Tədqiqat » Ən üstün şəxsin atası – Hz. Abdullah

Adı: Abdullah

Atası: Əbdul-Muttəlib.

Anası: Fatimə binti Umeyr.

Doğum tarixi: Hicrətdən 81 il öncə.

Doğum yeri: Məkkə

Həyat yoldaşı: Hz. Aminə.

Ləqəbi: Zəbihullah.

Künyəsi: Əbu Əhməd, Əbu Məhəmməd və s.

Övladı: Bir oğlan övladı – Hz. Muhəmməd (s).

Vəfat tarixi: hicrətdən 53 il öncə.

Ölüm səbəbi: Xəstəlikbəzi mənbələrə əsasən isə sui-qəsd.

Qəbri: Mədinə. (Darun-Nabiğə).

Ömrü: 25 və ya 28 il.

Evlilik tarixi: 9 Cəmadius-Sani.

Ailəsi.

Adı Abdullah, künyəsi, Əbu Qəşəm, Əbu Muhəmməd, Əbu Əhməd idi. Tarixi mənbələr ləqəbinin “Zəbihullah” olduğunu qeyd edir.

Atası: Abdullah bin Əbdul-Muttəlib, bin Haşim,bin Əbdi Mənaf, bin Qusay bin Kilab, bin Mərrə, bin Kəb, bin Luey, bin Ğaleb, bin Fihr, bin Malik, bin Nəzir, bin Kinanə, bin Xuzeymə, bin Mədrəkə, bin İlyas, bin Muzar, bin Nizar, bin Məd, bin Ədnan.

Anası: Fatimə binti Umeyr, bin Aiz, bin İmran, bin Məxzum, bin Yəqze, bin Mərrə, bin Kəb.

Hz. Abdullah Əbdul-Muttəlibin ən kiçik bəzi mənbələrdə isə 8-ci övladı idi. Adını Abdullah-Allahın qulu, bəndəsi mənasına gələn, ən gözəl adlardan birini qoydu. Bu ad təsadüfən qoyulan ad deyildi. Çünki bu ailə hənif dini üzrə idi və təkallahlığa imanları vardı.(Tarixi Təbəri c 2, səh 78; Cəfər Subhani, Furuğe əbədiyyət c 1,səh. 353; Sirəyi Rəsuli Xuda səh. 361) Allah Rəsulu (s) bir hədisində “Allah yanında ən gözəl adlar Abdullah və Əbdurrəhmandır” deyə buyurur. (Kənzul-ummal c, 16)

Hz. Abdullaha verilən “Zəbihullah” ləqəbinin əsli varmı?

Hz. Abdullaha Zəbihullah ləqəbinin verilməsi hadisəsini tarixi mənbələr belə nəql edir: “Əbdul-Muttəlib (Zəmzəm quyusunun bəprası zamanı) yaşadığı hadisələr zamanı özünü müdafiə edəcək övladlarının olmadığını görür. O zaman onun təkcə bir oğlu – Haris – vardı. Əbdul-Muttəlib əhd edir ki əgər 10 oğlum olsa onlardan birini Allah yolunda qurban edərəm. İstəyi yerinə gəlincə övladları arasında püşk atır və püşk Abdullahın adına çıxır. Əbdul-Muttəlib Hz. Abdullaha xüsusi sevgi bəsləməsi üzündən dəfələrlə püşk atsa da nəticə dəyişmir. Çarəsiz qalıb məsələni Qureyş böyükləri ilə müzakirə edir. Qərara gəlirlər ki Hz. Abdullahın yerinə 100 dəvə qurban kəsilsin. O gündən sonra bu cür məsələlərdə bir insana qarşılıq 100 dəvə qurban etmək onların adətinə çevrildi. Buna görə Allah Rəsulu (s) Hz. Abdullah və Hz. İsmaili nəzərdə tutaraq buyurardı: “Mən iki qurban edilənin oğluyam.”(Tarixul-qövmül-Məkkə və beytullahul-Kərim, c 1, səh. 112) Qeyd edək ki, bu hadisə şiə və sünni mənbələrində müxtəlif formalarda gəlmişdir. Hətta bu hadisənin böhtan və yalan olmasını iddia edən və həmçinin bu hədisi zəif, uydurma hesab edənlər də var. (Şeyx Səduq-Mən lə yəhzərul-fəqih, c 3, səh. 89 və s.) Bir sözlə bu məsələ özü yeni bir araşdırma mövzusudur. “Görəsən bu hadisə həqiqətən baş verib yoxsa uydurmadır?” sualına növbəti bəhslərimizdə ehtiyac olsa toxunarıq.

