Rəddiyələr » Cəfər Sübhaninin "Allahın görülməsi" kitabı haqqında Rüstəm Mehdinin iradlarına cavab (2-ci hissə)

Bağışlayan və Mehriban Allahın adı ilə

Məqalənin ikinci hissəsində müəllif Ayətullah Cəfər Sübhaninin Fəxr ər-Raziyə yönəlik gətirdiyi iradları müzakirə edərək onları cavablandırmağa çalışır.

Fəxr ər-Razinin iddiasına görə, məkan və cəhətdə olmaqdan uzaq olmaq kimi bir xüsusiyyətə sahib olan Allahın görülməsinin qeyri-mümkün olması məsələsi iddia olunduğu kimi bədihi deyildir. Belə ki, bu mövzu ətrafında islam alimləri tərəfindən fərqli fikirlərin söylənməsi əslində məsələnin nəzəri olduğunu göstərir. Әgər məsələ iddia olunduğu kimi bədihi olmuş olsaydı, mövzu ətrafında heç bir ixtilaf yaranmazdı.

Ayətullah Sübhani Razinin bu iddiasına cavab olaraq yazır ki, bədihi (aksiom – isbata ehtiyac olmayan, hamı tərəfindən eyni cür qəbul edilən) məsələlər mahiyyət etibarilə hamısı eyni dərəcədə deyildirlər. Bəzi məsələlər digərlərinə nisbətdə bədihi olmaq yönündən fərqlənə bilirlər. Məsələn, Ayın öz işığını Günəşdən alması məsələsində olan bədihiliklə birin ikinin yarısı olması məsələsi arasında olan bədihilik fərq edir.  Məqalənin müəllifi Ayətullah Sübhaninin verdiyi bu misal barədə yazır:

"Sübhaninin də dediyi kimi əqli bədihiyyat müxtəlif dərəcəlidir. Lakin verdiyi misal, yəni Ayın öz nurunu Günəşdən alması məsələsi yayğınlığı səbəbilə bədihiləşsə də, zatı etibarilə bədihi yox elmi bir məsələdir".

Müəllifin misal barəsində yazdığı bu qeydlə nəyi izah etmək istədiyi dəqiq məlum deyil. Misala etiraz edir, yoxsa misalın mahiyyətini izah etməyə çalışır? Hər halda, heç bir məntiq kitabında bədihiyyatın mütlaq şəkildə zati olmasının gərəkli olduğu yazılmayıb. Bəzən olur ki, bir məsələ uzun illər araşdırma və təhqiq tələb edir.  Sonda düzgün təsəvvür yarandığı təqdirdə isə mövzu, artıq həmin şəxs üçün bədihiyyata çevrilir.

İkincisi, Ayətullah Sübhaninin Ayın nurunu burada misal çəkməsi fikrimcə tam yerində düşüb. Belə ki, az əvvəldə ər-Raziyə etiraz edir ki, bədihi məsələr hamısı eyni dərəcədə deyildirlər. Belə bir iddianın ardından zatı gərəyi bədihi olan iki misal çəkməsi  isə məntiqi yöndən doğru olmazdı. Ona görə də fərqli formalarda hasil ola bilən bədihiyyatdan nümunələr gətirməsi daha məntiqlidir.

Fəxr ər-Razinin Allahın görülməsi mövzusunda digər bir iddiası budur ki, bu növ görmədə "muqabələ" (üzbəüz dayanma) məsələsini mane kimi göstərmək yanlışdır. Belə ki, Allahın varlığı digər varlıqlardan fərqlənir, onlara bənzəmir. Üzbəüz dayanma məsələsi maddi varlıqlarda keçərlidir, mücərrəd (abstrakt) varlıqlarda deyil.  Ayətullah Sübhaninin bu iddiaya cavabı budur ki, burada əgər görmə prosesi iki varlıq arasında cərəyan edirsə, deməli üzbəüz dayanma şərtdir. Görənin insan və ya başqa bir canlı olması, həmçinin görülən varlığın da görəndən fərqli bir xüsusiyyətə sahib olması görməyə heç bir təsir qoymur. Necə ki, 2+2=4 hesablamsında ədədlərin maddi və ya mücərrəd olması fərq etmir.

