etdiyimiz kimi, dəlilə ehtiyac vardır.
313news.net