Bağışlayan və Mehriban Allahın adı ilə
Məlum olduğu kimi, Allahın görülməsi (Royətullah) məsələsi islam alimləri arasında ciddi şəkildə fikir fərqliliyinin yaranmasına səbəb olmuş önəmli məsələlərdən biridir. Mövzu birbaşa inancla bağlı olduğuna görə olduqca həssasdır.
Bir dəstə İslam aliminin inancına görə, Allahın görülməsi özlüyündə mümkün olan bir haldır. Sadəcə olaraq, həmin görmə prosesi bu dünyada deyil, yalnızca axirətdə baş tutacaq. Ancaq digər dəstəyə görə, Allahın görülməsi özlüyündə qeyri-mümkün olan bir işdir. Belə olan təqdirdə, istər dünya olsun, istərsə də axirət, fərq etmir, Allahın görülməsi özlüyündə mümkünsüz bir hal olduğu üçün bu proses heç zaman həyata keçməyəcək.
Hər iki dəstənin öz iddialarını isbatlamaq üçün elmi əsərlər yazdıqları və bu məzmunda müəyyən arqumentlərdən istifadə etdikləri məlum məsələdir. Həmin əsərlərdən biri də Ayətullah Cəfər Sübhaninin qələmə aldığı "Allahın görülməsi Quran, sünnə və ağıl işığında" kitabıdır. Adı çəkilən kitab 1-2 il öncə azərbaycan dilinə tərcümə edilərək, oxucuların istifadəsinə verilmişdir. Müəllif həmin kitabda Allahı görməyin mümkünsüz olduğunu isbatlamaq üçün oxucular üçün müəyyən dəlillər təqdim etmişdir.
Bir neçə gün öncə Ayətullah Sübhaninin kitabına Rüstəm Mehdi Qubavi adlı şəxsin silsiləvi rəddiyyələr yazdığını gördüm. Müəllif qələmə aldığı bu məqalələrində öz təbiriylə desəm, Sübhaninin kitabında gətirdiyi dəlilləri çürütməyə çalışmışdır. Bu çürütmə prosesində nə qədər müvəffəq olub, onu birazdan təfsilatıyla yazacağam. Ancaq cavaba keçməzdən öncə, Rüstəm bəy və onun üslubunda cızma-qara edənlər üçün kiçik xatırlatma etməyi lazım bilirəm.
Hər bir kəsin öz inancını müdafiə etməsi olduqca normal bir haldır. İnanclı kəsim bu məqsəd uğrunda istər yazmaqla olsun, istərsə də dərs deməklə, sahib olduğu inanclarını müdafiə etməli və yanlış bildiyi əks dəlilləri müzakirə edərək bir-bir çürütməlidir. Bu, hər bir kəsin təbii haqqıdır və heç kim həmin şəxsi bu haqqından məhrum edə bilməz. Ancaq müdafiə prosesində yazıçının riayət etməli olduğu bir sıra əxlaqi normalar var ki, onların çeynənməsi heç bir şəkildə yolverilməzdir. Әgər bir şəxs elmi-akademik yazı yazmaq istəyirsə, o zaman yazısında maksimum dərəcədə obyektivliyə riayət etməli, primitiv etik qaydaları pozmamalıdır. Belə ki, əgər yazıçının yazısında qarşı tərəfin ünvanına yönəlik müəyyən xoşagəlməz ifadələr nəzərə çarpsa, bu zaman yazının elmiliyi və akademik bir camiə üçün nəzərdə tutulması ciddi şəkildə sual altına düşür. Qarşı tərəfin şəxsiyyəti üzərindən auditoriyanı cəlb etmə cəhdi siyasətçilərə, şou göstərənlərə məxsus bir haldır. Elmi yazıya gəldikdə, bu kimi hallardan şiddətlə çəkinmək lazımdır. Sənin nəzərində qarşı tərəf kimdir, nə kimi özəlliklərə sahibdir bütün bunlar həqiqət olsa belə, nəticədə elmi yazıların öz qanun-qaydaları var ki, gərək hamı buna riayət etsin. Әgər əlinə qələm alan hər bir yazıçı digərləri barədə öz şəxsi qənaətlərini qeyd etsə, o zaman həmin yazı elmi məqalə olmaqdan çıxıb bazar söhbətinə dönəcək. Ümid edirəm bu qısa xatırlatma Rüstəm bəy üçün faydalı olar və yazılarında etik normalara maksimum dərəcədə riayət edər.