Ən gözəl evlilik.

“Kuhal Bəsrə” adlı kitab, Hz. Abdullahla bağlı maraqlı bir hadisə nəql edir. Kitabın yazdığına görə yəhudilər peyğəmbərin (s) gələcəyi ilə bağlı məsələdən xəbərdar idilər. Onların yanında Hz. Yəhyanın qanına bulaşmış bir yun parça vardı. Onlar öz kitablarında görmüşdülər ki, axirəz-zaman peyğəmbəri (s) zühur edəcəyi zaman bu yun parçadakı qan yoxa çıxacaq. Onlar bu parçadakı qan ləkəsinin yox olduğunu gördükdə son peyğəmbəri (s) dünyaya gətirəcək şəxslərə zərər vermək fikrinə düşdülər. Amma Allah Hz. Abdullahı qorudu və onların hiylələri baş tutmadı. Onlar Məkkədə hər kimdən Hz Abdullah barədə soruşurdularsa onlara bir cavab verilirdi: Abdullah bir nurdur ki, Qureyşlilərin evində parlayır.” (Kuhal Bəsrə, səh. 12)

Tarixin yazdığına görə Hz. Abdullah ov etmək üçün Məkkədən xaric olduqda bir dəstə yəhudi onu qətlə yetirmək üçün onu mühasirəyə aldılar. Bu zaman Hz. Aminənin atası bu mənzərəni görür və Hz. Abdullahı bu mühasirədən xilas edir. Vəhəb bin Əbdi Mənaf evinə qayıdaraq, baş verənləri evində danışır və həyat yoldaşına deyir: “Mən bu gün Abdullahda elə bir şücaət müşahidə etdim ki, heç bir ərəbdə o şücaəti görməmişəm.Allah onu gözəl və xüsusi nur vasitəsi ilə yaradıb.Əbdul-Muttəlibin evinə get və qızımız barədə ona danış, ta bu evlilik baş tutsun. Məbada başqaları bu işdə bizdən önə çıxsın və bu işdə böyük bir qəm və qüssə bizə üz gətirsin.” (Əl-Xəraic vəl-Cəraih c 1, səh. 129)

Vəhəb ibni Əbdi Mənafın həyat yoldaşı Bərrə ilə Hz. Abdullahın ailəsinə xəbər göndərirlər.Daha sonra Hz. Abdullahın anası Fatimə Hz. Aminəni görmək üçün evinə gedir. Qayıdarkən oğlu Abdullaha deyir: "Oğlum! Məkkədə, gözəllikdə, kamal və ədəbdə, əqldə ondan daha gözəli və yaxşısı yoxdur." (Ənvar, Əbu Həsən Abdullah Bəkri səh. 118-119)

Əbdul-Muttəlib həyat yoldaşı Fatimənin sözünü təsdiq edərək buyurur: “Oğlum! O, sənin qohumlarındandır. Məkkədə və qohumlarının arasında Aminə kimisi yoxdur. Allahın izzət və cəlalına and olsun ki, Məkkədə Aminə kimi qadın yoxdur. Çünki, o həyalı, ədəbli, dəyanətli, əməli saleh, pak, ağıllı və dərrakəlidir. Pak nəfsi və dinə etiqadı var.” (Biharul-Ənvar, c 15, səh. 99; Tarixi Yəqubi c 1, səh. 331)

