Bağışlayan və Mehriban Allahın adı ilə.
Ayətullah Sübhaninin Allahı maddi gözlə görməyin imkansız olmasına dair istinad etdiyi digər bir Quran ayəsi "Taha" sürəsinin 110-cu ayəsidir. Ayədə aşkar olaraq "Onlar, Allahı elmlə əhatə edə bilməzlər" deyilir.
Sübhaniyə görə, bu ayənin məzmunu "Әnam" sürəsinin 103-cü ayəsinin məzmunuyla eynidir. Onun fikrincə, istər zatın bir parçasını görmək olsun, istərsə də bütününü, nəticədə hər iki növ görmək bir növ zatı əhatə etmək deməkdir. "Taha" 110-cu ayədə Allahın zatını elmlə əhatə etmək mütləq şəkildə inkar edildiyi üçün dolayısıyla Allahın zatını maddi gözlə görmək da hər iki formada batildir demək.
Rüstəm bəyə görə Sübhaninin bu ayədən etdiyi çıxarış yanlışdır.
Sübhaninin ayə barəsində verdiyi bu izahlar, həqiqətdə "Әnam" 103-cü ayədə keçən "idrak" sözünün əhatəli şəkildə olan görməyə dəlalət etdiyini bir daha təsdiqləməkdədir. Çünki, "Taha" 110-cu ayədə Allahın zatını elmlə əhatə etmək inkar olunur. Sübhaniyə görə bu ayə "Әnam" 103-cü ayə ilə eyni məzmundadır. Deməli, "Әnam" 103 də keçən "idrak" sözü müəllifin də iddia etdiyi kimi əhatəli görməyə dəlalət edir. Bu isə özlüyündə əhatəli olmayacaq bir görmənin mümkünlüyünü isbatlamaqdadır.
Cavab: Sübhaninin "Taha" 110-dan etdiyi çıxarış və ayəni "Әnam" 103-lə eyni məzmunda görməsi mənə görə də doğru müqayisə deyildir. Bu baxımdan müəlliflə razılaşıram. Ancaq bir fərqlə ki, mənim Sübhaniyə olan iradım müəllifin iradından fərqlidir. Buna görə də Sübhaninin ayədən etdiyi çıxarışın yanlış olması heç də müəllifin iddia etdiyi kimi "Әnam" 103-də keçən idrakın əhatətli görməyə dəlalət etdiyini, dolayısıyla əhatəli olmayan görmənin mümkün bir hal olduğunu göstərmir. Ümumiyyətlə, Allahı maddi gözlə görməyin imkansız olması möhkəm əqli dəlillərlə sabit olduqdan sonra ayədə keçən idrak sözündən çıxış ederek əhatəli görmənin özlüyündə imkansız bir hal olduğunu, amma əhatəli olmayan görmənin mümkün olduğunu söyləmək mümkün deyildir.
"Әnam" 103-cü ayəyə gəldikdə, gözlərin onu idrak etməməsi həqiqətdə insanların heç bir şəkildə Allahın zatını olduğu kimi kamil formada dərk edə bilməyəcəyini göstərir. Deməli, ayədə keçən "idrak" sözü ümumiyyətlə maddi şəkildə olan görməyə dəlalət etməməkdədir. Buna görədir ki, Rüstəm bəyin də ayəyə istinad edərək əhatəli olmayan görmənin Allah barəsində mümkün olduğunu söyləməsi düzgün deyildir. Bir başqa ifadəylə desək, Sübhaninin və ya hansısa digər bir alimin ayədən yanlış çıxarış etməsi heç zaman Rüstəm bəyin iddiasının doğru olduğunu göstərməz, çünki yanlış olan bir çıxarış özü kimi başqa bir yanlışı doğru etməz.
Burada Rüstəm bəy adəti üzrə yenə elm məsələsini önə çəkir.
Deyir Allahın zatını əhatə etməyəcək şəkildə olan elmin əldə edilməsi mümkündürsə, o zaman eynilə bu şəkildə olan görmək niyə mümkün olmasın axı? Birinci forma tərkibə və cismiyyətə səbəb olmadığı kimi ikinci forma da eynilə nə tərkibə, nə də cismiyyətə səbəb olmamaqdadır. Rüstəm bəy yazır:
"Bəs Allahı əhatəsiz şəkildə bilmək mümkündürsə, əhatəsiz şəkildə görmək niyə mümkün olmasın? Məgər siz deyildinizmi ki, “Görmək dedikdə bir şeyin ya tamamını görmək qəsd edilir, ya da hamısı və hər iki hal batildir. Çünki birincidə əhatəli görmə var, ikincidə isə Allaha hissə aid etmək” deyərək Allahın zatını məxluqatın zatı ilə qiyaslayan? Eyni məntiqə əsaslanaraq nəyə görə “Bir şeyi bilmək ya hamısını bilməkdir ya da bir qismini” deyərək Allahı bilmənin də qeyri-mümkün olduğunu iddia etmirsiz?
