Saxta Yəmani: Əhməd İsmayıl əl-Bəsri » Rical elmi və onun zəruriliyi (şübhələrə cavab)

Rical elminə nə üçün ehtiyac var?

Rical elminə ehtiyacın olub-olmaması ilə bağlı uzun-uzadı bəhslər edilmişdir. Şiə alimləri bu elmə ehtiyac olması barədə öz aralarında ittifaq etsələr də, bu nəzəri rədd edən müəyyən şəxslər də tapılmışdır. Alimlər rical elminin gərəkli olmasına bir neçə cəhətdən dəlil gətirmişlər. Biz bunlardan ən mühümlərini Ayətullahul-Üzma Şeyx Cəfər Sübhaninin (damə zilluh) “Kulliyyatun fi ilmir-Rical” kitabına istinadən mümkün qədər qısa və yığcam şəkildə qeyd edirik:

[pagename:Rical elminə nə üçün ehtiyac var?|Rical elminin dəyəri barədə ortaya atılan şübhələr|1-ci şübhə|2-ci şübhə|3-cü şübhə|4-cü şübhə|5-cü şübhə|6-cı şübhə]

1. Siqə şəxsin sözünün höccət olması:

Şübhə yoxdur ki, “dörd dəlil” (Quran, sünnə, əql və icma) elmsiz əməl etməyin haramlığına dəlalət edir. Allahu-təala buyurur: “De: “(Bilmədən hökm çıxarmağa) sizə Allah icazə verib, yoxsa Allaha iftira yaxırsınız?”. (Yunus surəsi, 59)

Həmçinin: “Bilmədiyin şeyin arxasınca getmə”. (İsra surəsi, 36)

Həmçinin: “Onların çoxu (əqidə və etiqadlarında) yalnız zənnə və gümana tabe olurlar, halbuki, şübhəsiz (zənn və) güman heç bir haqqın yerini tutmur”. (Yunus surəsi, 36)

Elmsiz əməl etməkdən çəkindirən rəvayətlərə gəlincə isə, bunlar saysız-hesabsızdır. “Vəsailuş-şiə” kitabının “qəzavət” bölməsininin 10, 11 və 12-ci bablarına müraciət edən hər bir kəs, burada elmsiz əməl etməyi qadağa bilən çoxlu sayda rəvayət görə bilər. Lakin şəri dəlillər sübut etmişdir ki, bəzən zənnlər də höccət ola bilərlər. Bunlara misal olaraq, zahirləri, xəbəri-vahidi və s. bu kimi əhkam sahəsində arxayınlıq (itminan) hasil edən “zənn”ləri göstərə bilərik. Bunun hikməti ondadır ki, müqəddəs kitab bütün fiqhi hökmləri bəyan etmək qəsdində olmamışdır. Bu bir tərəfdən.

Digər tərəfdən, məsumun sözünü aşkara çıxaran (məsumun nəzərini çatdıran) icma olduqca azdır.

Üçüncü tərəfdən, ağıl Allahın hökmlərini aşkara çıxarmaqdan acizdir. Bəli, ağıl o zaman höccət ola bilir ki, ağılın hökmü ilə şəriətin hökmü arasında qırılmaz bağlılıq olur. Bununla bağlı üsulçular öz kitablarında ətraflı bəhs etmişlər.

Buna əsasən, bu üç cəhət xəbəri-vahidin öz şərtləri ilə birgə qəti höccət ola bilməsini gərəkli etmişdir.

Məlumdur ki, bütün xəbərlər höccət deyillər. Höccət olan adil şəxsin və ya siqə şəxsin (siqə dedikdə ağıl sahiblərinin sözünə güvəndiyi şəxsi nəzərdə tuturuq) xəbəridir. O da məlumdur ki, ravinin adil və ya siqə olmasını aşkara çıxarmaq üçün ravilərin hallarını bəyan edən, onların ədalət və siqəliyini aşkara çıxaran rical elminə müraciət etmək lazım gəlir. Məhz bu zaman istinbat edən şəxs siqəni qeyri-siqədən ayırd edə bilər, istidlala yararlı olanla ona yararlı olmayanı bir-birindən fərqləndirə bilər.

