Bağışlayan və Mehriban Allahın adı ilə
Ayətullah Sübhaninin Allahın maddi gözlə görülməsinin imkansız olmasına dair təqdim etdiyi dəlillərdən biri də budur ki, Allaha nisbət verilən əl, ayaq, göz və buna bənzər digər sifətlər lüğəvi mənada qəbul edildiyi təqdirdə onların keyfiyyətlərini inkar etmək, həqiqətdə onların varlığını inkar etmək deməkdir. Buna görə də əgər göz ilə görmək lüğəvi mənasında qəbul edilərsə, o zaman yön və müqabələ (üzbəüz dayanma) olmadan Allahı maddi gözlə görmək mümkün deyildir.
Ayətullah Sübhaninin bu təsbiti olduqca dəqiqdir. Az sonra bu barədə yetərli açıqlama veriləcək. İzaha keçməzdən öncə, ilk olaraq Rüstəm bəyin məqaləsində qeyd etdiyi bəzi iradlara işarə etmək istəyirəm. Məqalənin müəllifi nə hikmətdirsə adəti üzrə iradlarına təhqir va bazar sözləriylə başlayır. Auditoryanı cəlb etmək üçün populist çıxışlar etmək uğurlu yöntəm hesab olunsa da, bu tip publikaya işləyən sözlərin elmi camiədə heç bir qiyməti yoxdur. Məntiqinin gücünə inanan biri əsla bu tip ucuz yollara əl atmaz.
Müəllif iddia edir ki, Allaha əl nisbət verməklə Allahın görüləcəyini qəbul etmək eyni deyildir.
Cavab: Müəllifin də söylədiyi kimi, Allaha əl nisbət verməklə onun görüləcəyini qəbul etmək eyni deyildir. Bu təsbit tam dəqiqdir, lakin burada söhbət mütləq mənada əl və görmədən getmir. Buna görədir ki, müəllifin iradı bu yöndən dəqiq deyildir. Müəllif əgər Sübhaninin sözlərini diqqətlə oxusaydı, o zaman aydın olardı ki, Sübhani burada lüğəvi mənada Allaha nisbət verilən əldən və bir də maddi gözlə Allahı görməkdən danışır, mütləq şəkildə əl və görmədən yox. Sübhaninin özü də qüdrət mənasında işləndiyi təqdirdə əlin Allaha nisbət veriləcəyini, həmçinin maddi olmadığı təqdirdə qəlb və iman gözüylə Allahın görülə biləcəyini qəbul edir. Amma əl sözünü lüğəvi mənada Allaha nisbət versək, o zaman yön və cəhət olmadan Allahın görülməsi imkansız olacaq. Belə ki, "əl" sözü, Rağib İsfahaninin də qeyd etdiyi kimi, "üzv" (carihə) mənasında işlənir. Әgər Allahın üzvü olduğunu qəbul etsək, deməli onun hissələrə sahib olduğunu, dolayısıyla mürəkkəb olduğunu etiraf etməliyik. Hissələrə sahib olan varlıq isə zaman, məkan, yön, cəhət və s. kimi maddi xüsusiyyətlərə sahib varlıqdır. Belə bir varlığı isə adı çəkilən xüsusiyyətlər olmadan görmək mümkün deyildir.
Daha sonra müəllif yazir ki, "əl" və "görülmə" məfhumları iki fərqli məfhumlardır. Belə ki, "əl" somut (yəni, maddi, gözlə görülə bilən), "görülmə" isə müəllifin təbiriylə zühur məfhumudur. Anlaşılır dildə desək, görülmə məfhumu əlin əksinə olaraq soyut, yəni gözlə görülməyən, abstrakt (mücərrəd) məfhumdur. Daha sonra müəllif mətləbin daha da aydın olması üçün nümunə verir. Deyir, əgər birində desək ki, əlini mənə göstər, o zaman belə bir şeyin maddi gözlə görülməsi mümkündür, çünki əl somut məfhumdur. Halbuki, mənə görülməni göstər desək, bu istəyimiz yanlış olacaq. Çünki, görülmə məfhumu soyut və abstrakt məfhumdur.