Hz. Abdullah başını aşağı dikir və atası oğlunun susmasını razılıq əlaməti olduğunu bilib bu evliliyə razılıq verir. Tarixi Yəqubinin yazdığına görə bu hadisə fil ilinin əvvəllərinə təsadüf edirdi. Yeni ailənin əqdin oxumaq və həm də mehriyyə məsələlərini danışmaq üçün ailə daxili bir məclis təşkil olunur. Aminənin atası dedi: “Qızımız sizin oğlunuza hədiyyədir, heç bir mehriyyəyə ehtiyac yoxdur.”

Əbdul-Muttəlib dedi: “Allah sənə xeyirli mükafat versin. Qızın gərək mehriyyəsi ola və qohumlarımızdan da kimsə buna şahidlik edə.”

Sonra Əbdul-Muttəlib ayağa qalxaraq fəsahət və bəlağətlə bu xütbəni oxudu: “Allaha bizə verdiyi nemətlərinə və bəxşişlərinə görə həmd və şükür edirik. O, bizi öz evinin (Kəbənin) qonşusu və buranın sakinləri qərar verdi.Məhəbbətimizi öz bəndələrinin ürəyinə saldı və bizi müxtəlif bəla və müsibətlərdən hifz etdi. Həm olsun o Allaha ki, nikahı bizə halal, zinanı isə haram qərar verdi. Bilin ki, övladımız Abdullaha qızınız Aminəni təyin olunmuş mehriyyə qarşılığında istəyirik. Razısınızmı?

Vəhəb dedi: Razı olduq və qəbul etdik.

Əbdul-Muttəlib məclis əhlinə xitabən buyurdu: Sizlərdə şahid olun.

Daha sonra Əbdul-Muttəlib 4 gün Məkkədə qonaqlıq təşkil etdi. Tarixi mənbələrin yazdığına görə Hz. Aminənin mehriyyəsi min misqal gümüş nəqd halda, min misqal qızıl isə öncədən qərarlaşdırılmış vaxtda verilmək üçün təyin olundu. (Əl-Ənvar səh.122)

Hz. Abdullah ailə həyatı qurduqda 20-24 yaşında olub. Hz. Aminə həm də Hz. Abdullahın əmisi qızlarından idi. Evlilik Cəmadius-sani ayının 19-da baş tutdu. Və, varlıq aləminin iki cövhəri bu gün ailə həyatı qurdular.

Məsudinin yazdığına görə Hz. Abdullah və Hz. Aminə evləndikdən sonra Qureyş qızlarından bəziləri, Hz. Abdullah onlarla evlənmədi deyə qüssələndilər və bu qəm-qüssə səbəbindən öldülər. (İsbatul-vəsiyyət, Məsudi səh. 106-107)

Kuhal Bəsri kitabı bu ölənlərin sayının ətraf qəbilələrdən olmaqla 200 nəfər olduğunu qeyd edir. (Kuhal Bəsrə, səh. 13) Hz. Abdullah evlənərkən neçə yaşında olmasında fikir ayrılıqları var. Beləki, 18 və 24 yaş arası bu ixtilafın mövzusudur. Hər halda, Hz. Abdullahın gənc (25) yaşda vəfatını da qeyd edən tarixi mənbələri nəzərə alsaq evlilik tarixinin gənc yaşda olması aydınlaşır.

Hz. Abdullahın məqam və fəziləti.

Hz. Abdullahın fəzilət və məqamına bu kifayət edər ki, bəşəriyyətin ən üstünü Hz. Muməmməd (s) adlı bir varlığın atasıdır. Keçən araşdırmamızda Hz. Aminə barədə qeyd etdiyimiz paklıq və iffəti eynən Hz. Abdullah haqqında da deyə bilərik. Bu iki cövhərin ailə qurmasının meyarı məgər iffət və paklıq deyildi? Hz. Abdullah Məkkədə öz nurani gözəlliyi, paklıq, sədaqət, əxlaq, ağıl və kamalı ilə tanınırdı. Ona xüsusi nur bəxş edən alnındakı peyğəmbərlik nuru da, bu nuraniliyi daha da artıq edirdi. O, Əbdul-Muttəlibin övladları arasında ən sevimlisi idi.