Burada xəbərin hücciyyəti (höccət olması) məsələsində üçüncü bir fikir də mövcuddur və o bundan ibarətdir ki, nəhy (qadağan) edilmiş zənnlərdən xaric olan xəbər məsumdan sadir olması barədə arxayınlıq hasil olan xəbərdir, hərçənd onun ravisinin siqəliyi sabit olmasa belə. Məlumdur ki, xəbər barəsində bu vəziyyətin hasil edilməsi üçün (onun məsumdan sadir olması barədə arxayınlıq yaradan) bir sıra dəlillər və sübutlar toplamaq lazım gəlir. Xəbərin məsumdan sadir olması barədə arxayınlıq yaradan dəlillərdən biri də xəbərlərin sənədlərində adları keçən ravilərin vəziyyətlərindən agahlıqdır. (Və şübhəsiz ki, bunun üçün də rical elminə ehtiyac var - red.)1

2. “Əlacedici hədislər”də2 ravilərin xüsusiyyətlərinə nəzər yetirmək göstərişi verilib:

“Əlacedici hədislər” rəvayət nəql edən şəxsin sifətlərinə nəzər salmağı, onun ən adil və ən fəqih şəxs olub-olmasına diqqət yetirməyi əmr etmişdir. Buna əsasən ki, bu xüsusiyyətlər işığında iki xəbər arasındakı ziddiyyət aradan qalxsın və onların biri digərinə tərcih edilsin. Məlumdur ki, ravilərdə bu sifətlərin olub-olmamasını bilmək üçün yalnız və yalnız rical elminə müraciət etmək lazımdır. İmam Sadiq (əleyhis-səlam) Ömər ibn Hənzələyə verdiyi cavabında buyurur:

“Əgər (bu şərtlərə malik iki ravi) ixtilaf edərsə, o zaman onların içərisindən ən adil, ən fəqih, hədis nəql etməkdə ən doğruçu və ən vərəli olanının hökmü əsas götürülər. O birisinin verdiyi hökmə isə fikir verilməz”. (Vəsailuş-şiə, 18/75)

Hədis hərçənd ki, qazilərin xüsusiyyətləri barədədir, lakin qeyd etmək lazımdır ki, o dövrdə qazilər həm də ravi idilər.

Deyilənlərə bunu da əlavə edin ki, “əlacedici hədislər” təkcə Ömər ibn Hənzələnin rəvayəti ilə məhdudlaşmır. Əksinə, başqa bir sıra rəvayətlər də vardır ki, bu rəvayətlər də həmçinin ravinin xüsusiyyətlərinə nəzər salmaqla (ziddiyyət məqamında) bir hədisin digər bir hədisə tərcih edilməsinə göstəriş verir. “Vəsailuş-şiə” kitabının “qazinin xüsusiyyətləri” bölməsinin doqquzuncu babına müraciət edən kəslər buna şahid ola bilərlər (18-ci cild, “Qəzavət” kitabı).

3. Ravilər arasında hədis qondaran və hədis təhrif edən şəxslərin mövcudluğu:

Ravilərin tərcümeyi-hallarına nəzərə salan şəxs onlar arasında hədis qondaran, hədis təhrif edən və bilərəkdən Allah və Rəsuluna yalan nisbət verən şəxslərin mövcud olduğunu görər. Elə isə necə ola bilər ki, müctəhid fətva verərkən ravi və onun sifətləri ilə tanış olmadan yalnızca xəbər əsasında hökm versin?

