Ateist iddialarına cavablar » "Bir gündə yuzlərcə insanın başını kəsən İmam Əli kim idi" məqaləsinə cavab

İnternetdə din düşmənlərinin yeni bir məqaləsi dolaşır və "facebook"da da aktib şəkildə paylaşılmaqdadır. Daha doğrusu, bu məqalə fars diliində çoxdan var və ilk dəfə 2014-cü ildə bizim dilə tərcümə olunaraq bir bloqda paylaşılıb. Guya Hz.Əli (ə) döyüşlərdə kütləvi surətdə baş kəsirmiş, bu isə məsumluqla bir araya sığmır və sair və ilaxır. Məqalədə, daha doğrusu, cızma-qarada yazılanlara həmin dildə elə cavablar da verilib. Amma din düşmənləri yenə aranı qatıb, fikirlərdə şübhə yaratmaq məqsədi daşıdıqlarına görə bu cəfəngiyyatı ana dilimizə tərcümə ediblər. Əgər vicdanlı insan olsaydılar, elə cavablarını da oxuyub bunu paylaşmazdılar. Əslində cavablarını oxuyublar. Sadəcə vicdanları yoxdur deyə, camaatın fikirlərində şübhə yaratmaq məqsədi güdürlər. Cavabları maksimum dərəcədə qısa yazmaq istəsəm də alınmayıb. Beləliklə:

1. İmam Əli və onun qoşunu bir gündə 2500 nəfər Əzd tayfasına mənsub olanların başın kəsdilər. Bu külliqırğın o dərəcədə şiddətlimiş ki təsəlli üçün qucaqlaşmağa adamları qalmamışdı ( Mürəvviculzəhəb birinci cild səhifə 729)

Cavab: Hz.Əli (ə) xəlifə olarkən 3 dəstə ilə müharibə edib. Birinci müharibə Cəməl döyüşü adlanır. İslam xəlifəsinə, yəni Hz.Əliyə (ə) qarşı qiyam baş verir. Bu müharibənin digər adı "nakisinlərlə müharibə" də adlanır ki, tərcüməsi beyəti (əhd-peyman) sındıranlarla müharibədir. İslam tarixindən xəbəri olanlar bilir ki, bir dəstə səhabə xəlifəyə beyəti sındıraraq ona qarşı qiyam qaldırır. Onlar 3.000 nəfərdən ibarət orduyla Məkkədən Bəsrəyə tərəf hərəkət edirlər. Çünki Bəsrədə onların tərəfdarları var idi. Bəsrəyə daxil olub xəlifənin ordusuna qalib gələrək, şəhərin valisini onlara itaət etmədiyinə görə işgəncə edib(saqqalını yolub) onun vasitəsilə öz istəklərini xəlifəyə göndərirlər. Hz.Əli (ə) ordu ilə Bəsrəyə tərəf hərəkət edir. Bəsrəyə çatdıqda bütün mötəbər tarixi kitablarına əsasən 3 gün onları tövbə edib yenidən haqqa tərəf dönməyə dəvət edir. Amma onlar razı olmurlar. Yenə həmin mötəbər tarix kitablarına əsasən, Hz.Əli (ə) əmr verir ki, təslim olanları öldürməyin və onlarla ən yumşaq tərzdə davranın. Müharibədə qalib gəldikdən sonra Hz.Əli (ə) onları müsəlman olaraq qəbul etdiyinə görə onların mallarını qənimət kimi götürməyə icazə verməyib ailələrinə təhvil verir. Onun əmrilə hamısı qüsl edilib, cənazə namazı qılınıb dəfn edilir. Yəni müsəlman olduqlarına, amma səhv etdiklərinə görə onlarla müharibəyə məcbur olduğunu həm ətrafına, həm də tarixə başa salmaq istəyir. Heç kəs həmin döyüşdə əsir götürülmür. Ümumilikdə həmin döyüşdə ölənlərin sayı barədə müxtəlif rəqəmlər yazırlar. Əsasən 2500 nəfər olduqları yazılıb. Amma bu rəqəmlər 2500-6000 arasında dəyişir. Əzd qəbiləsi Bəsrənin ən böyük qəbiləsi olub ki, qiyamda əsasən onlar iştirak ediblər. "Murucuz-zəhəb" kitabında (din düşmənləri bunu Mürəvvicül-Zəhəb yazıblar) həmin qəbilədən olan Əbi Ləbid Cuhzəmidən Əlini sevib-sevmədiyi soruşulur. O da cavab verir ki, necə onu sevim? Bir halda ki, qəbiləmizdən 2500 nəfər öldürdü və ölülərə başsağlığı verməyə adam gəlməmişdi, çünki hər kəs öz ailəsindən öldürülənin dəfnilə məşğul idi.