Peyğəmbərin (s) ata-anasının və əcdadının imanı.

Keçən araşdırmamızda peyğəmbərin (s) ata-anasının, habelə əcdadının imanı barədə bir qədər danışdıq. Bu mövzuda, bir neçə cümlə daha artırmaq istəyirəm.

Əhli sünnənin görkəmli təfsir alimi Cəlaləddin Suyuti yazır: “İslamdan öncə ərəb yarmadasında Vərəqə bin Nofəl, Zeyd bin Əmr və bin Nəfil təkallahlığa inanırdılar. Peyğəmbərin (s) ata və anası da hənif dini üzrə idilər və o dinin qayda qanunlarına əməl edirdilər. Alimlərimizdən bir dəstəsi, o cümlədən Fəxri Razi peyğəmbərin (s) əcdadının iman əhli olmasını təsdiq edir və sözünə dəlil gətirmişdir;

- Şuəra 218-219: O Allah ki, səni (namaza) duranda da görür, Və həmçinin səcdə edənlər arasında hərəkətlərini görür.

Müfəssirlərin fikrincə, namaza “duranda” və “hərəkətlərini görür” sözlərində məqsəd peyğəmbərin (s) ata-babası nəzərdə tutulur.Allah Rəsulunun (s) nütfəsi birindən digərinə ötürülmüşdür.

Hədis: “Mən həmişə pak sülblərdən, pak rəhmlərə ötürülmüşəm.”

Quranda buyurlur: “...Həqiqətən də müşriklər nəcisdirlər...” (Tövbə 28)

Əgər Allah Rəsulunun (s) əcdadı müşrik olsaydılar, o heç vaxt onların paklığını təsdiq etməzdi.

Suyuti deyir: “Fəxri Razi peyğəmbər (s) və əcdadının iman əhli olmasını təsdiq edir. Fəxri Razinin əzəmətinə bu bəs edər ki, o, öz dövrünün öndə gedən din alimi, şəxsiyyəti və zamanında elmi suallara cavab verən yeganə şəxs idi.”

Suyuti Fəxri Razinin bu məsələnin isbatı üçün ayə, Səhihi Buxaridən, Beyhəqidən, Əbu Nəim və digər hədis ravilərindən həmçinin Şəhristani və Mavərəndidən bir neçə hədis nəql edir.” (Malikul-Hunəfa səh. 17)

Peyğəmbərin (s) ata-anasının iman əhli olmasını hətta nurçuların kitabında da rast gəlmək mümkündür.(Səid Nursi, Məktubat, s. 398)

Hz. Abdullah vəfatı.

Məşhur nəzərə görə Abdullah bin Əbdul-Muttəlib Allah Rəsulunun (s) təvəllüdündən öncə dünyadan köçmüşdür. (Beyhəqi, Əhməd bin Hüseyn, Dəlailun-nubuvvə c 1, səh 88, Beyrut. Qəməri 1405) Bununla belə Allah Rəsulunun (s) dünyaya gəldikdən iki ay və ya daha çox müddət keçdikdən sonra vəfat etdiyini söyləyən mənbələr də var. (Yəqubi, Əhməd ibn Əbi Yəqubi, Tarixul-Yəqubi c 2, səh.10, Beyrut; Usdul-Ğabə c 1, səh. 13-14)

Amma İbn Əsir birinci nəzəri daha möhkəm bir nəzər kimi qəbul edir və Hz. Abdullahın Allah Rəsulunun (s) təvəllüdündən öncə vəfat etdiyini nəql edir. (İbn Səir Cuzi, Əli İbn Əhməd, Usdul-Ğabə - Səhabələrin mərifəti c 1, səh. 20. Beyrut)