Cavab: Öncəki yazılarımızda bu irada kifayət edəcək şəkildə cavab vermişik. Bir daha xatırladırıq ki, müəllifin bu ikisini bir-biriylə müqayisə etməsi ümumiyyətlə yanlışdır. Çünki, görmək və bilmək iki fərqli kateqoriyadır. Hər birinin özünə aid xüsusiyyətləri vardır. Görmə prosesində bütün və parça məsələsi müzakirə oluna bilər. Biz, önümüzdə olan bir cismi görərkən ya onun bütününü görürük, ya da bir parçasını. Məsələn, hamar müstəvidə çəkilən xırda həndəsi fiqura baxarkən onun bütününü görürük. Halbuki, başımızı qaldırıb ucsuz-bucaqsız səmaya nəzər yetirərkən onun yalnızca bir hissəsini görürük. Görmə hadisəsində bu şəkildə olan fərqli görmə halları mümkündür. Halbuki elm məsələsində ümumiyyətlə bütün-parça məsələsi müzakirə mövzusu deyildir. Çünki, bütün-parça, mürəkkəb formada olan cismlərə aid bir anlayışdır. Elm isə özü gərəyi mücərrəd bir həqiqətdir. Elm, həqiqətdə insan zehnində meydana gələn mənalar toplusudur. Məna da, məlum olduğu kimi, mücərrəd anlayışdır, heç bir həndəsi formaya sahib deyildir. Belə bir mahiyyətə sahib bir həqiqət üçün bütün-parça anlayışı təsəvvür oluna bilməz. Bəli, elmdə kamil-naqis anlayışı vardır. Bizim əşyalara olan elmimiz kamil və ya naqis ola bilər. Kamil və naqis anlayışları da özlüyündə mücərrəd anlayışlardır, heç bir həndəsi formaya sahib deyildirlər. Deməli, insanın Allahın zatını naqis formada dərk etməsilə Allahın zatının bir hissəsini görməsi eyni deyildir. Maddi görmə prosesində görənlə görünənin qarşılıqlı şəkildə ünsiyyət qurması şərtdir. Ona görə də insan, arxasında olan, və ya ondan uzaqda olan əşyaları görə bilmir. Halbuki, elmdə bu hallar şərt deyildir. İnsan, özündən minlərlə km uzaqlıqda olan əşyaları rahatlıqla dərk edə bilir. Bu dərk üçün üzbəüz dayanma şərt deyildir.
Daha sonra Rüstəm bəy yazır:
"Daha sonra Sübhani bu ayənin öz iddiasına dəlil olduğunu isbatlamağa çalışarkən başqa bir istidlal şəkli irəli sürür və belə bir şey deyir: “Görmək istər zatın hamısına, istərsə də bir qisminə aid edilsin, hər iki mənada bəşərin Allahı bir növ elmlə əhatə etməsi deməkdir. Allah isə “Onlar isə Allahı elmlə əhatə edə bilməzlər” buyurur”. Burada isə Sübhani batil bir şey söyləməklə yanaşı həm də təcsimə girdi. Batil bir şey söyləməsinə gəlincə görmənin hər halda bir növ elmlə əhatə olduğunu dedi. Bu batildir, çünki hər görən, gördüyü hər şey haqqında elmə sahib olmur. Elmə sahib olsa belə əhatəli elmə sahib olmur. Əgər bu məxluqat arasında bu cürdürsə, məxluqla Xaliq arasında bu cür olması daha əvladır. Təcsimə girməsinə gəlincə, “İstərsə də zatın bir qisminə” deyərək, zata qism nisbət etməsi açıq bir təcsimdir."
Cavab: Rüstəm bəy iddia edir ki, hər görən gördüyü şey barəsində elmə sahib olmur. Olsa belə əhatəli elmə sahib olmur. Bu iddia kökündən yanlışdır. Yanlış olması da olduqca aydındır. Bəzi şeylər barəsində sırf görməyə dayanaraq əhatəli elmə sahib olmaq mümkündür. Bayaq da söylədiyimiz kimi, bəzi həndəsi fiqurları buna misal vurmaq olar. Məsələn, lövhədə 2 sm-lik xətt çəkirəm. Nə qədər ki, lövhəyə baxmıram, orada nəyin çəkilməsi barədə heç bir elmə sahib deyiləm. Amma lövhəyə baxdıqdan sonra orada çəkilən şeyin nə olduğunu əhatəli şəkildə bilirəm. Lövhədə gördüyüm 2 sm-lik bir xəttdir. Bundan başqa bir şey deyildir. Gördüyünüz kimi, burada xəttin bütün özəlliklərini əhatə edəcək şəkildə elm əldə etmiş oldum. Deməli, müəllifin bu barədə etdiyi iddiası yanlışdır. Görmənin bəzən əhatəli elmə səbəb olması bu misalla isbatlanmış oldu. Bəli, əhatəli elmə gəldikdə bu hal, hər zaman görməklə hasil olmur. Bəzən əlavə vasitələrin köməyinə ehtiyac duyulur.
Rüstəm bəyin ikinci iradı olan «Təcsimə girməsinə gəlincə, “İstərsə də zatın bir qisminə” deyərək, zata qism nisbət etməsi açıq bir təcsimdir» isə bu iddia olduqca təəccüblüdür. Belə ki, müəllifin kitabını sağlam məntiqlə oxuyan hər kəs Sübhaninin bu sözləriylə həqiqətdə qarşı tərəfə irad qismində danışdığını başa düşür. Sübhaniyə görə, Allahı maddi gözlə görmək bu iki haldan xaric deyildir. Bunu götürüb Sübhaninin əleyhinə istifadə etmək isə olduqca yanlışdır. Burada müəllif ya Sübhanini anlamayıb, ya da ki, qərəzli şəkildə həqiqəti təhrif etmək istəyib. Ümidvarıq ortada yanlış anlama olmuşdur.
ardı var..
Təbriz Nəcəfi
313news.net