Qısa cavab budur ki, əvvəla öldürülənlər günahsız yerə yox, məhz qiyam etdiklərinə, xəlifənin adamlarını qətlə yetirdiklərinə və xilafətin bir şəhərini ələ keçirdiklərinə görə öldürülüblər. İkincisi, onlar bununla sakitləşməyib, güc toplayıb digər şəhərləri ələ keçirib xilafəti ələ qəsb etmək istəyirdilər. Üçüncüsü, öldürülənlərin başları kəsilməyib, döyüşdə öldürülüblər. Dördüncüsü, "təsəlli üçün qucaqlaşmağa adamları qalmamışdı" sözü tarixdə yoxdur. Tərcümədə səhv ediblər.

2. İmam Əli Leyl əl Təhrir savaşında, 500-900 nəfərin başın kəsdi. (Montəhi əl Amal birinci cild səhifə 153)

Cavab: Savaşın adı Leyl əl-Təhrir deyil. Müharibənin adı Siffin müharibəsidir. Bu isə həmin müharibədə bir günün, daha doğrusu bir gecənin adıdır. Adı da düz yazmayıblar. Həmin gecənin adı "Leylətul-Hərir" gecəsidir. "Hərir" zarımaq deməkdir, yəni "Zarıma gecəsi". Müharibənin ən həlledici döyüşü olub və düşmən qoşunundan olan kəslərdən o qədər yaralı olub ki, zarımaları döyüş meydanını bürümüşdü. Ona görə belə adlandırılır. Keçək müharibənin baş vermə səbəblərinə.

Hz.Əli (ə) xəlifə seçildikdən sonra Şamda vali olan və İslam qanunları əsasında deyil, Roma və Sasani hökmdarları kimi hökmranlıq edən Müaviyəni vəzifəsindən uzaqlaşdırmaq göstərişi verir. Amma Müaviyə bununla razılaşmır və valilikdən getməyəcəyini bildirir. Onu vəzifəsindən kənarlaşdırmaq məsələsini tezləşdirmək istədiyi vaxt Cəməl müharibəsi ortaya çıxdığına görə Hz.Əlinin (ə) başı müharibəyə qarışır. Yəni bu iş ləngiyir. Müaviyəyə isə bu sərf edirdi. Həm xəlifə zəifləyirdi, həm də ola bilərdi ki, xəlifə məğlub olsun. Onun yerinə gələnlər isə onunla həmfikir olan adamlar idilər. Amma Müaviyə Şam vilayətinin camaatını aldatmaq üçün Hz.Əlidən (ə) əvvəl xəlifə olmuş və qiyam nəticəsində qətlə yetirilmiş 3-cü xəlifə Osmanın qisasını almaq üçün xəlifəyə qarşı çıxdığını bəyan edir. Bu müharibənin tarixdə digər adı Qasitinlərlə müharibə adlandırılır. Yəni zülmkarlarla. Bu müharibə 110 gün çəkib. Həmin müharibədə ümumilikdə 70.000 adam - 45.000 Müaviyənin ordusundan, 25.000 isə Hz.Əlinin (ə) ordusundan öldürülüb. Döyüşün son mərhələsi həmin Leylətul-Hərir gecəsidir ki, həmin gecə Şam qoşunu məğlubiyyətə uğrayır. Növbəti günü məğlub olacağını görən Müaviyə nizələrə Quran səhifələrini taxdıraraq xəlifənin ordusunda olan cahilləri aldadır. Belə ki, o, bununla müsəlman olduqlarını xəlifənin qoşununa çatdırır. Qoşunda ikitirəlik yaranır. Quranla müharibə etməyəcəyini bildirən böyük bir dəstə hətta Hz.Əlinin (ə) olduğu çadırı belə mühasirəyə alır ki, müharibəni dayandırsın. Daha ətraflı bu müharibə haqqında tarixi kitablara müraciət etmək lazımdır. Elə internetdə də Siffin (Siffeyn) müharibəsi yazmaqla müharibə haqqında oxumaq olar.

