Tədqiqat » Ən üstün şəxsin anası – Hz. Aminə

Adı: Aminə.

Atası: Vəhəb bin Əbdi-Mənaf.

Anası: Bərrə binti Əbdul-uzza.

Doğum tarixi: Hicrətdən 76 il öncə.

Doğum yeri: Məkkə.

Həyat yoldaşı: Abdullah ibn Əbdul-Muttəlib.

Övladı: Bir oğlan – Hz. Muhəmməd (s).

Vəfat tarixi: Hicrətdən 46 il öncə.

Ölüm səbəbi: Xəstəlik.

Qəbri: Əbva kəndi -Məkkədən 150, Mədinədən 300 kilometr olmaqla Məkkə və Mədinə yolunun arasında yerləşən bir ərazidə.

Ömrü: 30 il.

Evlilik tarixi: 9 Cəmadius-Sani.

Tarixi mənbələrdə Hz. Aminənin adı əsasən Abdullah ilə evlənmə mərasimi baş verdikdən sonra daha çox hallanır. Bu təvazökar xanım özü belə deyərdi: “Mən övladımın adı ilə tanınacağam.” Bu səbəbdən doğum tarixi mənbələrdə dəqiq olaraq göstərilməyib, Tarixi Yəqubinin yazdığına görə, o, ailəsi onun üçün Hz. Abdullaha elçi getdikdə (Fil ilinin əvvəlləri idi) 24 yaşında idi. (Tarixi Yəqubi, Əhməd bin İshaq Yəqubu c 2, səh.10) Beləliklə, doğum tarixi təqribən besətdən 64 il öncəyə təsadüf edir.

Ailəsi.

Allah Rəsulunun (s) ata və anası barədə araşdırma etdikdə görürük ki, bu iki valideyn paklıq və iffəti ilə seçilən bir ailə olmuşdur. (Təbaqatul-Kubra c 1, səh. 49)

Allah Rəsulu (s) bir hədisində buyurur: “Allah İbrahim (ə) övladlarından İsmaili (ə), İsmail övladlarından Bəni Kinanəni, Bəni Kinanədən Qureyşi, Qureyşdən Bəni Haşimi, Bəni Haşimdən də məni seçdi.” (Bidayətun-Nihayət c 2, səh. 202; Biharul-Ənvar c 15, səh. 120) Beləliklə peyğəmbər (s) seçilmişlərin seçilmişi oldu.

Hz. Aminənin atası Vəhəb bin əbdi Mənaf, Bəni Zuhrə tayfasının böyüklərindən, idi. Bəni Haşim və Bəni Zuhrə bir-birinə bağlı iki tayfa idilər. Beləki, hər iki tayfa Bəni Kilabda birləşirdi.

Hz.. Aminənin anası Bərrə binti Əbdul-Uzza, bin Əbdud-Dar, bin Qusay bin Kilab. O, Əbdud-Dar ailəsindən olub, peyğəmbərin (s) 3-cü babası Əbdi-Mənafda ona bağlanırdı. Hz. Aminə ailənin yeganə övladı idi. Bu baxımdan Peyğəmbərin (s) dayı xə xalası yox idi. Bəni Zuhrə özlərini peyğəmbərin (s) dayısı hesab edirdilər, çünki Hz. Aminə onların qəbiləsindən idi. Hz. Aminənin sadəcə bir oğlan övladı – Hz. Muhəmməd (s) – vardı.

Hz. Aminənin məqam və fəziləti.

Aminə sözü ərəbcədən “amən”dən olub, qorxmaz, şüaətli, çətinliklər qarşısında möhkəm dayanan mənalarını verir.

Hz. Aminə nəsəb, qeyrət, iffət, ictimai mövqeyi baxımından Qureyşin ən fəzilətli qadınlarından hesab olunurdu. Onun bu üstünlüklərinə görə onu, “Qureyşin ən üstün əqli” hesab edirdilər. (İbni-Kəsir Bidayətun-Nihayə, c 2, səh. 322)

Hz. Aminənin ən böyük iftixarı budur ki, o həqiqəti nur olan, sözlə onun həqiqətini vəsf edə bilmədiyimiz kimi, dərkində aciz qaldığımız Hz. Muhəmməd (s) adlı bir varlığı öz bətnində bəsləməsi, o nuru və varlığı bir insan şəklində bəşəriyyətə hədiyyə etməsidir. Allah Rəsulu (s) özü buyurur: “Allah mənim nurumu yaranışımdan min il öncə yaratmışdır. Elə ki, Allah məni yaratmağı iradə etdi məni nur sütunu olaraq xəlq etdi. O zaman məni Hz. Adəmin (ə) sülbündə qərar verdi... O zaman ki məni Əbdul-Muttəlibin sülbündə yerləşdirdi, o nur xaric oldu və iki hissəyə bölündü. Bir hissəsini Əbdul-Muttəlibə, digər hissəni isə Əbu Talibə əta etdi. O hissədən ki mən var oldum, o nuru anam Aminəyə bəxş etdi.” (Həyatul-qulub c 3, səh 19)