İndi isə keçək əsas mətləbə. Bu müxtəsər yazacağım məqalədə müəllifin məqaləsində qeyd etdiyi bəzi fikirlərə münasibət bildirəcəyəm.
1) Müəllif iddia edir ki, İslam dininin təhrif olunması mümkün olmayacaq bir işdir. Bu özlüyündə bədihi bir məsələdir və Sübhani kimiləri bu bədihi hesab olunacaq məsələlərdən xəbərsizdirlər. Səbəb isə digər dinlərdən fərqli olaraq, Allahın məhz bu dinini qorumasıdır. Ona görə də islamı üzdə qəbul etmiş yəhudi və xrsitianlar bu dinə bir sıra şeylər əlavə edə bilsələr də amma bu proses islamı təhrif etmə həddinədək gəlib çatmamışdır.
Cavab: Müəllifin bu cümlələrindən iki növ təhrifi bir-biriylə qarışdırdığı anlaşılır. Allahın qorumasını vədə verdiyi şey yalnızca Qurani-Kərimdir. İslam dini isə təkcə Qurandan ibarət deyildir. Din deyilərkən Quran və peyğəmbərin sünnəsi nəzərdə tutulur. Bu günədək hələ heç bir alim İslam dininin yalnızca Qurandan ibarət olduğunu söyləməyib. İslam dini əvvəl Quran, sonra isə sünnədən ibarətdir. Sünnənin bu ikinciliyi isə İbn Üseyminin dediyi kimi, sadəcə olaraq rəqəmsəl bir ikincilikdir. Amma mahiyyətə və rütbəyə gəldikdə, İbn Üseymin özü də etiraf edir ki, bu ikisi eyni dərəcədə önəmə sahibdirlər.
Sünnəyə gəldikdə, hədislərin təhrif olunması danılmayacaq həddə aşkar olan bir məsələdir. Ona görə də İslam peyğəmbəri hələ həyatda ikən onun adından yalan danışanların çoxaldığını, bu üzdən hədis uyduranların özləri üçün cəhənnəmdə yer hazırlamalarını söyləmişdir. Fitnə dönəmində səhabələrin artıq sənəd qeyd olunmadan hədis qəbul etməmələri də mövcud problemin nə qədər ciddi olduğunu göstərir. Təbii ki, məsələ sırf həyəcan təbillərini çalmaqla bitmədi. Bu fitnənin və təhrif prosesinin əlamətləri sonrakı dövrlərdə meydana çıxmış bir çox məzhəblərin varlığı ilə reallaşmış oldu. Әgər ortada birdən çox fiqhi məktəb varsa, üstəlik hər birinin özünə məxsus hədis qəbul etmə prinsipləri nəzərə alınarsa, belə ki, bir fəqihin qəbul etdiyini digəri qəbul etmirsə, və ya Әbu Hənifə kimi fəqihlər ümumilikdə əksər hədisləri rədd edib əvəzində qiyasa əməl edirsə, deməli ortada ciddi şəkildə təhrif olunmuş sünnə vardır. Buna görədir ki, Sufyan əs-Səuri Әbu Hənifənin etibarlı biri olmadığını söyləyirdi. Nisai Әbu Hənifənin hədis elmində zəif olduğunu deyirdi. Şərik isə Kufənin dörd bir yanında şərab satan birinin olmasını, orada Әbu Hənifənin fikirlərinin nəql olunmasından üstün bilirdi (Abdullah ibn Adiy, əl-Kamil, səh 6).
Üstəlik bu təhrifə Qurani-Kərimin mənası üzərindən edilən təhrifi də əlavə etsək (belə ki, eyni ayə barəsində fərqli alimlər müxtəlif fikirlər söyləyiblər), o zaman müəllif nə haqla və hansı elmi, məntiqi, tarixi əsaslara söykənərək dinin təhrif olunmadığını söyləyir? Görəsən müəllif İslam ümmətinin 73 firqəyə bölünəcəyi barədə olan hədisi oxumayıb? Әgər ortada heç bir təhrif yoxdursa, o zaman 73 firqə hardan peyda oldu? Məlum məsələdir ki, 73 firqənin varlığı ortada olan təhrifdən xəbər verir. Amma nədənsə müəllif İslam dininin təhrif olunmadığını, hətta bu məsələnin bədihi (aksiom) olduğunu söyləyərək hələ bir Ayətullah Sübhaniyə də tənə edir.
