Mərhəmətli, rəhmli Allahın adı ilə! Azan, müsəlmanları namaza çağırmaq üçün azançının səhər, günorta və axşamüstü minarədən ucadan oxuduğu təkbirlə başlayan sözlərdir. Olduqca çox təkid olunmuş müstəhəblərdəndir. Belə ki, bəzi alimlər (müctəhidlər) azan və iqamənin vacib olmasını və kişilərin mümkün qədər azan və iqaməni tərk etməməsini bildirmişlər.
“Vəsailuş-Şiə” kitabı “Əbvabul-əzani vəl-iqamə”-azan və iqamə bablarında İmam Sadiqdən (ə.s) nəql olunur ki, hər kəs azan və iqamə deyərsə çoxluğundan ucu-bucaqı görünməyən iki sıra mələk onun arxasında namaza durar, əgər təkcə iqaməni oxuyarsa bir sıra mələk onun arxasında namaza qılar.
إِذَا أَذَّنْتَ فِي أَرْضِ فَلَاةٍ وَ أَقَمْتَ صَلَّى خَلْفَكَ صَفَّانِ مِنَ الْمَلَائِكَةِ وَ إِنْ أَقَمْتَ وَ لَمْ تُؤَذِّنْ صَلَّى خَلْفَكَ صَفٌّ وَاحِدٌ
Qeyd olunan bablarda azan və iqamə demək hətta halı yaxşı olmayan xəstələrə də tövsiyə olunub. (“Vəsailyş-Şiə”, 4-cü cild, azan və iqamə babları.)
Azan və iqamə məhz yovmiyyə (gündəlik) namazlar üçün müstəhəbdir. Gündəlik namazlar əda, qəza, camaatla, tək, səfərdə və ya vətəndə qılınarsa azan və iqamə demək müstəhəbdir. Qeyri yovmiyyə namazlarda azan və iqamə yoxdur. Təkcə üç dəfə “الصلاة- əs-səlat” deməklə qılınır. Müstəhəbdir ki, uşaq doğulan günü sağ qulağına azan, sol qulağına isə iqamə deyilsin. Bu iş doğulduğu ilk gündə olsa daha yaxşıdır. Amma uşağın göbəyi düşənə qədər deyilərsə heç bir eybi yoxdur. Həmçinin insan çöl-biyabanda görünməz qüvvələrdən qorxduğu zaman azan çəkməsi müstəhəbdir. Qırx gün ət yeməyən insanın qulağına azan çəkmək də müstəhəbdir. Həmçinin tündməzac insanın qulağına azan oxumaq da müstəhəbdir. Sağ qulağına oxumaq daha yaxşıdır. Həmçinin əhilləşdirilməmiş (ələ öyrədilməmiş) dördayaqlıların da qulağına azan oxumaq müstəhəbdir.
Azan və iqamənin hökmləri:
1. Namazın azanında qəsdi-qürbət (niyyət) lazımdır.
2. Camaatın daha çox yığılması üçün “həyyə ələs-səlat” və “həyyə ələl-fəlah”-ı təkrar etməyin eybi yoxdur. Amma azanın tərkibindən sayılmır.
3. Qadınlar azanı bütöv deməyə bilər, belə ki, “təkbir” (Allah böyükdür) və “şəhadət-eyn—yəni əşhədu ən la ilahə illəllah və əşhədu ənnə Muhəmmədən rəsulullah” cümlələri ilə də kifayətlənə bilər. Hətta təkcə “şəhadət-eyn”-lə də kifayətlənə bilər. Həmçinin iqaməni bütöv oxumanın əvəzinə təkbir və “la ilahə illəllah və ənnə Muhəmmədən əbduhu və rəsuluh” cümlələri ilə kifayətlənə bilər.
4. Müsafir və tələsən insanlar azan və iqamənin birini seçə bilər. Yəni təkcə iqaməni oxuya bilər.
5. Avaz ilə oxunan azan məkruhdur. Əlbəttə qina şəklində olarsa haramdır.
6. Azan və iqamənin cümlələrini eşidənlərə müstəhəbdir ki, yubanmadan o cümlələri təkrar etsinlər.
7. Hərçənd bəziləri qadının çəkdiyi azanı kişi üçün də kifayət etdiyini deyiblər, amma bu kifayət deyil. Yəni kişi özü azan çəkməlidir ya da başqa kişi müəzzinin azanı ilə kifayətlənməlidir.