Cavab: Bu cavab o qədər məntiqsiz və ziddiyyətlərlə doludur ki, harasından başlayıb harasında bitirim bilmirəm.
İlk öncə müəllif özü də etiraf etdi ki, əl somut, yəni maddi, gözlə görülə bilən bir məfhumdur. Deməli, Allahın əlinin maddi olduğunu özü də fərqinə varmadan etiraf etmiş oldu. Şübhəiz bir parçası maddi olan varlıq mütləq maddi xüsusiyyətlərlə (zaman, məkan, yön, cəhət və s kimi) vəsf olunmalıdır. Belə bir varlığı görmək isə adı çəkilən xüsusiyyətləri nəzərə almadan mümkün deyildir. Gördüyünüz kimi, Sübhaniyə tənə vuraraq onun sözlərinə və şəxsiyyətinə təhqirlaər yağdıran müəllif, özü də bilmədən elə onun sözünü qəbul etmiş oldu.
İkincisi, görülmə məfhumu məlum olduğu kimi, soyut və mücərrəd, bir başqa ifadəylə fəlsəfi bir məfhumdur. Amma müəllifin bu açıqlamayla Allahı maddi gözlə görməyin mümkün olduğunu isbatlama cəhdi bu məfhumun mahiyyətinə yetərincə varmadığını göstərir. Görülmə məfhumu və bu qəbildən olan məfhumlar müqayisəli məfhumlar olduğu üçün məfhum gərəyi mücərrəddirlər. Müqayisə deyərkən, məqsədim bu qəbildən olan məfhumların, varlıqların bir-biriylə müqayisə zəminində meydana gəlməsidir. Yəni, görülmə məfhumu üçün ilk öncə görən və görülən əşyalar var olmalıdır. Məsələn, Zeyd adlı şəxs dağa baxır və buradan görülmə məfhumu meydana gəlir. Amma bu məfhumun özlüyündə mücərrəd olması heç də görülmə prosesinin də eyni şəkildə mücərrəd olduğunu gərəktirmir. Məlum məsələdir ki, nə Zeyd, nə də dağ, heç biri mücərrəd varlıq deyildir, hər ikisi də maddi varlıqdır. Sadəcə olaraq insan zehni bu iki nəsnəni qarşılıqlı formada müqayisə edərkən burada görülmə adlı üçüncü bir məfhumu öz zehnində formalaşdırır. Buna görədir ki, Allahın əlinin olduğunu (lüğəvi mənada, yəni maddi formada) qəbul etmək, Sübhaninin də dəqiq şəkildə təsbit etdiyi kimi, yön və cəhət olmadan imkansızdır. Müəllif, Sübhaniyə təhqir yağdırmaq əvəzinə gedib bu cür bəsit məntiqi qaydaları öyrənsə, həm dünya və axirəti üçün daha faydalı olardı, həm də bizi cavab yazma əziyyətinə salmazdı.
Daha sonra müəllif, Sübhaninin "Bəzən keyfiyyət bir şeyin var ola bilməsi üçün şərt olur" sözünə cavab olaraq yazır: "Bu, özünün də dediyi kimi bəzən bu cürdür. Hər zaman bu cür deyildir və bu qayda bütün varlıqlar üçün keçərli deyildir. Çünki, Subhaninin özü də qəbul edir ki, Allahın zat və sifətləri var olsa da, keyfiyyətsizdir".
Cavab: Sübhaninin keyfiyyəti bir şeyin var olması üçün şərt qoşması məlum məsələdir ki, maddi varlıqar üçündür. Müəllifin verdiyi cavabın isə Sübhaninin iradıyla heç bir əlaqəsi yoxdur, çünki Subhani Allahın görülməsi məsələsində mütləq mənada görülməni inkar etmir. Maddi gözlə görülməni inkar edir ki, bu da keyfiyyəti zəruri etməkdədir. Müəllifin keyfiyyəti inkar etməsi isə sadəcə olaraq özünü yenidən ziddiyyətli hala salmaq deməkdir. Özü də etiraf etdi ki, əl somut (maddi) varlıqdır. İndi əgər əl maddi bir həqiqətə işarə edirsə və müəllif də əli lüğəvi mənada Allaha nisbət verirsə, deməli burada keyfiyyətin olması zəruridir və keyfiyyət olmasa əl öz mənasını itirəcək. Belə olan təqdirdə görmə prosesi keyfiyyət olmadan necə həyata keçə bilər axı?