Mümkündür müəllif bu iradımıza belə bir iradla qarşılıq versin ki, mən İslam dini təhrif olunmayıb deyərkən, bu qədər fərqliliyə baxmayaraq həqiqi dinin mövcud olduğunu nəzərdə tutmuşam. Yəni, baxmayaraq ki, ortada müəyyən azmalar, bidətlər, təhriflər olub, amma Allah-Taala bu təhriflərin arasında öz saf və həqiqi dinini alimlər vasitəsiylə qoruyub saxlamışdır.
Belə bir cavab şübhəsiz yetərli deyildir. Belə ki, bu mənada olan qorunmaqlığı Ayətullah Sübhaninin özü də qəbul edir. Ona görə də bu barədə fikrimcə, uzun-uzadı izahlar verməyə lüzum yoxdur. Xülasə, müəllif Quranın təhrifiylə dinin təhrifini bir-biriylə qarışdırıb və bu ikisi arasında lazımınca fərq qoya bilməyib.
2) Müəllifin Ayətullah Sübhaniyə etdiyi ikinci etiraz xəlifələrin hədis nəqlinin qadağan etmələri barəsindədir. Müəllif iddia edir ki, belə bir qadağanın iki xəlifə tərəfindən icra edilməsi aşkar yalandan savayı bir şey deyildir. İslam tarixindən xəbərdar olan hər kəs bilir ki, peyğəmbərin zamanından başlayaraq xəlifələrin xilafət dövrü də şamil olmaqla hədis nəqli sərbəst idi.
Cavab: Sünni rical, hədis və tarix kitablarına nəzər yetirdikdə isə ümumi mənzərənin müəllifin iddiasından tamam fərqli bir şəkildə olduğunu görürük. Әgər bir insan ideoloji yanaşmanı bir kənara qoyaraq hadisələrə tam obyektiv şəkildə yanaşarsa, ən böyük qadağaların məhz iki xəlifə dövründə icra olunduğunu görə bilər. Nümunə olaraq, burada Zəhəbinin "Təzkiratul-huffaz" kitabında ikinci xəlifənin hədis nəqlinə necə məhdudiyyət qoyduğuna nəzər yetirək:
Qurza ibn Kəb deyir: Biz İraqa gedərkən Ömər bir qədər bizə yol yoldaşı oldu. Daha sonra bizə tapşırıq verdi ki, peyğəmbərdən az hədis nəql edin, insanların başını hədislərlə qatmayın, qoyun əvəzində daha çox Quranla məşğul olsunlar. Qurza ibn Kəb deyir: Biz gedəcəyimiz bölgəyə çatdıqda insanlar məndən hədis nəql etmələrini istədilər. Mən də cavabında: "Ömər bu işi bizə qadağan edib" - dedim. (Təzkiratul-huffaz, cild 1, səhifə 8).
Səd ibn İbrahim atasından nəql edir ki, Ömər, İbn Məsud, Әbu Dərda və Әbu Məsud Әl-Әnsarini sırf peyğəmbərdən çox hədis nəql etdiyinə görə həbs edib. (Həmin mənbə)
Әbu Hüreyrə deyir ki, əgər indi danışdığım qədər Ömərin zamanında hədis danışsaydım, Ömər boynumu vurardı. (Eyni mənbə).
Әbu Hüreyrə deyir: Ömər dünyasını dəyişənədək "Allah rəsulu dedi" sözünü deyə bilmirdik. (İbn əl-Әsir, cild 8, səhifə 108).