Aşagıdakı yerlərdə azan oxumaq lazım deyil:
1. Cümə günü cümə namazı ilə əsr namazını yaxud cümə günü zöhr namazı ilə əsr namazını bahəm qılarsa yəni iki namazın arasında fasilə olmazsa əsr namazı üçün əlavə azana ehtiyac yoxdur.
2. Ərəfə günü zöhr və əsr namazının arasında fasilə salmayan şəxs əsr namazı üçün ayrı azan verməməlidir.
Qeyd: Ümumiyyətlə zöhr və əsr namazları və həmçinin məgrib və işa namazları arasında fasilə olarsa əsr yaxud işa namazları üçün ayrıca azan çəkilməlidir. Fasilə həzrət Zəhranın (s.ə) təsbihatını demək miqdarında olarsa yeni azan üçün kifayət deyil. Amma iki namaz arasında nafilə namazlarını qılmaq müddəti qədər fasilə yaranarsa müctəhidlərin çoxu yeni azan verilməsinə fitva vermişdirlər.
Aşagıdakı yerlərdə azan və iqamə oxumaq lazım deyil:
1. Camaat namazı üçün azan və iqamə oxunubsa hər kəs ayrıca azan və iqamə deməməlidir.
2. Məsciddə camaat namazı bərpa olunubsa və bir şəxs o məsciddə namaz qılmaq istəyirsə -istər camaata qoşulsun istər tək qılsın- hər iki halda azan və iqamə oxumamalıdır.
3. Məsciddə camaat namazı üçün azan və iqamə oxunubsa və camaat namazı qılınıb qurtarıbsa camaatın sıraları hələ dağılmayıbsa məscidə yeni daxil olub namaz qılmaq istəyən şəxs azan və iqamə oxumamalıdır.
4. Azan və iqamə sədasını eşidən hər kəs azan və iqaməni təkrar edə bilər, həmçinin özü azan və iqamə oxumadan namaz qıla bilər.
Müəzzinin şərtləri (vəsfi):
1. Qəsdi-qürbət (niyyət); yəni Allah-Taalanın əmrini yerinə yetirmək üçün azan və iqamə oxumalıdır.
2. Hansı namaz üçün azan və iqamə oxunduğunu müəyyənləşdirməlidir.
3. Əql; Ağıllı insan olmalıdır.
4-. Şiə; on iki imamçı olmalıdır.
5. Tərtib; öncə azan sonra iqamə oxunmalıdır. Həmçinin azan və iqamənin cümlələrinin yerlərini dəyişə bilməz.
6. Azan və iqamənin cümlələrini xüsusi ardıcıllıqla deməlidir.
7. Azan və iqamə arasında həmçinin azan və iqamə və namaz arasında çox zaman fasıləsi olmamalıdır.
8. Azan və iqamə ərəb dilində düzgün oxunmalıdır.
9. Vaxt daxil olandan sonra Azan və iqamə oxunmalıdır.
10. Ehtiyat vacibə əsasən iqamə deyərkən təharətli (dəstəmazlı) olmalıdır.
Azan və iqamənin adab və ənənələri:
1. Müəzzin üzü qibləyə və ayaq üstə olmalıdır.
2. Müəzzin və azan və iqamənin səsini eşidən hər kəs danışmamalıdır. Əks təqdirdə xüsusilə “qəd qamətis-səlat” cümləsindən sonra danışarsa iqaməni təzədən oxumalıdır. Əlbəttə azan və iqaməni təkrar etmək müstəhəbdir.
3. Müəzzin azan və iqaməni oxuyarkən aram olmalıdır. Azanı aram iqaməni isə nisbətən sürətlə oxumalıdır.
4. Azanı ucadan iqaməni isə astadan oxumalıdır.
5. Azan və iqamə arasında iki rikət namaz qılmaq, bir addım atmaq, oturmaq, bir səcdə etmək, və ya hər hansısa bir zikr və ya dua oxumaq qədər zaman fasıləsi yaratmalıdır. Əgər səcdə edərsə bu duanı; “Rəbbi səcədtu ləkə xaziən xaşiən” və ya “la ilahə illa əntə səcədtu ləkə xaziən xaşiən” oxuması yaxşıdır.
Məqalə əsasən “Afaqi-mehr” jurnalının 51-ci sayından (səh 30) əxz edilib. Bəzi yerlərdə qısa izahlar əlavə olunub
Hazırladı: Ə. Şəhriyar
313news.net