Bəzi mənbələr Hz Abdullahın 25 yaxud 28 yaşında vəfat etdiyini də yazır. (Usdul-Ğabə, İbn Əsir, c 1, səh. 13; İstiab ibn Əbdul-bərr c 1, səh. 14; Vəfaul-vəfa c 3, səh. 867; Umdətul-əxbar, səh. 167)

Hz. Abdullahın səfərə getmə səbəbini tarix belə qeyd edir: “Elə ki Hz. Aminə hamiləliyin 7-ci  ayına (red: bəzi mənbələrdə 2-ci ay) yetişdi, Əbdul-Muttəlib Hz. Abdullaha dedi: Ey oğlum! Aminənin övladının doğum vaxtı yetişir və əlimizdə qonaqlıq və əqiqə (ailədə uşaq doğularkən onun adına qurbanlıq kəsilən heyvana deyilir.) üçün heçnə yoxdur. Mədinəyə get və bu işlər üçün zəruri olan nə lazımsa al gətir. Hz. Abdullah səfərə çıxır və səfərdən geri qayıtmadan vəfat edir. (Əl-Ənvar səh. 179; Tarixul-uməm vəl-muluk; Təbəri c 2, səh. 165)

Bəzi mənbələr bu səfərin Şama olduğunu və Şam səfərindən qayıtdığında xəstəliyə tutulduğu və bir ay xəstə yatdıqdan sonra vəfat etdiyi qeyd olunur. Karvan geri qayıtdıqda Əbdul-Muttəlib Hz. Abdullahın gəlmədiyini görür karvandan onu xəbər alır. Hz. Abdullahın xəstə olmasını öyrənən Əbdul-Muttəlib böyük oğlu Harisi onun yanına göndərir. Haris Mədinəyə çatdıqda Hz. Abdullah artıq vəfat etmişdi. Hz. Abdullahı Darun-Nabiğə deyilən yerdə dəfn etdilər. (Zəhəbi, Muhəmməd ibn Əhməd, Tarixil-İslam c 1, səh. 50, Beyrut. Qəməri 1409)

Bu yer Bəni-Nəccar qəbiləsindən Nabiğə adlı birinin evlərindən idi. atasının dayısı və həmdə Hz. Aminə ilə qohumluğu səbəbindən Hz. Abdullah xəstə olduqda bu evdə qalır və dövrün qaydasına görə elə vəfat etdiyi yerdə də dəfn olunur.Daha sonralar Allah Rəsulu (s) bu qəbri ziyarət etmiş, kənarında namaz qılmışdır. Elə bu səbəbdən də ora “Darun-Nabiğə” məscidi də deyilmişdir. Zaman keçdikcə bu mübarək məzarın yerini itirmək cəhdlərinə əl atılıb. Tarixi mənbələr Hz. Abdullahın məzarının məhz bu yerdə olmasını dönə-dönə kitablarında qeyd etmişlər.

İbn Şubə: “Abdullah bin Əbdul-Muttəlibin qəbri Darun-Nabiğədədir.” (Tarixul-Mədinə, İbn Şubə, c 1, səh. 116-117)

İbn Şubə eyni mənbədə qəbrin yerinin ona tam dəqiqliklə tanıtdırıldığını da yazır. Bu ərazinin şəkilləri hazırda Mədinə məscidində olması da qeyd olunur.

Darun-Nabiğə ilə bağlı maraqlı faktlar olduqca çoxdur. O mübarək məzarı unutdurmaq və aradan aparmaq cəhdləri, tarixi şəxslərin o məzarı ziyarət etməsi, peyğəmbərin o məzarı ziyarəti və s. Hətta Sədr Şirazinin köməkçisi o qəbri ziyarət edin türk dilndə bir şer də yazmışdır. O şerə əsasən qəbrin günbəzi və qəməri tarixi ilə 1245-də düzəldilmiş bir qapısı da varmış. (Səfərnamə, səh. 232; Məkkə və Mədinənin coğrafiyası, səh. 352)

Miratul-Hərəməyn, c 1, səh. 427- də qəbrin kənarında zərih (müqəddəs şəxslərin qəbrini ətraf mühitdən ayıran maneə) olması da qeyd olunub.