Qısa cavab budur ki, bu müharibə də əvvəlki müharibə kimi dövrün haqq xəlifəsinə qarşı qaldırılmış bir qiyamdır. Həmin müharibədə təkcə düşmən tərəf deyil, Hz.Əlinin (ə) də qoşunundan öldürülənlər olub ki, onların içərisində Əmmar Yasir kimi böyük səhabələr olublar. Leylətul-Hərirdə isə baş kəsmək hadisəsi yox, döyüş olub və Şam ordusundan döyüşçülər öldürülüblər. Ola bilər həmin döyüşdə qılınc zərbəsilə kiminsə başı da kəsilib. Amma öldürülənlərin çox hissəsi aldıqları digər yaralardan dünyalarını dəyişiblər.

3. Müharibədə Bəni Qorəyzə tayfasına zəfər çalandan sonra Peyğəmbərin əmrilə böyük çala qazıldı. 900 nəfər əsir və təslim olanlarin başını, İmam Əli və Zobeyr, Peyğəmbərin gözünün önündə kəsdilər və çalaya atdılar. Onların suçu İslama dəvəti qabul etməməkidi. (Tarix-i-Təbəri üçüncü cild səhifə 1088)

Cavab: Hz.Rəsuləllahın (s) müşriklərlə ən mühüm müharibəsi Əhzab (Xəndək) döyüşü olub. "Əhzab" ərəb dilində "hizb"in cəmidir ki, tərcüməsi "dəstə" deməkdir. Həmin döyüşdə bütün düşmən qəbilələr sözü bir yerə qoyurlar ki, Hz.Rəsuləllahla (s), İslamla işi birdəfəlik həll etmək üçün hamısı yığışıb Mədinəyə hücum etsinlər. Bundan xəbər tutan Hz.Rəsuləllah (s) səhabəsi Salman Farsinin məsləhətilə şəhər ətrafında böyük xəndəklər qazdırtdırır ki, düşmən ordusunun keçməsi mümkün olmasın. Mədinənin yəhudilər yaşayan Bəni Qurəyzə qəbiləsi tərəfdən isə xəndək qazılmır. Çünki Mədinədə hökümət quran Hz.Rəsuləllah (s) Mədinənin 3 böyük yəhudi qəbilələrilə sülh müqaviləsi bağlamışdı. Və onlar bir-birinə hücum etməyəcəklərini və digərlərinin hücumları zamanı qarşı tərəfin düşmənlərinə yardım etməyəcəklərini həmin müqavilələrdə imzalamışdılar. Həmin qəbilələr Bəni Qurəyzə, Bəni Nəzir və Bəni Qinqa idi. Bəni Nəzir və Bəni Qinqa artıq müsəlmanlara xəyanət etdiklərinə görə Mədinədən qovulmuşdular. Amma Bəni Qurəyzə hələ qalırdı. Əhzab döyüşündə müşriklərin başçılarından olan Əbu Süfyan Bəni Qurəyzə başçıları ilə görüşür və onlarla razılığa gəlir ki, biz müharibəyə başladıqda sizdə bu tərəfdən hücuma keçin. Müsəlmanlar iki cəbhədə döyüşə bilməyib məğlub olsunlar. Amma Hz.Rəsuləllah (s) bundan xəbər tutur və onların aralarını vurmağa nail olur. Əvvəlcə müşriklərin yanında mötəbər hesab edilən adamını göndərərək onlara çatdırır ki, yəhudilər sizinlə yalandan əhd bağlayıblar. Əslində onlar müsəlmanlarladılar. İnanmırsızsa döyüş başlamazdan bir daha yəhudilərlə müzakirə aparın. Bildiyimə görə, onlar müsəlmanlara vəfadarlıqlarını göstərmək üçün sizdən girov tələb edib müsəlmanlara