İmam Sadiq (əleyhis-səlam) buyurmuşdur: “Müğeyrə ibn Səid atamın səhabələrinin kitabları arasına atamın nəql etmədiyi hədislər (qondarıb) atmışdır. Allahdan qorxun, bizim (adımızdan nəql edilən, lakin) Rəbbimizin sözünə və peyğəmbərimiz Muhəmmədin (sallallahu əleyhi və alihi və səlləm) sünnəsinə xilaf olan sözləri qəbul etməyin!” (Ricalul-Kəşşi, səh.195)

Həmçinin, buyurur: “Biz elə bir ev əhliyik ki, sadiqik (doğru danışanıq). Lakin (ətrafımızda) bizim adımızdan yalan uyduran yalançı şəxslər vardır. Belə şəxslər camaat arasında bizim adımızdan yalan danışmaqla bizim sadiqliyimizi aradan aparırlar”. (Ricalul-Kəşşi, səh.257)

Yunis ibn Əbdür-Rəhman deyir: “İraqa gəldim. Əbu Cəfər və Əba Əbdillahın (əleyhiməs-səlam) əshabından olan və sayları çox olan bir dəstə gördüm. Onlardan (hədis) eşitdim, kitablarını götürdüm. Sonradan bu kitabları Əbul-Həsən Rzaya (əleyhis-səlam) təqdim etdim. O, bu hədislərin bir çoxunun inkar edib bildirdi ki, (bu hədislər) Əba Əbdillahın əshabından (nəql edilmiş) ola bilməzlər. Buyurdu: “Əbul-Xəttab Əba Əbdillahın adından yalan uydurub. Allah Əbul-Xəttaba, habelə Əbul-Xəttabın əshabına lənət etsin. Onlar bu günə qədər Əba Əbdillahın səhabələrinin kitabları arasına belə hədislər atırlar. Bizim (adımızdan nəql edilib) Qurana zidd olan şeyləri qəbul etməyin”. (Ricalul-Kəşşi, səh.195, Muğeyrənin tərcümeyi-halı, rəqəm 103).

Bu rəvayətlər təvatür və istifazə (təvatürdən bir dərəcə aşağı) həddindədirlər. Buna görə də bu mövzuda onlardan dəlil olaraq istifadə etmək olar. Hətta təvatür və istifazə həddində olmasalar belə; yəni, səhihlə yalan arasında qalan xəbəri-vahid olsalar belə yenə də dəlil hesab ediləcəklər. Ona görə ki, əgər səhih olsalar, o zaman höccət sayılıb buna dəlalət edəcəklər ki, Peyğəmbəri-Əkrəmin və onun möhtərəm ailəsinin adına yalanlar uydurulub. Yox, əgər yalan və batil olsalar, o zaman da məsələ öz-özlüyündən sabit olacaq. Buna əsasən ki, bu rəvayətlər yalan olduğu təqdirdə, hədis kitablarında yalan rəvayətlərin mövcudluğu müddəası sübuta yetəcək.

Bu qisim rəvayətlər elə rəvayətlərdirlər ki, onlarla hər bir halda müddəa sübuta yetir; istər səhih olsunlar, istərsə də batil.

4. Rəvayətlərin sənədlərində ammə (əhli-sünnə) məzhəbli ravilərin mövcudluğu:

Dörd kitab və digər kitabların rəvayətlərinə nəzər salan şəxs rəvayətlərin sənədlərində ammə məzhəbli şəxslərin olduğunu görər. İmamlarımız onlar üçün öz imamları arasında məşhur olan məsələlər əsasında fətva verirdilər. Hədis imamları o sual və cavabları nəql etmişlər. Lakin buna işarə etməmişlər ki, həmin şəxs öz imamlarının ardınca gedən ammə məzhəbli birisidir və İmamdan (əleyhis-səlam) sadir olan fətva təqiyyə ilə sadir olmuşdur. Belə olan halda, təqiyyə ilə sadir olan xəbəri digərlərindən fərqləndirməkdən ötrü ravilərin tərcümeyi-halına müraciət etmək lazım gəlir.

5. Alimlərin icması:

İmamiyyə alimləri və hətta bütün müsəlman firqələri – İmamlarımızın (əleyhimus-səlam) dövründən ta bu günümüzədək – bu elmin yazılmasına və qələmə alınmasına diqqət yetirilməli olduğu üzərində icma etmişlər.3 Əgər bu elmin ilahi hökmün istinbatı (əldə edilməsi) məsələsinə dəxaləti olmasaydı, o zaman bu elmə bu qədər diqqət yetirilməzdi.