Ona görə də müəllifin önündə duran iki seçim var:
1) Öncədən tənə vuraraq qurduğu müqəddimələrin yanlış olduğunu etiraf edərək onları sıradan çıxarmaq. Bu da sonda Sübhaninin iradlarıyla razılaşmaq deməkdir.
2) Allahın hissələrinin olduğunu qəbul etmək, dolayısıyla onu maddi gözlə görə bilmək üçün cəhət və yönün şərt olduğunu etiraf etmək.
Gördüyünüz kimi, hər iki variant müəllifin iddialarıyla üst-üstə düşmür və sonda onun fikirlərinin yanlış olduğunu göstərir.
Daha sonra müəllif yazir: "Sübhaninin bu sözü əslində onun qafil olduğu məqama işıq tutur. Belə ki, Sübhani, keyfiyyətin bəzən bir şeyin var olması üçün şərt qoşulduğunu deyir. O zaman anlaşılır ki, varlığı keyfiyyət tələb edən varlıqların görülməsi ilə, varlığı keyfiyyət tələb etməyən varlığın görülməsi bir deyil. Necə ki, varlığı keyfiyyət tələb etməyən bir şey var ola bilir, onun görülməsi də keyfiyyət tələb etmədən mümkündür...."
Cavab: Digər cavablarda olduğu kimi bu cavabda da mövzuyla əlaqəsi olmayan arqumentlər vardır. Öncəki yazılarımızda da işarə etdiyimiz kimi, əsas müzakirə mövzusu Allahı mütləq mənada görmək deyildir. Keyfiyyətsiz, bütün maddi özəlliklərdən uzaq bir şəkildə qəlb və iman gözüylə Allahı görmək şiə alimlərinin bütünlüklə qəbul etdiyi bir məsələdir. Ortada olan əsas ixtilaf Allahın mücərrəd bir varlıq olduğu halda onu maddi gözlə görməyin imkansız olması barədədir.
Bundan əlavə, yuxarıda da şahid olduğunuz kimi, müəllif əlin maddi bir həqiqət olduğunu qəbul edir və Allahın əlinin olduğunu söyləyir. Maddi əl isə keyfiyyət sahibidir. Halbuki, müəllif Allahın keyfiyyətdən uzaq olduğunu, dolayısıyla onu görmək üçün heç bir keyfiyyətin var olmasına lüzum olmadığını söyləyir. Gördüyünüz kimi, ortada ciddi bir ziddiyyət vardır. Belə ki, əvvəldə söylənilən sözlə sonradan deyilənlər bir-birini inkar edir. Müəllif, yuxarıda Allaha, özü də fərqinə varmadan maddi əli nisbət verdi. Aşağıda isə Allahın keyfiyyət sahibi olmadığını söyləyir. Ortada olan ziddiyyət aşkardır. Ona görə də müəllifin bu paradoksdan çıxması üçün yuxarıda təklif etdiyim iki yol vardır. Hər iki yol da nəticədə müəllifin əleyhinə tamamlanır.
Müəllif, məqalənin sonunda iki müqəddimə quraraq Allahın qiyamətdə cəhət və yön olmadan görülə bilməsinin mümkün olması nəticəsini almağa çalışır. Qurulan müqəddimə belədir:
1) Allah haqqında cəhət və müqabilənin keçərsiz olması həm dünya, həm də axirət üçün eynidir.
2) Allah axirətdə cəhət və müqabiləsiz görüləcək.