Hz. Aminənin bətni Allah Rəsulu (s) üçün, onun bu dünya aləminə bir insan şəklində gələ bilməsi üçün ən münasib yer idi. Hz. peyğəmbər (s) kimi bir varlığı həml etmək sizə sadə bir məsələ kimi gəlməsin. İslami mətnlərdə bu mövzu barədə danışılır və belə anlaşılır ki, hər bir insanın müəyyən insanlar vasitəsi ilə dünyaya gəlməsi heç də təsadüf üzündən baş vermir. Bütün deyilənlərin məcmuəsi budur ki, o insan dünyaya gəlmək üçün hansı və necə bir bətnə layiqdirsə nəticədə ona layiq şəkildə dünyaya gəlir. Əlbəttə bu məsələnin istisnası da var və bu danılmazdır. Bu əsasla deyə bilərik ki, Hz. Aminə və Hz. Abdullah yaranmışlar içərisində ən üstün şəxslərdəndir. Bəlkə də cəsarət olar, amma, Hz. Aminənin dəyər və fəziləti heç də Cənnət xanımlarından aşağı deyildir. Çünki, həqiqəti nur olan bir varlığı dünyaya insan sürətində bəxş etmək yaranmışlar içərində məHz. bu qadının öhdəsinə qoyulur. Başqa sözlə, əgər biz Hz. Muhəmmədi (s) ən üstün bir varlıq hesab ediriksə onda bu üstün varlığı dünyaya bəxş edən valideynlər də ən üstün və fəzilətli valideynlədir.Bir sözlə o dönəmdə Hz. Aminədən savayı heç kəsdə bu mənəvi qüdrət, bu tutum olmadı ki, peyğəmbər (s) kimi uca bir varlığı bətnində daşımaq icazəsi ona verilə. Əgər belə bir qadın tapılsaydı əminəm ki, Allah onu seçərdi. Eyni məsələni o həzrətin atası barədə də rahat deyə bilərik.Görün bu qadın necə bir paklığa və mənəviyyata sahibdir ki, bütün paklıq və xeyirlərin mənbəyi olan Hz. Muhəmməd (s) onun bətnində qərar tutdu. Bu məsələ o qədər mühum məsələdir ki, əgər diqqət edirsinizsə bir neçə dəfə bu cümlələri təkrar-təkrar qeyd etdim.Hz. Amindən bəhs edən mənbələr yazır: “Allah Aminəyə dəyəri uca olan iffət, kamal, nur bəxş etdi. Bütün qövmün içərisində ona tay biri tapılmadı. Beləliklə, Allah qərar verdi ki, Allah Rəsulunun (s) nuru (dünyaya gətirmək şərəfi) ona verilsin.(Şərəfun-Nəbi səh. 26)

Bu xanım o qədər əzəmətlidir ki, hətta qeyri İslam alimləri də onu Hz. Məryəm ilə müqayisə edirlər. Allah Rəsulundan danışan bir mənbə yazır: “Hz. İsa və Hz. Muhəmməddən savayı elə bir peyğəmbər olmadı ki, o dünyaya gələrkən ona mələk nazil olsun. Və Məryəm və Aminədən savayı heç bir insana behişt hicabları əta olmadı. Mələklər İsanın (ə) anası Məryəmi və Hz. Muhəmmədin (s) anası qədər heç bir insanı bu qədər hörmətlə qoruyub ona mühafizəçi olmadılar.” Hz. Aminə o şəxsin anasıdır ki, onun barəsində buyrulur: “Əgər sən olmasaydın aləmləri yaratmazdım.”

Allah Rəsulu (s) özü Hz. Aminənin ən üstün bir şəxs olmasını belə tsdiq edir: “Ən gözəl rəhim-bətn anama məxsusdur.” (Cəlaul-Uyun səh. 294-295;)

Həmçinin buyurdu: "Hz. Aminə anaların ən yaxşısıdır."

Dəlailul-imamə səh. 59; Camiul-Əxbar səh. 15)

Çoxları bilmirdi ki, Aminə adlı bu xanım bir zaman yaranmışların ən fəzilətli və dəyərlisi olan Hz. Muhəmmədin (s) anası olacaq. Onun iffət və paklığına görə Allah bu ləyaqəti ona əta edərək Qiyamətə qədər adını yaşadacaq.

Bu xanımın iffəti və paklığı Məkkə əhlindən gizlin deyildi. Hətta qadınlar barədə yazılan kitablarda Hz. Aminənin iffət və paklığına dəlalət edən şerləri də görmək olur;

Doğrusu onun (Aminənin) üzü ay kimi nurani idi,

Gözəllik və kamillikdə, əql və dərrakədə ən seçilmiş qadın kimi tanınırdı.

Gözəl xüsusiyyət və nəcabətli ailə baxımından da ən öndə idi,

O, həm zahiri paklığa və həm də mənəvi paklığa sahib idi.

(Xəsasisul-Fatimiyyə, Molla Baqir səh. 292)

Hz. Aminə sadə həyat tərzi sürürdü. (Sirəyi İbni Hişam c 1, səh. 292) O qədər sadə ki Allah Rəsulu (s) özü bunu belə xatırlayır: “Mən o qadının oğluyam ki, qurudulmuş ət yeyərdi.” (Peyğəmbərin anası – Doktur binti Şati, səh. 99)

Əbdul-Muttəlib Hz. Aminəni vəsf edərkən buyurdu: “O qövmün, ən iffətli, ən şərəfli qızıdır.”(Tarixi Mədinəyi Dəməşq, c 3,səh. 449;)

İbn İshaq Hz. Aminə barədə yazır: “Aminə, ailəsi və şərəfi baxımından Qureyş qadınlarını ən üstünüdür.” (Sirəyi İbn ishaq c 1, səh 61;)

Hz. Aminə ilə bağlı peyğəmbərin (s) şairi Həssan bin Sabitin də dəyərli şeri vardır. Bu şerdə də xanımın və həyat yoldaşı Hz. Abdullahın paklıq və iffətinə diqqət çəkilir və Allah Rəsulu (s) üçü ən yaxşı ata və ən yaxşı ananın elə bu şəxslərin olması qeyd olunur. (Təbaqatul-Kubra c 1, səh. 26, c 2, səh. 246)

Bu xanımın fəzilətlərindən biri də Hz. peyğəmbərin (s) ziyarətnaməsində yenə paklığı yad edilərək ona xitab olunmasıdır. Hətta bir hissədə “Salam olsun sənə, əhli-beytinə və anan Aminəyə” deyə qeyd olunur. (Daha ətraflı bax: Peyğəmbər (s) və məsumların qəbrinin ziyarəti, Şəhide əvvəl səh. 11; Məfatihul Cinan – Peyğəmbəri (s) uzaqdan ziyarət etmək duası)

Hz. Aminənin mübarək adı, uca Allahın peyğəmbərin (s) şər bəladan hifzi üçün öyrətdiyi duaların da içində yer alır.(Məhcud-Dəvət səh. 3-4)

Hz. Aminənin fəzilətini qeyd edən mənbələr çıxılmaz vəziyyətə düşən bir kişinin ona təvəssül etməsi ilə hacətlərinin həll olmasını da qeyd edir. (Baxın: Usuli-Kafi c 4, səh. 544; Mən lə yəhzurul-fəqih, c 2, səh. 520)

Hz. Aminə fəzilət, xoş sözlü, ağıl və bəsirəti ilə tanınırdı.O şerlərində iman və əqidəsini izhar edir.