Səfərnamələrini yazan fars dilli Fərhad Mirzə, Seyyid İsmail Mərəndi də o məzarın gözəl bir qapısı olduğunu qeyd edib. (Səfərnamə səh. 152, Tusife Mədinə, fəslnaməyə Miqatul-Həcc səh. 117)

Bu tikili şəmsi 1355-ci ilə qədər olduğu kimi dururdu. Daha sonra sələfi-vəhhabilər bu mübarək məzarı dağıtmışlar.

Hz. Abdullahdan geriyə qalanlar beş dəvə, bir sürü qoyun, bir qılınc, Ümmi Eymən adlı bir kəniz və bir miqdar da pul. (Tarixi Təbəri c 2, səh 7- 8; Usdul-Ğabə c 1, səh. 13-14 - 21)

Ümmü Eymən adı kəniz Hz. Abdullahın vəfatından sonra Hz. Aminəyə xidmət göstərmiş, onun vəfatından sonra da peyğəmbər (s) böyüyənəcən ona xidmət etmişdir.Sonrakı illərdə peyğəmbər (s) onu azad etmiş, Əbid adlı şəxs ilə evləndirmişdir və bu evlilikdən Əymən adlı bir övladı oldu. Ərinin vəfatından sonra Zeyd ibn Harisə ilə evlənmişdi. O iki dəfə Mədinə və Həbəşistana hicrət etmişdi. Ümmü Eymən rehlətdən 5-6 ay sonra vəfat etmişdir.(İbn Kəsir Dəməşqi, İsmail bin Umeyr, Bidayətun-nihayət c 6, səh. 334, Beyrut, qəməri 1407)

25 illik qısa bir ömür yaşadı. Bəzi mənbələrdə isə yaşının 28 olması qeyd edilir. (İbn Əsir Kamil, c 2, səh. 10, Beyrut; qəməri 1385, miladi1965)

Hz. Aminənin Hz. Abdullaha xüsusi eşqi vardı. Onun ölüm xəbərini eşitdikdə göz yaşları içərisində bu şeri oxudu;

Məkkə, Bəni Haşimin fəxrini (Abdullahı) ölümə tərəf apardı,

Bu səs-küylü dünyadan ona qəbirin qoynunda yer verdi.

Ölüm onu dəvət etdi o, da bu dəvəti qəbul etdi,

Amma ölüm, onun yerinə (bu dünyada) Bəni Haşimdən kimsəni seçmədi.

Axşamçağı dostları cənazəsini çiyinlərinə aldılar,

Çoxsaylı dostları onu, əldən ələ ötürərək apardılar.

Ruzikar o kəsi ki, ölümə sarı apardı,

(O,) Səxavətli, qəlbi büsbütün məhəbbətlə dolu idi.

(Təbaqatul-Kubra, c 1, səh. 80; Ənsabul-Əşraf c 1, səh. 92; Təzkirətul Xəvatin səh. 6; Aişə Əbdurrəhman, Aminə Madəre peyambər, səh.123)

 

Hz. Abdullaha qarşı sui-qəsd?!