Cavab: Müəllifin qurduğu müqəddimələr bunlardır. Amma gördüyünüz kimi ortada heç bir məntiqi qaydaya riayət olunmayıb. Məntiq oxuyanlar bilirlər ki, "Qiyas" dediyimiz müqəddimələr qurmaqla nəticə alma prosesində üç həddin (böyük, orta və kiçik hədd) var olması şərtdir. Nəticənin alınmasında əsas rolu "orta hədd" oynayır. Belə ki, orta hədd, hər iki müqəddimədə qeyd olunmalı, sonda isə böyük həddlə kiçik həddi bir-birinə calayaraq doğru nəticəni verməlidir. Gəlin sadə bir misalla mətləbi açıqlayaq. Məsələn, belə bir müqqəddimə qururuq:
1) Zeyd insandır.
2) Hər bir insan canlıdır.
Gördüyünüz bu iki müqəddimədə orta hədd "insan" məfhumudur. Bu söz hər iki müqəddimədə təkrar olunub. Orta həddin əsas funksiyası sonda böyük həddlə (Zeyd) kiçik həddi (canlıdır) bir-birinə calamaqdır. Ona görə də nəticə belə olur: "Zeyd canlıdır".
İndi keçək müəllifin qurduğu müqəddimələrə. Müəllif birinci müqəddimədə Allahın cəhət və müqabələdən uzaq olduğunu və bu halın hər iki dünyaya şamil olduğunu söyləyir. İkinci müqəddimədə isə Allahın axirətdə cəhət və müqabiləsiz görülə biləcəyini yazır. Әslində müəllifin qurduğu bu müqqədimələrin özündə formal (suri) şərtlərə dəqiq şəkildə riayət olunmayıb. İkinci müqəddimə olaraq qeyd etdiyi şey həqiqətdə nəticədir. İkinci müqəddimə isə elə ilk müqəddimədə gizldir. Gəlin indi həmin müqəddimə və nəticələri daha aydın şəkildə yazaq:
1) Allah haqqında cəhət və müqabələ keçərsizdir (1-ci müqəddimə).
2) Bu keçərsizlik hər iki dünyaya da şamildir (2-ci müqəddimə).
3) Allah axirətdə cəhət və müqabiləsiz görüləcək (Nəticə).
Burada qurulan iki müqəddimədə böyük həddlə kiçik həddi bir-birinə calayan orta hədd "keçərsizlik"dir. Müqəddimələrin məntiqi nəticəsi də "Allah haqqında cəhət və müqabələnin hər iki dünyada keçərsizliyi" şaklinda olmalıydı. Belə olan təqdirdə, görmə məsələsi son nəticədə necə və haradan ortaya çıxdı? Görmə prinsipi müqəddimələrdə olmadığı halda necə nəticədə peyda ola bilir? Məsələn, belə bir müqəddimə qururuq:
1) Zeyd canlıdır (1-ci müqəddimə).
2) Bu canlılıq hər iki dünyaya şamildir (2-ci müqəddimə).
3) Deməli Zeydin axirətdə 3 ədəd başı, 10 ədəd də qolu olacaq (Nəticə).
Gördüyünüz kimi, nəticənin qurulan iki müqəddiməylə heç bir əlaqəsi yoxdur. Ona görə də əsassızdır. Müəllifin qurduğu müqəddimə və aldığı nəticələr də eynilə bu şəkildədir. Görülmənin iki fərqli növü olduğu halda, Allahın cəhət və müqabələsiz maddi gözlə görülə biləcəyini haradan nəticəyə saldı? Çox maraqlıdır. Әslində maraqlı olan bu səfsətəni necə ustalıqla bacarmasıdır.
Digər tərəfdən, müəllifin əli maddi (somut) olaraq qəbul etdiyi halda görülmə prosesini cəhət və yöndən təcrid etməsi özü paradoksdur. Belə ki, somut varlığı məkansız və cəhətsiz təsəvvür etmək imkansızdır. Bununla yanaşı, onun müqabələsiz görülə biləcəyini söyləmək əvvəldə deyilən sözü inkar etməkdir və bu ikisini bir yerdə cəm etmək isə aşkar ziddiyyətdir...
ardı var...
Təbriz Nəcəfi
313news.net