Ən gözəl evlilik.

Hz. Aminə və Abdullah arasında olan izdivacı ən gözəl evlilik adlandıra bilərik. Çünki bu evlilikdən bütün aləmlərə rəhmət olaraq göndərilən Hz. Muhəmməd (s) dünyaya gəldi. Bu, ən mühum və ən bərəkətli evliliklərdən biridir. Bu aləmdə heç bir hadisə təsadüf üzündən baş vermir. Buna yəqinimiz var. Beləki, bu əzəmətli izdivac da ilahi bir təqdir idi. Bu izdivac, nə adi bir izdivac, nə də bu valideynlər adi valideynlər deyildi. Bu evlilik Məkkədə baş tutan digər evliliklərdən çox fərqli idi və zaman keçdikcə bütün bəşəriyyət buna şahid olacaqdı. Elə bir evlilik ki, o evliliyin meyvəsi Hz. Muhəmməd (s) olacaqdı. Bu evliliyə həkim olan Allahın inayəti və nəzəri var idi. Bu evlilikdə meyar, iman və paklıq idi. Hər iki tərəfi birləşdirən yeganə bir səbəb məhz bu idi. Həm Abdullah və həm də Aminə Məkkədə paklıq və iffəti ilə tanınmışdı.

Bu izdivac barədə Şeyx Abbas Qummi yazır: “Elə ki, Hz. Abdullah cavanlıq yaşına yetişdi, alnında bir nur (nübuvvət nuru) var idi. Bütün ərəb böyükləri arzu edirdilər ki, qızlarını bu cavan oğlanla evləndirsinlər.Onun yanından ötün keçən hər kəs müşk və ənbər qoxusunu alardı. Ona Kəbə ətrafının çırağı ləqəbini vermişdilər.”

Siması parlaq ay kimi nur saçırdı. Bəzi tarixi mənbələrdə ərəblərin Abdullaha parlaq simasına görə ay ləqəbi verildiyi də qeyd olunur.

Məsudi yazır: “Bir dəfə Abdullah atası Əbdul-Muttəlibə dedi: “Atacan, yuxuda gördüm ki, Bəthadan (Məkkədən) xaric oldum. Gördüm ki, iki nur arxamdan xaric oldu. Biri gün çıxanı, biri gün batanı bürüdü. O iki nur, sürətlə çoxaldı və bir göz qırpımında dairə formasında arxamda qərar tutdu. Hz. Əbdul-Muttəlib dedi: “Əgər bu yuxu doğru yuxulardan olsa, səndən ən gözəl varlıq meydana gələr.”

Bildiyiniz kimi Allah Rəsulu (s) hələ dünyaya gəlməmiş yəhudilər onun gəlişindən xəbərdar olduqları və peyğəmbər (s) onların içindən çıxmadıqları üçün ona qarşı sui-qəsdlər təşkil etmişlər. Həm o həzrətin atası Abdullaha, həm də o, həzrət ana bətnində ikən anası Hz. Aminəyə. Tarixin yazdığına görə Hz. Abdullah ov etmək üçün Məkkədən xaric olduqda bir dəstə yəhudi onu qətlə yetirmək üçün onu mühasirəyə aldılar. Bu zaman Hz. Aminənin atası bu mənzərəni görür və Hz. Abdullahı bu mühasirədən xilas edir. Vəhəb bin Əbdi Mənaf evinə qayıdaraq, baş verənləri evində danışır və həyat yoldaşına deyir: “Mən bu gün Abdullahda elə bir şücaət müşahidə etdim ki, heç bir ərəbdə o şücaəti görməmişəm.Allah onu gözəl və xüsusi nur vasitəsi ilə yaradıb.Əbdul-Muttəlibin evinə get və qızımız barədə ona danış, ta bu evlilik baş tutsun. Məbada başqaları bu işdə bizdən önə çıxsın və bu işdə böyük bir qəm və qüssə bizə üz gətirsin.” (Əl-Xəraic vəl-Cəraih c 1, səh. 129)

Vəhəb ibni Əbdi Mənafın həyat yoldaşı Bərrə ilə Hz. Abdullahın ailəsinə xəbər göndərirlər.Daha sonra Hz. Abdullahın anası Fatimə Hz. Aminəni görmək üçün evinə gedir. Qayıdarkən oğlu Abdullaha deyir: "Oğlum! Məkkədə, gözəllikdə, kamal və ədəbdə, əqldə ondan daha gözəli və yaxşısı yoxdur." (Ənvar, Əbu Həsən Abdullah Bəkri səh. 118-119)

Əbdul-Muttəlib həyat yoldaşı Fatimənin sözünü təsdiq edərək buyurur: “Oğlum! O, sənin qohumlarındandır. Məkkədə və qohumlarının arasında Aminə kimisi yoxdur. Allahın izzət və cəlalına and olsun ki, Məkkədə Aminə kimi qadın yoxdur. Çünki, o həyalı, ədəbli, dəyanətli, əməli saleh, pak, ağıllı və dərrakəlidir. Pak nəfsi və dinə etiqadı var.” (Biharul-Ənvar, c 15, səh. 99; Tarixi Yəqubi c 1, səh. 331)

Hz. Abdullah başını aşağı dikir və atası oğlunun susmasını razılıq əlaməti olduğunu bilib bu evliliyə razılıq verir. Tarixi Yəqubinin yazdığına görə bu hadisə fil ilinin əvvəllərinə təsadüf edirdi. Yeni ailənin əqdin oxumaq və həm də mehriyyə məsələlərini danışmaq üçün ailə daxili bir məclis təşkil olunur. Aminənin atası dedi: “Qızımız sizin oğlunuza hədiyyədir, heç bir mehriyyəyə ehtiyac yoxdur.”

Əbdul-Muttəlib dedi: “Allah sənə xeyirli mükafat versin. Qızın gərək mehriyyəsi ola və qohumlarımızdan da kimsə buna şahidlik edə.”