Daha sonra müəllif Ayətullah Sübhaninin bu sözünə etiraz edərək bildirir ki, bu iddia olduqca problemlidir və razılaşmayacağımız bir çox nəticələrin yaranmasına səbəb olacaq. Әgər görmə prosesində görənlə görülənin xüsusiyyətlərini nəzərə almasaq və yalnızca görmək məsələsi üzərində təmərküzləşsək, o zaman Allah bizi necə görür? Әgər görmə prosesində üzbəüz dayanma şərtidirsə, o zaman Allahın bizi görməsi üçün gərək biz də ona nisbətdə müəyyən məkan və cəhətdə olaq. Belə olan təqdirdə, ya Allahın cəhətə sahib bir varlıq olduğunu qəbul edək ki, bu nəticəni Ayətullah Sübhani qəbul etmir, ya da ki, cəhət və üzbəüz durma şərtini görməyin şərtləri arasından çıxaraq.

Cavab: Müəllifin dediyi kimi, görənlə görülənin hansı xüsusiyyətlərə sahib olması görmə prosesinə birbaşa təsir göstərir. Bu təsbit doğrudur. Ancaq müəllifin bu məsələni Ayətullah Sübhaniyə irad qismində gətirməsi bir qədər dəqiq deyildir, çünki arada olan münaqişə mütləq mənada olan görmək barəsində deyildir.

Məlum olduğu kimi, görmək maddi və mənəvi olmaqla iki qismə ayrılır. Sübhani də daxil olmaqla bütün şiə alimləri Allahı qəlb gözüylə görməyin mümkün olduğunu söyləyiblər. Hətta, Nəhcul-Bəlağə kitabında bu barədə hədis də nəql olunub. Zilib əl-Yəmani adlı biri Hz.Әlidən (ə) Allahı görmək barədə sual verdikdə, Hz.Әli (ə) Allahı iman gözüylə görməyin mümkün olduğunu, bunun müqabilində maddi gözlə görməyin imkansız olduğunu söyləyib. Deməli, görməyin mənəvi növü müzakirə mövzusu deyildir. İslam alimləri arasında mövcud olan əsas ixtilaf Allahın maddi gözlə görülməsindədir. Belə olan təqdirdə, Ayətullah Sübhaninin görən və görülənin mahiyyətindən asılı olmayaraq, görmə prosesində üzbəüz dayanmanı mütləq şəkildə şərt qoşması da aydınlaşmış olur. Әgər söhbət maddi görməkdən gedirsə, deməli üzbəüz dayanma şərtdir, çünki maddi görmənin şərtləri bunu tələb edir. Әgər bir şeyi üzbəüz dayanmadan maddi gözlə görə biləcəyimizi iddia ediriksə, o zaman bu şəkildə görmə prosesi tək Allahı görmədə deyil, digər cinsdən olan bütün növ görmələrdə də özünü doğrultmalıdır. Yəni, siz arxanızda olan bir əşyanı da üzbəüz dayanmadan maddi gözlə görə bilməlisiniz. Halbuki, belə bir şeyin baş tutmasının imkansız olması aydın məsələdir.

Yaxşı, o zaman Allahın bizi görməsini necə izah edə bilərik? Әgər görmə prosesində üzbəüz dayanma və cəhət şərtdirsə, o zaman Allah da bizi görmək üçün bizimlə üzbəüz dayanmalıdırmı?

Cavab: Allahın bizi görməsi üçün bizimlə üzbəüz dayanması şərt deyildir. Bizim məkan və cəhətdə olmağımız isə Allahın bizimlə olan istənilən növ təmasını cəhət və yön sahibi etmir, çünki məkan, zaman, yön, cəhət və s. kimi anlayışlar ancaq maddi varlıqlara aiddir. Mücərrəd varlıqlar barəsində isə bu cür anlayışlar heç bir məna ifadə etmir.

Bundan əlavə, Fəxr ər-Razi öz təfsirində Zirar ibn Amr əl-Kufinin maraqlı bir rəyini qeyd edir. Zirar ibn Amra görə, Allahın adi gözlə görülməsi özlüyündə imkansız olan bir haldır. Buna görə də Allah, qiyamətdə möminlərin öz Rəbblərini görmələri üçün altıncı bir hiss üzvü yaradacaq. Həmin bu yeni yaranacaq hiss üzvünün vasitəsiylə qiyamətdə Allahı görmək mümkün olacaq. Daha sonra Fəxr ər-Razi bu rəyin məqbul bir rəy olub Allahın görülməsi məsələsində ona etimad oluna bilinəcəyini deyir. (Təfsir ər-Razi, c.13, səh.218).

Fəxr ər-Razinin Zirar ibn Amrın sözünü təsdiq etməsi bir daha Allahın maddi gözlə görülməsinin imkansız olduğunu təsdiqləyir. Yaranacaq altıncı hissin nə olması, hansı xüsusiyyətləri özündə daşıması elə də önəmli deyil ki, bu məsələ ətrafında əlavə müzakirələr aparaq. Önəmli olan bu hissin maddi görmə qüvvəsindən tamam fərqli bir şey olmasıdır. Bu da özlüyündə mötəzilə və şiə alimlərinin bu mövzu barədə etdikləri iradların haqlı olduğunu göstərmək üçün kifayət etməkdədir.