təhvil verəcəklər. Daha sonra yəhudilərin yanına həmin adamı göndərərək bildirir ki, müşriklər sizi bada verəcəklər. İşinizin möhkəm olması üçün onlardan girov istəyin. Beləliklə müşriklər növbəti görüşdə girov məsələsini eşidəndə yəhudilərlə bağladıqları peymanın hiylə olduğunu düşünüb onlara bel bağlamırlar. Əhzab döyüşündə isə tarix kitablarından məlumdur ki, müşriklər məğlub olurlar. Müşriklərin Məkkəyə geri qayıtmasından sonra Mədinəyə daxil olan Hz.Rəsuləllah (s) Bəni Qurəyzənin bu satqınlığa görə cavab verməli olduğunu bildirərək qoşunu onların qalasına tərəf aparır. Qalanı 10 gün (25 gün də yazırlar) mühasirədə saxladıqdan sonra, qaladakılar təslim olurlar. Gəlib çatırıq əsas məsələyə. Yəni yəhudilərin boyunlarının vurulması məsələsinə. Bunu ilk tarixdə qeyd edən İbn İshaq olub ki, digər tarixçilər də bunu ondan nəql ediblər. Halbuki bu Hz.Rəsuləllahın (s) Bəni Nəzir və Bəni Qinqa yəhudilərilə davranışından çox fərq edir və ona görə İslam alimləri bu hadisənin tarix kitablarında yazılmasına baxmayaraq onu rədd edirlər. Ümumiyyətlə İbn Həcər Əsqəlani, Malik ibn Ənəs və bir çox görkəmli din alimləri İbn İshaqı yalançı və tarixi rəvayətlərinin çoxunu, o cümlədən Bəni Qurəyzə rəvayətinin udurma olduğunu bildirirlər. Bəni Qurəyzə rəvayəti yəhudilərin başına gəlmiş digər bir tarixi hadisəyə bənzəyir ki, bu hadisə İslamdan öncə baş verib. Eramızdan əvvəl 73-cü ildə baş vermiş hadisədə rumlulardan gizlənən sikarilərdən (xəncərlilər) olan 10 nəfər Masada qalasında 3 il sürən mühasirədən sonra Masadadakı 950 nəfərin düşmənə əsir düşməməsi üçün onları öldürüb daha sonra özlərini öldürürlər. Ola bilsin bu rəvayət illər ərzində yəhudilər arasında təhrifə uğrayıb və İbn İshaq bunu haradansa eşidib Bəni Qurəyzə adı ilə yazıb. Çünki həmin rəvayətdə yəhudilərdən birinin müsəlmanlara əsir düşməmək üçün qadın və uşaqları öldürməsi təklifi də qeyd olunub.

Qısa cavab budur ki, bu rəvayət tarix kitablarında yazılsa da, müsəlman alimləri bunu rədd edirlər. Müasir İslam dininə aid kitablarda da bu hadisənin qeyd olunmasına baxmayaraq, həm Hz.Rəsulullahın (s) sirəsi, həm də tarixi sənəd baxımından bu qəbuledilməzdir. Bu, həmçinin Quranın Fatir surəsinin 18-ci ayəsi "Heç bir günahkar başqasının günah yükünü daşımaz" və Məhəmməd surəsi 4-cü ayə ilə "(Döyüşdə) kafirlərlə qarşı-qarşıya gəldiyiniz zaman boyunlarını vurun. Nəhayət, onları qırıb zəiflətdikdə (əsirlərə bağladığınız) kəndirləri bərk çəkin. Sonra da onları ya rəhm edib fidyəsiz, ya da fidyə alıb azad edin" düz gəlmir.