Sonra Əbdul-Muttəlib ayağa qalxaraq fəsahət və bəlağətlə bu xütbəni oxudu: “Allaha bizə verdiyi nemətlərinə və bəxşişlərinə görə həmd və şükür edirik. O, bizi öz evinin (Kəbənin) qonşusu və buranın sakinləri qərar verdi.Məhəbbətimizi öz bəndələrinin ürəyinə saldı və bizi müxtəlif bəla və müsibətlərdən hifz etdi. Həm olsun o Allaha ki, nikahı bizə halal, zinanı isə haram qərar verdi. Bilin ki, övladımız Abdullaha qızınız Aminəni təyin olunmuş mehriyyə qarşılığında istəyirik. Razısınızmı?

Vəhəb dedi: Razı olduq və qəbul etdik.

Əbdul-Muttəlib məclis əhlinə xitabən buyurdu: Sizlərdə şahid olun.

Daha sonra Əbdul-Muttəlib 4 gün Məkkədə qonaqlıq təşkil etdi.

Tarixi mənbələrin yazdığına görə Hz. Aminənin mehriyyəsi min misqal gümüş nəqd halda, min misqal qızıl isə öncədən qərarlaşdırılmış vaxtda verilmək üçün təyin olundu. (Əl-ənvar səh.122)

Hz. Abdullah ailə həyatı qurduqda 20-24 yaşında olub. Hz. Aminə həm də Hz. Abdullahın əmisi qızlarından idi. Evlilik Cəmadius-sani ayının 19-da baş tutdu. Və varlıq aləminin iki cövhəri bu gün ailə həyatı qurdular. Sirətul Mustafanın (səh. 40) müəllifinin qeyd etdiyinə görə Hz. Aminənin evlilik zamanı atası dünyadan köçmüşdü və evlilik işlərini və Hz. Aminənin əmisi öz üzərinə götürmüşdü.

Evliliyin baş tutma səbəblərini müəfəssəl şəkildə qeyd edən tarixçilər bu məzmunda fərqli səbəblər irəli sürmüşlər ki, biz ən məqbulunu qeyd etdik. Məsudinin yazdığına görə Hz. Abdullah və Hz. Aminə evləndikdən sonra Qureyş qızlarından bəziləri, Hz. Abdullah onlarla evlənmədi deyə qüssələndilər və bu qəm-qüssə səbəbindən öldülər. (İsbatul-vsiyyət, Məsudi səh. 106-107)

Hz. Aminənin Hz. Abdullaha xüsusi eşqi var idi. Hz. Abdullahın ölümündən sonra Hz. Aminənin onun üçün oxuduğu şer də buna bariz nümunədir. İnşallah bu məsələyə Hz. Abdullah ilə bağlı araşdırma etdikdə toxunarıq.

Hz. Aminə və hamiləlik dövrü.

Hz. Abdullah və Hz. Aminə evləndikdən bir müddət sonra Hz. Abdullah bu günkü Ərafat adlanan ərazidə gəzərkən gözünə bir çay sataşır. Tarixi mənbələrin yazdığına görə o çaydan bir nida gəldi: “Ey Abdullah bu sudan iç. Hz. Abdullah bu sudan içdi. Su qardan daha soyuq, baldan daha şirin, müşkdən daha ətirli qoxuya sahib idi. Hz. Abdullah bu işin ilahi bir hikmət səbəbi ilə və asimani bir su olduğuna yəqin edir. Bu hadisədən sonra Hz. Aminə Allah Rəsuluna (s) hamilə olur.” (Əl-Ənvar səh 126-127; Həyatul-Qulub c 3, səh. 88-89; Tarixil-Xamis, c 1, 185;)

Hz. Aminə Allah Rəsuluna (s) hamilə olduğu zamanlar barədə özü buyurur: “Allah Rəsuluna (s) hamilə olduğum zaman, digər qadınların hamiləlik zamanı keçirtdiyi çətinlik və narahatçılığın heç birini yaşamadım. Yatdığım zaman bir səs eşitdim; “Sən ən qiymətli, ən hörmətli şəxsi bətnində daşıyırsan.”

Doğuş zamanı mənə asan və rahat keçdi. Uşaq dünyaya gəldiyi zaman yenə bir səs eşitdim; “Sən ən dəyərli bir şəxsi dünyaya gətirdin. Onu hər növ şərr, bəla və həsəddən vahid, səməd olan Allaha tapşır.” (Ənsabul-Əşraf, c 1, səh. 81, Təbaqatul-Kubra c 1, səh. 79)

O dünyaya gəldiyi zaman əlləri və dizləri yerdə olan halda başını yuxarı qaldırdı və məndən yeri və göyü dolduracaq bir nur peyda oldu. (İbni-Kəsir Bidayətun-Nihayə, c 2, səh. 322, Biharul Ənvar səh. 258-269) Digər tarixi mənbələrdə Hz. Aminənin eşitdiyi söz belə nəql olunur: “Sən bu ümmətin ən yaxşısını dünyaya gətirdin.”

Həmçinin hamilə olduğu zaman belə eşitdiyi nəql olunur: “Ey Aminə! Bilirsənmi kimi hamilə olubsan? Sən axirəz-zaman peyğəmbəri (s) bətnində daşıyırsan.” Hz. Aminənin bu cür nidaları tez-tez eşitməsi müxtəlif tarixi mənbələrdə qeyd olunub. (Bax:Təbaqatul-Kubra c 1, səh.78; Sirəyi İbn İshaq, c 1, səh. 171; Tarixi Yəqubi c 2, səh. 9; Tarixi Təbəri c 2, səh. 161; Sirəyi Nəbəviyyə, İbn Hişam c 1, səh. 166; Mənaqib ibn Şəhr- Aşub, c 1, səh. 29; Elamun-nubuvvə, Mavərədi səh. 210) Bu qeyd olunan mənbələrdə həmçinin Allah Rəsulunun (s) adının da “Muhəmməd” (s) qoyulmasının ilahi təqdirə əsaslandığı qeyd olunur. (Ehtacul-Təbərisi c 1, səh 321)

