Şiə fiqhi genişliyi, əhatəliliyi, dərinliyi, dəqiqliyi və dövrün tələb və yeniliklərinə uzlaşmaq qabiliyyəti ilə seçilən qədim köklərə malik bir fiqhdir. On iki imam şiə fiqhi ilk növbədə Qurani-Kərimə, daha sonra Əhli-Beyt və ya güvənilən səhabə və tabeilər vasitəsi ilə nəql edilmiş Peyğəmbər sünnəsinə əsaslanır. Quran və sünnə ilə yanaşı şiə fiqhi fiqhin müvafiq məsələlərində ağıl və icmanı da mötəbər mənbələr qəbul edir.
Şiələr məhz bu dörd əsas sayəsində dövrün tələb və yeniliklərinə uyğunlaşa bilən bir fiqh ortaya qoymuşlar. Onlar ictihad qapısını bağlamamış, əsrlər boyu tayı-bənzəri olmayan böyük fəqihlər və elmi əsərlər ərsəyə gətirmişlər. Aşağıda məşhur şiə fəqihləri* barədə qısa məlumat verəcəyik:
İkinci hicri əsrin şiə fəqihləri:
Bu dövrdə şiələr içərisindən Zürarə ibn Əyən, Məhəmməd ibn Müslim, Büreyd ibn Müaviyə və Füfzeyl ibn Yəsar kimi ictihadın zirvəsinə çatmış kifayət sayda böyük fəqihlər çıxmışdır. Bu şəxslərin hamısı Əbu Cəfər Əl-Baqir və oğlu Cəfər Əs-Sadiqin görkəmli tələbələri olmuşlar.
Bu şəxslərlə yanaşı İmam Sadiq məktəbinin tələbələri olan Cəmil ibn Dərrac, Abdullah ibn Miskan, Abdullah ibn Bukeyr, Həmmad ibn Osman, Həmmad ibn İsa və Əban ibn Osman da böyük fəqihlərdən hesab olunurlar.
Digər qrup fəqihlər isə İmam Kazım və İmam Rzanın tələbələri sayılan Yunis ibn Əbdürrəhman, Məhəmməd ibn Əbu Ümeyr, Abdullah ibn Müğeyrə, Həsən ibn Məhbub, Hüseyn ibn Əli ibn Fəzzal və Füzalə ibn Əyyubdur.
Adıçəkilən bu görkəmli şəxslər 2-ci hicri əsrində və 3-cü hicri əsrin əvvəllərində yaşamış, “əsl”, “kitab”, “nəvadir”, “cami”, “məsail” və s. bu kimi ümumi adlar altında qiymətli elmi əsərlər qoyub getmişlər.
Üçüncü hicri əsrin şiə fəqihləri:
Üçüncü əsrdə yaşamış böyük şiə fəqihləri də bu günədək öz önəmini saxlayan bir sıra əsərlər qələmə almışlar. Bu alimlər və onların əsərlərindən aşağıdakıları göstərə bilərik:
1. Yunis ibn Əbdürrəhman: İbn Nədim “Əl-Fihrist” kitabında onun barəsində “dövrünün böyük bilcisidir (əllaməsidir), “Cəvamiul-asar”, “Əl-Camiul-kəbir” və “Kitabuş-şərai” adında kitabları olmuşdur.
2. Səfvan ibn Yəhya: öz dövrünün ən güvənilən şəxsi olmuş, 30 kitab yazmışdır.
3-4. Səid ibn Həmmad Əl-Əhvazinin oğlanları Həsən və Hüseyn: 30 kitab yazmışlar.
5. Əhməd ibn Məhəmməd ibn Xalid Əl-Bərqi: “Əl-Məhasin” və d. kitabların müəllifidir.
6. Məhəmməd ibn Əhməd ibN Yəhya Əl-Əşəri Əl-Qummi: “Nəvadirul-hikmət” və “Əl-Cami” kitablarının müəllifidir.
7. Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Əl-Bəzənti: “Əl-Cami” kitabının müəllifi.
Dördüncü əsrin şiə fəqihləri:
1. Həsən ibn Əli ibn Əbu Əqil;
2. Əli ibn Hüseyn ibn Babəveyh;
3. Məhəmməd ibn Həsən ibn Vəlid Əl-Qummi;
4. Cəfər ibn Muhəmməd ibn Qəvləveyh;
5. Məhəmməd ibn Əli ibn Hüseyn Əs-Səduq;
6. Məhəmməd ibn Əhməd Əl-Cüneyd Əl-İskafi.
Beşinci əsrin şiə fəqihləri:
Beşinci əsrdə də şiə, hətta islam fiqhini adları və fikirləri ilə zənginləşdirmiş böyük fəqihlər yetişmişdir. Bunlara misal olaraq, Şeyx Müfid, Şərif Mürtəza, Şeyx Kəraciki, Şeyx Tusi, Salar Əd-Deyləmi, İbn Əl-Bərac və digər şəxsləri göstərə bilərik. Bu şəxsiyyətlər barədə ətraflı məlumat almaq istəyənlər avtobioqrafik ensiklopediyalara, xüsusilə də “Əz-Zəriə” kitabına müraciət edə bilərlər.
Şiə alimləri çox çətin və ağır şərtlər altında elmi fəaliyyət göstərmişlər. Zalım hökumətlər və onların əlaltıları daim onları təqib etmiş, həbsə atmış və ya qətlə yetirmişlər. Buna rəğmən onlar bu böyüklükdə və əzəmətdə elmi məhsul ərsəyə gətirmişlər. Elə təkcə Şeyx Tusini misal göstərmək olar ki, müqayisəli fiqhə dair yazdığı 8 cildlik “Əl-Məbsut” əsərini məzhəbi çaxnaşmaların ən pik nöqtədə olduğu və şiələrə qarşı amansız təqiblərin olduğu bir vaxtda qələmə almışdır. Şeyx Tusinin vaxtında vəziyyətə elə bir həddə gəlib çatmışdı ki, onu təhqir etmiş, Bağdadın Kərx bölgəsində yerləşən evini və kitabxanasını yandırmışdılar və o da məcbur qalıb yarım əsrdir yaşadığı şəhərini tərk edərək, gizlicə Nəcəf şəhərinə sığınmalı olmuşdu.
Bir Şeyx Tusinin vəziyyətinə baxın, bir də sakitlik və əmin-amanlıqda yaşamış, hakim dairələr tərəfindən hörmət görmüş, bir neçə beytlik ucuz şer və ya bir neçə səhifəlik kitabça və ya traktatlar müqabilində hədiyyə və bəxşişlər almış şəxslərin vəziyyətinə. Fərq kifayət qədər aydındır.
___________________
* Qeyd: burada məqsəd elmin inkişafında xüsusi rola malik ən məşhur şəxslər barədə məlumat verməkdir.
Mənbə: “Dauruş-şiə fi binail-hadaratil-islamiyyə” kitabı
Müəllif: Cəfər Sübhani
313news.net