Fikrimcə, bu qədər nümunə qeyd etmək kifayətdir. İstəyənlər bu barədə daha artıq nümunələr tapa bilərlər. İndi sual burasındadır ki, əgər həqiqətən Ömərin zamanında heç bir qadağan yox idisə, o zaman Zəhəbinin və ibn əl-Әsirin öz kitablarında yazdıqları bu hədislər bəs nədir? Niyə Әbu Hüreyrə Ömər dünyasını dəyişənədək hədis nəql etməyə qorxduqlarını deyir? Niyə peyğəmbərin üç şanlı səhabəsi sırf peyğəmbərdən hədis nəql etdiyi üçün Ömər tərəfindən həbs olunur? Niyə Ömər Qurza ibn Kəbə "gedəcəyiniz yerdə peyğəmbərdən az hədis nəql edin" - deyə qadağa qoyur və nəticədə Qurza ibn Kəbdən yerli camaat hədis nəql etməsini tələb edərkən susur və Ömərin bu işi qadağan etdiyini söyləyir? Görəsən müəllifin bu qadağalara dair təəssübkeş və ideoloji yanaşmadan tamamilə uzaq məntiqli bir cavabı var? Görəsən islam şəriətində səhabənin peyğəmbərdən hədis nəql etməsinin cəzası həbsdir? Bu cəza hansı Quran ayəsinə və səhih sünnəyə dayanır?
Mümkündür müəllif öz keçmiş sələfləri kimi Ömərin bu qadağalarına belə bir məzmunda üzr gətirsin ki, bu qadağalar həqiqətdə Ömərin Quranın təhrifini və hədislərlə qarışmasının qarşısını almaq məqsədi daşıyırdı. Həmin dövrdə belə bir təhlükə olduğu üçün bu şəkildə qadağaların icra edilməsi də olduqca məntiqli bir addımdır. Ancaq bu klassık cavab heç də problemin həlli üçün həlledici cavab deyildir. Problemi həll etmək əvəzində başqa problemlərin yaranmasına zəmin yaradır. Necə deyərlər, üzrü günahından da böyükdür. İndi isə gəlin bu cavab haqqında bəzi qeydlərə nəzər yetirək:
a) Әgər həqiqətən Quranın hədislə bir-birinə qarışması təhlükəsi vardısa və Ömərin qadağaları da sırf bu qayə uğrunda idisə, o zaman Quranın fəsahət və bəlağəti, dolayısıyla möcüzə olması tamamilə sual altına alınır. Hətta ayə və hədis eyni kağız üzərində yazılsa belə, Quranın mətninin möcüzə olması birinin digərindən rahat şəkildə ayırd edilməsini gərəkdirir. Deməli, iddia olunduğu kimi belə bir təhlükənin olması mümkün deyildir. Belə bir iddia ancaq Quranın möcüzəliyini inkar etməklə mümkündür.
b) Әgər ortada belə bir təhlükə vardısa, o zaman hədis nəqlinin qadağan edilməsi çıxış yolu deyildi. Belə ki, bu qadağalar nəticədə dinin ikinci əsas hissəsi olan sünnənin dolayısıyla unudulmasına və sıradan çıxmasına səbəb olacaqdı. Әrəblərin iti və güclü zehnə sahib olmaları isə hədislərin qorunması üçün yetərli deyildi, çünki bəzi səhabələrin hafizə gücləri yaşlandıqca zəifləyir, unutqanlıq yaranırdı. Ona görə də sünni hədis elmində "zəbt", yəni, ravinin zehni yaddaşının yerində olması, unutqan olmaması şərt qoşulub. Həmçinin, bəzi səhabələrin ömürlərinin sonlarına yaxın yaddaş problemi yaşadıqlarına görə onların həmin dövrdə nəql etdikləri hədislər məqbul hesab olunmur. Belə olan təqdirdə, Ömərin Quranı təhrifdən qorumaq xatirinə hədislərin nəql olunmasına qadağa qoyması yanlış yoldur. Bu şəkildə edilən yanlış icraatlar dinin ikinci əsas rüknünün dolayısıyla aradan getməsinə səbəb ola bilər.