Hz. Aminə yenə buyurur: “Allaha and olsun ki, Allah Rəsulunu (s) dünyaya gətirərkən, pak halda dünyaya gətirdim. Onu tər-təmiz dünyaya gətirdim. Nifas qanını (doğumdan sonra qadının bətnindən gələn qan) görmədim. (Daha ətraflı bax: İsbatul-vəsiyyət, Məsudi səh. 113)

Hz. Aminə peyğəmbəri (s) dünyaya gətirməsi barədə deyir: “Evdə tək idim. Əbdul-Muttəlib Kəbəni təvaf etməklə məşğul idi.Bir səs eşitdim. Mənə ağ rəngli bir içəcək verdilər.Onu içdim.Yer və göyün arasında ağ rəngli ipək parça asdılar. Tərlədiyim zaman, tərim müşk və ənbər qoxusu verirdi. Otağımın tavanını bəzəyən quşlar gördüm ki, dırnaqları zümrüddən, qanadları yaqutdan idi. Peyğəmbəri (s) çox asan şəkildə dünyaya gətirdim. Baxdıqda gördüm ki, başı səcdədə, barmağı isə asimana tərəf idi...” (Şərəful-Mustafa, Əbu Səid Xərguşi Nişapuri c 1, səh. 357-360; Şərəfun-nəbi, Nəcməddin Mahmud Ravəndi səh 27-31; Mənaqib –İbn Şəhr Aşub, c 1, səh. 53)

Hz. Aminə peyğəmbəri (s) dünyaya gətirərkən baş verən hadisələri özünüz geniş mütaliə edə bilərsiniz. Təkcə bunu demək kifayət edər ki, o xanımın mələkləri görməsi, eşitməsi, doğum anında yaşadıqları, hətta Cənnətdən gələn su ilə sirab edilməsi və Cənnətdən gələn pərdələrlə əhatə olunması, mələklərin ona nazil olması bu xanımın fövqaladə, kəramətli və nurani bir xanım olmasını aydın şəkildə göstərir. Bəzi rəvayətlərdə Hz. Məryəmlə belə müqayisə edilir ki, o hədislər bizi təəccübləndirməməlidir. Hz. Məryəm Hz. İsanın anasıdırsa, bu xanım da bütün peyğəmbərlərin ən üstününün – Hz. Muhəmmədin – (s) anasıdır.(Daha ətraflı bax: Məaref və Məarif, Seyyid Mustafa Hüseyni Dəşti c 1, səh. 40; İmtaul-əsma c 4, səh. 58- 214) Uşaq dünyaya gəldikdən sonra Hz. Aminə uşağın adının ona dəfələrlə nida edildiyini Əbdul-Muttəlibə çatdırır. Əbdul-Muttəlib uşağı qucağına alaraq Allaha həmd və səna etdikdən sonra bu şeri oxudu.

Həmd olsun Allaha ki, bu pak və gözəl uşağı bizə əta etdi,

Elə bir uşaq ki, beşiyində ikən belə başqalarından üstünlüyü vardır.

(Əs-sirətul-Hələbiyyə, c 1, səh. 30; Əmali Tusi 171;)

Hz. Aminənin yaşadıqlarını eynən Hz. Məryəm, Hz. Musanın anası, Hz. İsmail və İshaqın və digər ənbiyaların anaları barədə də bu cür məsələləri görürük.

Hz. Aminənin hansı məkanda hansı zamanda peyğəmbəri (s) dünyaya gətirməsi məsələsində də ixtilaflı fikirlər mövcuddur. Hz. Aminə 3 yaxud 7 gün peyğəmbərə (s) süd vermiş daha sonra Suveybə adlı xanım qısa bir müddət ona süd vermişdir. Daha sonra isə ərəb adətinə görə və Əbdul-Muttəlibin göstərişi ilə onu Həlimə adlı bir qadına verdilər. Hz. Aminənin öz əziz övladına süd verə bilməməsini tarixçilər o xanımın vəba xəstəliyinə mübtəla olması ilə əlaqələndirirlər. Hz. Aminə peyğəmbəri (s) Hz. Həliməyə verərkən bu şeri oxudu;

“Onu hər cür şərr və bəladan qüdrət və cəlal sahibi olan Allaha tapşırıram. Ümid varam bir gün onu o halda görəcəyəm ki, böyüklərlə və bütün camaatla yaxşı rəftar edir.” (Təbaqatul-Kubra c 1, səh 173)

Hz. Həlimə 2 il Allah Rəsuluna süd verdikdən sonra onu anasına qaytarır. İki müddətində Hz. Aminənin övladını görüb görməməsi barədə ən məqbul söz budur ki; Əbdul-Muttəlib uşağı Hz. Həliməyə verərkən dedi: “Onu hər cümə yanıma gətir. Ondan ayrı qalmağa taqətim yoxdur.”

Hz. Həlimə cavabında buyurdu: “Bu cür edəcəyəm.” (Həyatul-Qulub c 3, səh.179)

Buradan anlaşılır ki, Hz. Aminə də öz övladını bu iki il ərzində hər cümə görmüşdür. İki il sonra peyğəmbər (s) Hz. Aminənin yanına qaytarılsa da Məkkədə yayılan vəba xəstəliyi ucbatından, Hz. Aminə övladına olan dərin sevgisindən, xəstəliyə mübtəla olmasın deyə onu yenidən Hz. Həliməyə geri verir və 5 yaşında yenidən Hz. Aminəyə qaytarılır.

İbn İshaq öz kitabında maraqlı bir məsələni qeyd edir: “Hz. Həlimə peyğəmbəri Məkkəyə gətirdikdə o camaatın arasına qarışır və Hz. Həlimə onu itirir. Çox axtarsa da tapa bilmir. Əbdul-Muttəlibin yanına gələrək onu hadisədən agah edir.Əbdul-Muttəlib Kəbəyə gedərək Allaha uşağın tapılması üçün dua edir. Elə bu vaxt Qureyşdən iki nəfərin onu gətirdiyini görür. Əbdul-Muttəlib onu çiyinlərinə alaraq Kəbəni təvaf edərək dua edir. Sonra onu anasının yanına göndərir.” (Sirəyi İbni İshaq, səh. 171; Sirətun-nəbəviyyə c 1, səh. 176 və s.)