4. İmam Əli hicrətin 38-ci ilinin Səfər ayının 9- unda Nəhrəvan çölündə 1800 Xəvarici öldürdü. Xəvariclər silahlı deyildilər.

Cavab: Hz.Əlinin sonuncu müharibəsi Nəhrəvan müharibəsidir ki, digər adı Mariqinlərlə olan müharibədir. "Mariqin" sözünün tərcüməsi "yolunu azmışlar" deməkdir. Xəvariclər Siffin döyüşündən sonra Hz.Əlinin (ə) qoşunundan ayrılan və özlərindən başqa hamını kafir hesab edirdilər. Nəhrəvan adlı məntəqəyə köç edən xəvariclər yol boyu cinayətlər törədərək çox insanlar qətlə yetirirlər. Nəhrəvan döyüşündə isə xəvariclər silahsız olmayıblar. Farsca olan orijinal məqalənin əslində də yoxdur. Görünür tərcüməçi Hz.Əlini (ə) daha qəddar göstərmək üçün bunu özündən uydurub. Çünki tarixdən bir az məlumatı olan bu cəfəngiyyatı dilinə gətirməz. Əksər internet istifadəçilərinin İslam tarixindən az məlumatlı olduğunu bilərək, tərcüməçi xəvaricin silahsız halda qətlə yetirldiyi yalanı ilə Hz.Əlini (ə) zalım kimi göstərmək məqsədi güdüb. Ölənlərinin sayı da 1.800 yox, daha çox olub. Belə ki, xəvaricin sayı 4.000 nəfər idi. Yaralanıb Kufədə ailələrinə təhvil verilənlər 400 nəfər olub. 10 nəfər döyüşdən qaçıb canını qurtarmağa müvəffəq olur (onlardan bir nəfər məlun Əbdürrəhman ibn Mülcəm daha sonra Hz.Əlini (ə) məsciddə namaz qılarkən şəhid edir).

Qısa cavab budur ki, bütün İslam alimləri xəvariclərin dindən çıxdıqlarında və cinayətlər törətmələrində həmfikirdirlər. Yəni xəvaric günahsız yerə yox, cinayətlərinə görə öldürülüblər. Amma bütün cinayətlərə baxmayaraq, Hz.Əli (ə) bir neçə dəfə onların yanına nümayəndələrini göndərərək bu yoldan dönmələrini istəyib ki, bu da mötəbər tarixi kitablarda qeyd olunub.

5. Əlinin qorxusundan Abdulla Xürrəmi adında bir sərkərdə və 70 nəfər silahdaşları canlarını qorumaq üçün bir qalaya sığınıblarmış. İmam Əli o qalaya od vurdu və onları diri diri yandırdı. Adam ətinin iyisi camaati bezdirmişidi. (Əli Mərzi Namotənahi Səhifə 199)

Cavab: Heç bir tarixi kitabda Hz.Əli (ə) ilə bir dövrdə Abdullah Xürrəmi adında şəxsin yaşadığı və Hz.Əli (ə) tərəfindən 70 nəfər tərəfdarı ilə bərabər qətlə yetirildiyi qeyd olunmayıb. Adı çəkilən kitab isə sarı mətbuatdan başqa bir şey deyildir.

Ümumiyyətlə, müharibələrdə baş verən qətllərdə məsumluğa zidd bir şey yoxdur. Necə ki, bir həkim xəstənin amputasiya edilməli orqanını kəsərkən ona zülm etmiş olmur, eynilə Hz.Əli (ə) də bu ünsürləri qətlə yetirməklə cəmiyyəti islah etmiş olub.

Hazırladı: Vusal114

 

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!