Әslində çıxış yolu çox bəsit idi. Hədislərin ayrıca yazılaraq xüsusi formada qorunması ilə məsələ həllini tapmış olacaqdı. Üstəlik bəzi səhabələrin hədis yazdıqları "Səhifə"lərinin olması onların belə bir təcrübəyə sahib olduqlarını göstərir. Belə olan təqdirdə, hədis nəqlini qadağan etmək, üstəlik buna görə heç bir şəri əsas olmadan bəzi səhabələri həbs etmək həqiqətdə Ömərin bu icraatında necə yanlış yol tutduğunu göstərir.
c) Müəllif özü etiraf edir ki, Təmim əd-Dari İslamda hekayə söyləyən ilk şəxs olub və Ömərin özü bu işi görməsinə şəxsən icazə verib. İndi haqlı olaraq burada belə bir sual yaranır ki, əgər Ömərin hədis nəqlinə dair qadağaları sırf Quranı qorumaq xatirinə idisə, bəs nəyə görə həmin həssasiyyəti Təmim əd-Darinin söylədiyi hekayələr barəsində görə bilmirik? Әgər hədis dinləyənlər Quranla hədisi bir-birinə qarışdıracaq qədər savadsızdırlarsa, o zaman bənzər təhlükə hekayələr barəsində də keçərlidir. Bildiyiniz kimi, Quranda bir çox yerdə keçmişdə yaşayan qövmlərin, peyğəmbərlərin barəsində müəyyən hekayələr nəql olunub. Deməli, Təmim əd-Darinin nəql etdiyi hekayələrin Quran ayələri ilə qarışma təhlükəsi də vardır. Bəs nə əcəb Ömər buna heç bir qadağa qoymur?
3) Müəllifin Ayətullah Sübhaniyə etdiyi digər bir irad isə "Biharul-ənvar"da keçən və məzmunundan təcsim anlaşılan bəzi hədislər barəsindədir. Deyir, əgər şiələr özlərini hədis keşikçiləri adlandırırlarsa, bəs bu hədislər onların kitablarına necə girə bilib?
Cavab: İlk öncə qeyd edim ki, heç bir şiə alimi imamların adlarından uydurma hədislərin nəql olunduğunu inkar etməyib. Buna görədir ki, alimlərimiz hədisləri səhih, həsən, müvəssəq, zəif, uydurma olmaqla fərqli bölgülərə tabe tutublar. Məlum məsələdir ki, bu bölgülər hədis kitablarında zəif və uydurma hədislərin olduğundan xəbər verir. Әks təqdirdə, adı çəkilən bölgünün heç bir mənası qalmazdı.
İkincisi, hədislərin məzmunu üzdə təcsimə dəlalət etsə də, amma heç bir şiə alimi təcsim inancını qəbul etməyib. Müəllifin qəbul etmədiyi Әllamə Məclisinin hədisə dair yozumu da bunun şahididir. Buna görədir ki, Әllamə Məclisi hədisi təvil etmək məcburiyyətində qalır. Belə ki, Әllamə Məclisi də daxil olmaqla digər şiə alimlərinin rəyləri təcsim inancının yanlış olmasıdır. Halbuki, bəzi sünni alimləri şiə alimlərindən fərqli olaraq, hədislərin məzmununu olduğu kimi qəbul edərək həqiqətdə təcsim inancına bulaşıblar. Dildə bunu inkar edə bilərlər, halbuki, sahib olduqları inanclara nəzər yetirdikdə, ortada təcsimdən savayı bir şeyin olmadığını görürük. Məgər Allahın maddi gözlə görüləcəyinə inanmaq təcsimdən savayı nəyi ifadə edir? Bu inancın təcsimə necə dəlalət etdiyinə dair növbəti yazımda məlumat verəcəyəm. Hələlik işarə etməklə kifayətlənirəm.
Xülasə, bu qəbildən olan zəif hədislər hər iki məzhəbin hədis kitablarında mövcuddur. Ancaq önəmli olan, alimlərin bu hədislərə yanaşma tərzidir. Gördüyünüz kimi, Әllamə Məclisi kimi alimlər hədisləri yozaraq bunun istiarəyə (metaforika) dəlalət etdiyini söyləyiblər. Ona görə də bu qəbildən olan hədislərə istinad edərək nə hədis kitablarına bütünlükdə kölgə salmaq, nə də hansısa alimlərin təcsim inancına sahib olduğunu iddia etmək obyektiv bir yanaşma deyildir. Önəmli olan məzhəbin alimlərinin həmin hədislərə yanaşma tərizidir...
ardı var...
Təbriz Nəcəfi
313news.net