O dönəmlər Məkkədə qıtlıq idi. Hz. Aminənin Allah Rəsuluna (s) hamilə olan zaman, heç bir zaman görülməmiş bolluq Məkkəni bürüdü. Bol yağışlar yağdı, hər yan yaşıllaşdı. Ətraf qəbilələr Məkkəyə tərəf ticarət məqsədi ilə yola qoyuldular. Bu ilə şadlıq, bolluq, özünə qayıdış mənalarına gələn adlar verildi. İbn Abbas nəql edir ki, Allah Rəsulu (s) sünnət olunmuş və göbəyi kəsilmiş halda dünyaya gəldi. Əbdul-Muttəlib bu hadisədən xəbərdar olduqda dedi: “Bu övladım məqamı uca bir şəxs olacaqdır.” (İbn Haşim – Allah Rəsulunun sirəsi səh. 141)

Dostları və yaxınları.

1. Ümmü Eymən – Bu xanım ölüm anına qədər Hz. Aminənin yanında olmuş və ona xidmət etmişdir. Ümmü Eymən öncə Hz. Abdullaha, onun vəfatından sonra Hz. Aminəyə daha sonra isə Allah Rəsuluna (s) bağlı olmuşdur. Sonrakı dönəmlərdə peyğəmbər (s) onu azad etmişdir. Tarixə nəzər saldıqda onun Hz. Fatimə ilə də sıx əlaqəsi olduğunu görə bilərik. Hz. Fatimə onu bir mövzuda özünə şahid kimi gətirsə də Ümmü Eymən ərəb olmaması bəhanəsi ilə şahidliyi qəbul edilməmişdi.

2. Həlimə - Əziz peyğəmbərin süd anası və illərlə onun qayğısını çəkən bir bir qadın. O həm də Hz. Aminə üçün əziz bir insan idi. O, Hz. Həliməyə deyirdi: “Ey Həlimə! Xoş halına ki, bu uşaq vasitəsi ilə səadətə yetişənlərdən olarsan.”

Hz. Aminə peyğəmbəri (s) Hz. Həliməyə verərkən buyurdu: “Ey mehriban dayə! Qəlbimin meyvəsindən muğayat ol, onu qoru.”

3. Fatimə binti Əsəd – Hz. Əlinin (ə) anası olan bu qadın da Hz. Aminənin həmsöhbəti idi. Hz. Aminə Allah Rəsulunu (s) dünyaya gətirərkən də yanında olmuşdur. (Mənaqib, İbn Şəhr Aşubi c 1, səh. 23) Çətin zamanlarında daim yanında olmuşdur.

Peyğəmbərin (s) ata-anasının və əcdadının imanı.

Şiə alimləri bu mənada bütünlüklə yekdil rəyləri budur ki, Allah Rəsulunun ata-anası və əcdadı iman əhli olublar. Əhli sünnə alimləri isə bu məsələdə aşağıdakı fikirdədirlər;

A) Mömin və hənif dini

Fəxri Razi, Təfsiri Kəbir, c 24, səh. 173-174; Suyuti- Fəvaidul-Kaminə, səh. 58-61; İbn Cuzi, Fəvaidul-Kaminə, səh. 62;

Suyuti yazır: “Əşairlər və Şafeilər bu məsələdə bu fikirdədirlər ki, əgər bir nəfər dünyadan köçsə və Allahın dini ona yetişməsə, o məhşərə nicat tapmış şəkildə gələr.” (Suyuti- Fəvaidul-Kaminə, səh.15)

Sonra deyir: “Peyğəmbərin (s) ata və anası besətdən öncə dünyadan köçdüyü üçün və hənif dini üzrə olduqları üçün bu onların ilahi əzabdan amanda qalmaları və imanlarının isbatı üçün kifayətdir.” (Suyuti- Fəvaidul-Kaminə, səh.61)

Suyuti həmçinin Hz. Aminənin hamiləlik dövründə ona olunan ilahi ilhamlara, peyğəmbər (s) kimi bir şəxsi dünyaya gətirməsinə və həmçinin yazdığı tövhidi şerlərinə də diqqət çəkir. (Suyuti- Fəvaidul-Kaminə, səh.57)

B) Ölümündən sonra iman.

Suheyli, İbn Munir Maliki, Qurtubi, kimi əhli sünnə alimləri isə Allahın qüdrətinə və inayətinə işarə edərək qeyd edirlər ki, Allah peyğəmbərin (s) risalət zamanında, peyğəmbərin (s) istəyinə əsasən anasını diriltmiş və o peyğəmbərə (s) iman gətirmişdir.

(Suyuti- Fəvaidul-Kaminə, səh.17, 34, 35 )

Eyni mövzuda şiə mənbələrində də hədislər mövcud olsa da, bu cür sözlər qəbul edilməzdir. Ona görə ki, əgər yuxarıda qeyd olunduğu kimi Hz. Aminə hənif dini üzrə idisə nə ehtiyac vardı ki, yenidən dirildilə və son peyğəmbərə (s) də iman gətirə? O besətdən öncə vəfat etdiyi üçün, boynunda belə bir təklif olmadığını, və ümumiyyətlə belə şeyə ehtiyac olmaması hər kəsə gün kimi aydındır.

C) Əhli sünnənin bəzi alimləri isə Allah Rəsulunun (s) ana və atasının, əcdadının kafir olması qənaətində olsalarda digər əhli sünnə mənbələri bunu qəbul etmir və ya ən azından bu əhli sünnə alimlərinin sözlərində təzad meydana gəlir. Sadə nümunələr çəkək.