______________________________________________________________________

1 Bu mövzuda daha geniş məlumat almaqdan ötrü adıçəkilən kitaba müraciət edin. (Red.)
2 Hədislərin ziddiyyəti probleminin həlli üçün çıxış yolu göstərən hədislərə “əlacedici hədislər” deyilir. (Mürtəza Mütəhhəri, “İslam elmləri ilə tanışlıq”, “usulu-fiqh” bölməsi, səh. 274, Azərbaycan dilinə tərcümə, tərc.: Rəşad Həsənov, Bakı 2011)
3 Buna misallar daha sonra qeyd ediləcək.

[page]

Rical elminin dəyəri barədə ortaya atılan şübhələr4

Bu mövzu ilə bağlı ortaya atılan şübhələrdən biri budur ki: şiə alimləri əhli-sünnə alimlərindən əxz etdikləri elmlərlə qeybət dövründə Pak İmamların (əleyhimus-səlam) və onların tələbələrinin səy və zəhmətlərini zay etmişlər. Onlar əhli-sünnə məzhəbindən elm əxz edərək bu elmləri Əhli-Beyt (əleyhimus-səlam) hədislərinə tətbiq etmişlər. Bu elmlərin ən təhlükəlilərindən biri “rical elmi” kimi tanınan elmdir. Onların bəziləri rical elmi ilə bağlı tez-tez bu cür təbir işlədirlər ki, bu elm “Əhli-Beyt (əleyhimus-səlam) hədislərinin başını kəsən qılıncdır”.

Bu elm Əhməd İsmayıl və ardıcılları qarşısında olduqca ciddi və möhkəm bir maneəyə çevrildiyindən (çünki daha sonra da aydın olacağı kimi, onların öz azğın iddialarını yaymaqdan ötrü istifadə etdikləri rəvayətlərin böyük əksəriyyəti zəif sənədli rəvayətlərdir), onlar bu maneəni dəf etməkdən ötrü rical elmini aşağılamaqdan və onun elmi qiymətini inkar etməkdən başqa çıxış yolu tapmamışlar.

Biz bu şəxslərin iddia və şübhələrinə cavab verməyə başlamazdan qabaq müqəddimə olaraq bir neçə məsələnin qeyd edilməsini lazım hesab edirik:

Birinci: Rical elminin tərifi. Rical elmi üçün müxtəlif təriflər deyilmişdir. Bizim nəzərimizdə münasib tərif budur ki, rical elmi: “ümumi qaydaların araşdırıldığı, yaxud ravilərin – onların nəql etdikləri rəvayətlərin höccət olub-olmamasına dəxaləti olan – vəziyyətlərinin araşdırıldığı elmdir”.

Bu tərifin yığcam şəkildə izahı belədir ki, rical elmi iki istiqamətdə fəaliyyət göstərir:

1. Ravilərin siqəliyi və ya zəifliyi ilə bağlı olan ümumi (külli) qaydaları araşdırır. Bunun kimi ki, məsələn: böyük qədim alimlərdən birinin bir şəxs barədə “tərəzzi” etməsi (onun barəsində “Allah ondan razı olsun” və s. kimi sözlər deməsi) o alimin həmin şəxsi siqə hesab etdiyinə dəlalət edir, yoxsa yox?

2. Ravilərin vəziyyətini siqəlik və zəiflik baxımından araşdırır. Bu şəkildə ki, məsələn, Zürarə ibn Əyənin halını araşdırır ki, görəsən siqədir, yoxsa yox? Bu da öz növbəsində ravilərlə bağlı olan başqa bir sıra məsələləri araşdırmağı gərəkli edir. (Onların təbəqələri və şəxsi vəziyyətləri kimi.)

İkinci: Alimlərimizin nəzərində hədisin qəbulu mövzusunda iki məşhur xətt vardır:

1-ci xətt: Vəsaqət xətti: Bu xəttə əsasən hədis məhz o zaman qəbul edilir ki, siqə şəxslər tərəfindən nəql edilsin. Bu üslubun əshabının nəzərində hədisin qəbulunda əsas meyar “ravilərin və hədisi nəql edənlərin vəsaqəti (siqəliyi)” olduğundan, bu xəttə “vəsaqət xətti” deyilir.