Hz Abdullahın təbii əcəli ilə deyil, sui-qəsdə məruz qalaraq zəhərlənmə vasitəsi ilə dünyadan köçdüyü də ehtimal olaraq qeyd edilsə də bəzi araşdırmaçılar bu məsələdə yəhudilərin olmasını təkidlə qeyd edir. Bu mövzuda özümdə bu fikirdəyəm. Bu qənaətə gəlməyimin səbəbi, tarix boyu peyğəmbər (s) və əcadına olan terrorlardır. Hətta Hz Aminəyə belə terror təşkil olunsa da Allahın lütfü ilə yəhudi qadını buna nail ola bilmir. Buna Hz Aminə bəhsində toxunduq. Hz Aminənin də xəstəlik səbəbi ilə vəfatı qeyd olunsa da yenə də tarixi mənbələr bu xanıma da sui-qəsd olunmasını irəli sürür. Diqqət edin. Hz Aminə və Hz Abdullaha Məkkədə bir neçə dəfə terror təşkil olunur, amma bu və ya digər səbəblərdən bu planlar baş tutmur. Amma elə ki bunlar Məkkədən xaric olur qısa müddət ərzində vəfat edirlər. Hz Aminə və Hz Andullah hər ikisinə ölüm o zaman üz gətirir ki, onlar Məkkədən xaric olur. Sizcə bu təsadüfür? Mən bunu yəhudilərin məkrli planı olmasının tərəfdarıyam. Tarixə baxdıqda görürük ki, Hz. Abdullaha dəfələrlə sui-qəsdlər təşkil olunub. (Biharul-Ənvar c, 15, səh. 90-101)

Əl-Xəraic vəl-Cəraih c 1, səh. 129-da qeyd olunur ki Hz. Abdullaha sui-qəsd etmək istəsələr də bu baş tutmur. Hz. Aminənin atası bu hadisəni görür və mane olur. Yuxarıda buna toxunduq. (Bu hadisə ilə bağlı həmçinin bax: Biharul-Ənvar c 15, səh. 97-98-115)

Peyğəmbərlik nurunun Hz. Abdullahda müşahidə etdikdə bir yəhudi qadının öryədərk, Hz. Abdullahın ürəyini ələ almağı və beləliklə onunla evlənməyi planlaşdırırlar. Ta bu yolla peyğəmbər (s) yəhudilərin içindən çıxa. Bu qadın dəfələrlə Hz. Abdullahın yoluna çıxaraq onunla evlənmək istədiyini söyləsə də Hz. Abdullah ona əhəmiyyət vermir. Hz. Adbullah, evləndikdən sonra yenə o qadınla rastlaşdıqda, qadın ona evlilik təklif etmir.Hz. Abdullah səbəbini soruşduqda deyir: “Sənin alnında gördüyüm nuru daha görmədim.”

Bəli, o nur Hz. Muhəmməd idi ki, artıq Hz. Aminəyə əmanət olaraq verilmişdi. (Bax: Mənaqib, Ali- Əbi Talib c 1, səh. 26; Biharul-Ənvar c 15, səh. 114; Əl-Kamil c 2, səh. 4)

Hz. Abdullah evləndikdən bir neçə ay sonra sonra səfərə çıxır və o səfərdən geri qayıtmır. (Tarixi Təbəri, c 1, səh. 579, c 2, səh. 9; Əl-Kamil c 2, səh. 5;

Tarixi mənbələr bu vəfatın çox müəmmalı şəkildə baş verdiyini yazaraq, deyirlər. “Yəhidlərin məkrli planı bu dəfə işə yaradı.”

Bunu da bilmək lazımdır ki, peyğəmbərin (s) ata-babalarına bu qədər sui-qəsdləri həyata keçirtsələr də heç bir şeyə nail ola bilmirlər. Hz. Muhəmməd (s) adlı varlıq bu aləmə nur saçır. Peyğəmbər (s) dünyaya gəldikdən sonra da ona qarşı sui-qəsdlər həyata keçirtməyə başlayırlar. Və çox təəssüf ki, Allah Rəsuluna qarşı bu məkrli planı yenə də bir qadın həyata keçirir və bütün bəşəriyyətin ən üstünü zəhərlənərək şəhid halda Rəbbinə qovuşur.

Araşdırdı: İlahiyyatçı yazar: Mahir Şəkərov.

313news.net

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!