Səhihi Muslim (c 2, səh. 671) Allah Rəsulunun (s) guya anasının müşrik olma səbəbindən qəbrinin ziyarətinə Allah tərəfindən icazə verilmədiyini yazarkən, Musnəd 2 c, səh. 441, Nəsai 4 c, səh. 90, İbn Macə 1 c, səh. 501, Əbu Davud 3 c, səh 195 və s mənbələr isə eyni hadisəni nəql edərək peyğəmbərin (s) anasının qəbrini dəfələrlə ziyarət etdiyini yazır. Biz bu hədisin dəyişdirilməsi qənaətindəyik. “İcazə verdi” sözü, “icazə vermədi” sözü ilə bilərəkdən təhrif edilmişdir. Necə ki İbn Kəsir “Allah Rəsulunun (s) guya anasının müşrik olma səbəbindən qəbrinin ziyarətinə Allah tərəfindən icazə verilməməsi” hədisinin problemli hədis olduğunu və etibarlılıq dərəcəsinin olmadığını qeyd edir. (Bax: Əl-Bidayətun-Nihayə, İsmail İbn Kəsir Dəməşqi c 4, səh. 203)

Digər bir misal: Səhihi Müslim c 2, səh. 161-də peyğəmbərin (s) ata-babasının kafirliyi yazılarkən, Səhihi Buxari c 4, səh. 166-da isə Allah Rəsulunun (s) ata anası və əcdadının iman əhli olmasını qeyd edir.Hədis belədir;

“Atam və anam heç vaxt zahiri və mənəvi çirikinliklərə bulaşmadılar.Allah məni pak ana və atalar vasitəsi ilə nəsillərdən nəsillərə ötürdü və beləliklə pak bir ata və bir pak ana vasitəsi ilə dünyaya gəldim.” (Səhihi Buxari c 4, səh. 166) Bu mənaya dəlalət edən digər hədislər üçün bax: Sünəni Beyhəqi, Dəlailun-Nubuvvə, c 1, səh. 174; Suyuti- Fəvaidul-Kaminə, səh. 61; Biharul-Ənavr c 15, 117-122.

Əhli sünnənin görkəmli təfsir alimi Cəlaləddin Suyuti yazır: “Peyğəmbərin (s) valideynləri və əcdadları ən fəzilətli şəxslər idi. Hədislərdən belə başa düşülür ki, yer üzü Hz. Adəm və Hz. Nuh (ə) dan ta İslam peyğəmbərinə (s) qədər olan zaman kəsiyinəcən və Qiyamət gününəcən heç bir zaman, tövhiddən və əməli salehlərdən, namaz qılıb səcdə edənlərdən boş qalmadı. Yer onlara xatir üzərindəkiləri hifz edir, əks halda yer və onun əhli həlak olardı.” (Daha ətraflı Cəlaləddin Suyutinin Fəvaidul-Kaminə kitabına müraciət edin)

Allah Rəsulu bu mövzu ilə bağlı buyurur: “Allah məni pak beldən pak rəhmə daşıdı və beləliklə sizin dünyanıza gəldim. Əsla napaklığa və cahiliyyə adətlərinə bulaşmadım.” (Reyhanuş-Şəriə - c 2, səh. 388)

Allah Rəsulu (s) buyurdu: “Hz. Cəbrail (ə) mənə nazil olaraq buyurdu: Ey Muhəmməd (s)! Allah sənə bir neçə şəxs barədə şəfaət haqqı verir. O kəs ki, səni bətnində gəzdirib Aminə binti Vəhəb və o kəs ki, səni ora nazil edib Abdullah ibni Əbdul-Muttəlib.”

Məlumdur ki, şəfaət yalnız mömin və müsəlmanlara məxsusdur. Kafir və müşriklər bu şəfaətdən məhrumdurlar.

Digər bir hədisdə Hz. Cəbrail (ə) peyğəmbərə nazil olaraq belə buyurulması nəql olunur: “Ey Muhəmməd (s)! Allah sənə salam göndərir və buyurur ki, o kəs ki səni bətnində gəzdirib, o kəs ki səni o bətnə daxil edib və o kəs ki, sənə kəfil oldu onlara Cəhənnəm haram qılındı.”

Allah Rəsulu (s) özü, öz ata-anasının mənəvi məqamına işarə edərək buyurur: “Atam və anam heç vaxt zahiri və mənəvi çirikinliklərə bulaşmadılar.Allah məni pak ana və atalar vasitəsi ilə nəsillərdən nəsillərə ötürdü və beləliklə pak bir ata və bir pak ana vasitəsi ilə dünyaya gəldim.” (Səhihi Buxari c 4, səh. 166)

Hz. peyğəmbərin (s) ata-anasının və əcdadının imanına işarə edəcək ayələr belə mövcuddur ki, bunlar gələcəkdə toxuna biləcəyimiz bir mövzu ola bilər.

Əbvada qürub edən günəş – Hz. Aminə.

Əbva kəndi , Məkkədən 150, Mədinədən 300 kilometr olmaqla Məkkə və Mədinə yolunun arasında yerləşən bir kənd adı. Hz. Aminənin mübarək məzarı burada yerləşir. İslam libasına bürünmüş sələfi-vəhhabilər bu mübarək məzarı 2005-ci ildə inşaat maşınlarının ərazidə gördüyü işləri bəhanə edərək, məzarı dağıtmaq və yerini itirmək istəsələrdə buna nail ola bilmədilər. Xatırladaq ki, bu mübarək qəbrin aradan aparmaq planına tarixdə bir dəfə də rast gəlinir və bu plan da yarımçıq qalır.

Hz. Aminənin həyat yoldaşı Hz. Abdullah səfərdən geri dönmədən vəfat (və ya sui-qəsdə məruz qalması) etməsi səbəbi ilə Mədinədə olan qəbiristanlıqda dəfn edilmişdi.