Daha sonra müəllif Ayətullah Sübhaninin ər-Raziyə olan başqa bir iradını cavablamağa, və ya öz təbiriylə desək çürütməyə çalışır. Ayətullah Sübhani Fəxr ər-Razi və onun timsalında digər şəxslərə belə bir sual ünvanlayır ki, əgər siz Allahı maddi gözlə görə biləcəyinizi qəbul edirsinizsə, o zaman Allahın bütününü görəcəksiz, yoxsa bir hissəsini? Әgər bütününü görsəniz, deməli siz, Allahın varlığını tamamiylə əhatə etmiş olacaqsınız. Bu isə həqiqətdə Allahın deyil də, bizim "Muhit" (əhatə edən) olduğumuzu, Allahın isə "Muhat" (əhatə olunan) olduğunu göstərir. Yox, əgər Allahın bir hissəsini görəcəyiksə, o zaman bu iddia nəticədə Allahın hissələrdən təşkil olunduğunu, dolayısıyla mürəkkəb bir varlıq olmasını gərəktirir. Hər iki nəticə yanlış olduğu üçün Allahın görülməsi imkansızdır.

Müəllif Ayətullah Sübhaninin bu iddiasını çürütmək üçün "elm" prinsipini ortaya çəkir. Deyir ki, siz Allahı bilərkən onun bir hissəsini bilirsiz, yoxsa hamısını? Şübhəsiz hər iki növ bilmək Allah barəsində imkansızdır. Amma, buna baxmayaraq biz, Allah barəsində elm sahibi olduğumuzu söyləyirik. Deməli, Allah barəsində elm əldə etmək necə yuxarıda qeyd olunan tərkib və əhatə etmək kimi problemlərə səbəb olmursa, Allahı görmək də eynilə bu şəkildə heç bir problemə səbəb olmamalıdır.

Cavab: Müəllifin görmək məsələsinə elmlə qarşılıq verməsi həqiqətdə yanlış qiyaslamadır. Belə ki, görmək və bilmək iki fərqli kateqoriyadır. Görməyin öz şərtləri, bilməyin isə özünəməxsus başqa şərtləri vardır. Maddi gözlə görmə prosesində görənin görülən əşyayla üzbəüz dayanması şərtdir. Halbuki bilmədə bu xüsusiyyət şərt deyildir.

Məsələn, hamımız "Paradoks" adlı məfhumun reallığını qəbul edirik. Paradoksun baş verməsi, məlum olduğu kimi, qeyri-mümkündür və bizim bu həqiqət barəsində elmimiz vardır. İndi müəllifin məntiqiylə düşünsək biz, paradoksun bir hissəsini görürük, yoxsa bütününü? Cavab budur ki, heç birini. Belə ki, paradoks məfhumu sabit olduğu kimi fəlsəfi məfhumdur, yəni, xarici aləmdə gözlə görülə bilən konkret nümunəsi yoxdur. Amma, reallıqdır, sırf xəyal məhsulu deyildir. Deməli, biz hansısa bir şeyi hissələrə bölmədən və ya onun bütününü əhatə etmədən dərk edə bilirik. Allahın bilinməsi də eynilə bu qəbildəndir. Onun haqqında elm əldə etmək üçün nə onu əhatə etməyə, nə də onu hissə şəklində görməyə lüzum yoxdur, ümumiyyətlə belə bir şey mümkün deyildir. Halbuki, görmə prosesi tamamilə fərqlidir. Maddi görmə prosesində biz görmək istədiyimiz varlıqla üzbəüz dayandığımız üçün hissə və ya bütün şəklində görmə müzakirə mövzusudur. Ancaq elm məsələsi tamam fərqli bir kateqoriyaya aid olduğu üçün qeyd olunan problemlər burada yaranmır.

Sonda müəllif məsləhət görür ki, yaxşı olardı Ayətullah Sübhani Maturidi alimlərinin bu kimi şübhələri darmadağın etdikləri kitablara nəzər yetirərdi.

Әgər müəllifin idda etdiyi həmin darmadağın etmə prosesi müəllifin bu məqalələrində iddia etdiyi çürütmə fəaliyyətlərinə bənzəyirsə, o zaman məsələ məlumdur. Yəni, həmin kitablara baxıb vaxt israf etməyə lüzum yoxdur...

ardı var...

Təbriz Nəcəfi

313news.net

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!