Hz. Abdullahın səfərə getmə səbəbini tarix belə qeyd edir: “Elə ki Hz. Aminə hamiləliyin 7 ayına yetişdi, Əbdul-Muttəlib Hz. Abdullaha dedi: Ey oğlum! Aminənin övladının doğum vaxtı yetişir və əlimizdə qonaqlıq və əqiqə (ailədə uşaq doğularkən onun adına qurbanlıq kəsilən heyvana deyilir.) üçün heçnə yoxdur. Mədinəyə get və bu işlər üçün zəruri olan nə lazımsa al gətir. Hz. Abdullah səfərə çıxır və səfərdən geri qayıtmadan vəfat edir. (Əl-Ənvar səh. 179; Tarixul-uməm vəl-muluk; Təbəri c 2, səh. 165)

Sanki bu evlilik yalnız buna görə baş tutdu ki, Abdullah özündə olan əmanəti Hz. Aminəyə verə və Rəbbinə qovuşa. Hz. Aminə hər il onun ziyarətinə gedərdi. Yenə ziayrətə getmək üçün Əbdul-Muttəlibdən icazə alaraq yol üçün tədarük görməyə başladı.Allah Rəsulu (s) bu zaman 6 yaşında idi. Hz. Aminə Ümmü Eymənlə birgə Məkkədən xaric oldular. Hz. Abdullahın dəfn olunduğu yerə - Darun-Nabiğəyə- yetişib ziayarət etdilər. Orada bir ay qaldılar. Öncədən düçar olduğu xəstəliyi yolda şiddətlənərək Əbva adlı məntəqədə bu fani dünyaya göz yumdu. Mübarək məzarın harada olması ilə bağlı müxtəlif nəzərlər olsa da ən səhihi elə Əbvada olmasıdır. Bu hadisə hicrətdən 46 il öncə baş verdi. Hz. Abdullah peyğəmbərin (s) doğumundan öncə vəfat etdiyi üçün İllərlə Məkkədə ona “Aminənin oğlu” deyə müraciət olundu. Bu cəhətdən Allah Rəsulunu Hz. isaya da bənzədirlər. Çünki, onu da anasının adı ilə çağırırdılar. Hz. Aminə vəfatı sırasında 6 yaşlı oğluna yəni, Hz. Muhəmmədə (s) baxaraq bu şeri oxudu;

Ey əziz övladım Allah sənə xeyir, bərəkət və mərhəmət əta etsin,

Ey övlad! O kəsi ki, Allah onu öz fəzl və kərəmi ilə ölümün caynağından aldı.

Sən insanlar üçün peyğəmbər seçiləcəksən,

Halal və haramı bərpa etmək üçün seçiləcəksən. O şey ki yuxumda görmüşdüm, əgər doğru çıxsa, Sən peyğəmbər olacaqsan, halal haramı camaata öyrətmək üçün. İslamın tədqiqi üçün seçiləcəksən, həmin din ki, yaxşı işlərin sahibi baban İbrahimin dinidir.

Allah sənə və digər insanları bütə pərəstiş etməyi qadağan etdi, Həmçinin sizləri onları sevməkdən çəkindirdi.

Sonra buyurdu: “Hər canlı öləcək, hər yeni və təzə olan köhnələcək, hər zənginlik sona çatar, aradan gedər. Mən ölürəm amma adım əbədi qalar.Çünki, özümdən sonra pak bir övlad yadigar qoyuram.”

(Təzkirətul-Xəvatin, səh 5-6, sonuncu söz c 1, səh. 169-170, Tarixil-Xamis, c 1,səh.229)

Hz. Aminənin bu şerində bu xanımın iman və etiqadını aydın şəkildə müşahidə etmək mümkündür. Bu şeri mülahizə edən alimlər aşağıdakı nöqtələrə işarə etmişlər;

1. Bu xanım hikmətli bir xanım idi və dedikləri də hikmət üzündən idi.

2. Möminə və tövhidçi bir xanım idi.

3. Ona qeyb yolu ilə ilham olunmuşdur ki, bir gün bu uşaq – Hz. Muhəmməd (s) – peyğəmbərliyə seçiləcəkdir.

4. Axirətə imanı vardır.

5. Ölümünü hiss etdikdə narahat olmur, şad şəkildə ölümü qarşılayır.

6. Həyatı boyunca etdiyi ən yaxşı əməli Allah Rəsulunu (s) dünyaya bəxş etməsi hesab edir.

7. Hz. Aminə “Mən ölürəm amma adım əbədi qalar.Çünki, özümdən sonra pak bir övlad yadigar qoyuram” sözləri ilə Allah Rəsulunun (s) illər sonra peyğəmbərliyə seçiləcəyi və peyğəmbərin (s) adının yad olunması ilə anasının da xatırlanacağına diqqət çəkmişdir.

Səhih mənbələrə əsasən Allah Rəsulu (s) dəfələrlə anasının məzarını ziyarət etmiş, məzarı önündə göz yaşı tökmüş və ətrafındakılar da bu mənzərə qarşısında ağlamışlar. (Səhihi Muslim 2 c, s 671,Musnədi Əhməd 2 c, s 441,Nəsai 4 c, 90, İbn Macə 1 c, s 501, Əbu Davud 3 c, s 195)

Allah Rəsulundan niyə ağladığı soruşulduqda buyurdu: “Onun mehribanlığını xatırladım.”

Sui-qəsd kimə idi? - Hz. Aminə yoxsa bətnindəki körpə?

Dahiyə Yəməni adı ilə tanınmış, Zərqa adlı bir qadın Hz. Abdullahın son peyğəmbərin nurunu daşıdığını öyrəndikdə, Hz. Abdullahın Yəmənə səfərində ona, onunla birgə olmağı təklif edir. Hz. Abdullah paklıq və iffətini qoruyaraq bu məsələni qətiyyətlə rədd edir. Zərqa adlı qadın daha sonralar Hz. Abdullahın Hz. Aminə ilə evləndiyini və Hz. Aminənin hamilə olduğunu öyrəndikdə müxtəlif bəhanələrlə onlara yaxınlaşır. Zərqa bir müddət sonra Bəni Haşim qadınlarına xidmət göstərən Təkna adlı qadının diqqətini də özünə cəlb edə bilir. Ona qızıl və pul vəd edərək Hz. Aminəni saçını daramaq məqsədi ilə zəhərli xəncərlə öldürməsini istəyir.Təkna öz məkirli niyyətini həyata keçirtmək istədikdə, ürəyi qəflətən ağrımağa başlayır və əlindəki xəncər əlindən düşür. Daha sonra Təkna baş verənləri hamıya danışır.Bəni Haşim Zərqa adlı qadını axtarsa da onun qaçmış olduğu məlum olur. (əl-Ənvar 173-177; Həyatul-Qulub, c 3, səh. 161-165)

Araşdırdı: İlahiyyatçı yazar: Mahir Şəkərov.

313news.net

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!