2-ci xətt: Vusuq xətti: Bu xəttə əsasən, hədis məhz o zaman qəbul edilir ki, onun Məsumdan (əleyhis-səlam) sadir olmasına barədə bu xəttin əshabının yanında arxayınlıq (vusuq) hasil olsun. Bu arxayınlığın hasil olması üçün isə müxtəlif yollar vardır.

Məlumdur ki, fəqihin bu xəttən birini seçməsi kor-koranə və necə gəldi baş tutmur. Əksinə, o “xəbəri vahidin hücciyyəti” kimi tanınan məşhur mövzu ətrafında dönən müfəssəl və ağır bəhslərin nəticəsində bu iki yoldan birini seçir. Fəqih məhz qarşısındakı Quran və hədislərdən olan dəlilləri araşdırdıqdan sonra vəsaqət, yaxud vusuq xəttini seçir.

Üçüncü: Rical elmindən istifadə etmək bu mənaya gəlmir ki, bu elmdən istifadə edən ancaq və ancaq rical alimlərinin qeyd etdikləri tövsiqat və təzifatların üzərində dayanır. Xeyr. Rical elmi də sair istinbat mövzusuna daxil olan elmlər kimi ictihadi elmlərdən sayılır. Bu o deməkdir ki, fəqih rical alimlərinin sözlərinin qarşısında əlini-əlinin üstünüə qoyub dayanmır. O məhz çalışır ki, bu alimlərin sözlərindən ravinin zəif və ya siqə olmasını hasil etsin və nəticədə rəvayətin zəifliyinə və ya səhihliyinə hökm verə bilsin.

Dördüncü: Bəzi alimlərin vəsaqət xəttini seçməsi bu anlama gəlmir ki, onlara siqə şəxslər vasitəsilə çatmayan bütün rəvayətlər onların nəzərində höccət olmaqdan çıxırlar. Xeyr, əgər rəvayətin sadir olması barədə bir sıra əqli yollarla onlarda arxayınlıq hasil olarsa, o zaman belə bir rəvayət də onların nəzərlərində höccət sayılacaqdır. Lakin “rəvayətin hücciyyətinin dəlilləri” babından deyil, “arxayınlıq və şəxsi etimad” babından.5

Beşinci: Rical elminin dəyərini aşağı salmaq istəyənlər və onun Əhli-Beyt (əleyhimus-səlam) hədislərini zibh edən qılınc adlandıranlar, bir nöqtəyə diqqət edib, digər bir mühüm nöqtədən qəflət etmişlər. O mühüm nöqtə bundan ibarətdir ki, müqəddəs şəriətdə yekdilliklə qəbul olunur ki, mötəbər dəlil olmaya-olmaya bir şeyi müqəddəs şəriətə nisbət vermək haramdır. Buna bir çox dəlillər dəlalət edir ki, onlardan biri də bu ayədir: “De: “Həqiqətən mənim Rəbbim pis işləri – istər onların aşkar olanını, istərsə də gizlisini – həmçinin, hər hansı bir günahı və haqsız həddi aşmağı, eləcə də barəsində Allahın heç bir dəlil-sübut nazil etmədiyi şeyi Allaha şərik qoşmağınızı və bilmədiyiniz şeyi Ona nisbət verməyinizi haram etmişdir.” (Əraf surəsi, 33). Məlum məsələdir ki, məsumdan sadir olması sübuta yetməyən bir rəvayəti əsas götürüb və onun üzərində əqidə inşa etmək bilmədiyin bir şeyi şəriətə nisbət vermək sayılır və bu, şübhəsiz ki, haramdır.

Belə olan təqdirdə, rəvayətin höccət olmasında meyarın nə olduğunu öyrənmək lazım gəlir, ki beləcə onu şəriətə nisbət vermək və ona istinad etmək caiz olsun. Burada da - az öncə deyildiyi kimi – alimlər iki yol seçmişlər. Bəziləri belə hesab etmişlər ki, rəvayətin höccət olmasında meyar onun siqə şəxslərdən gəlib çatmasıdır, bəziləri də belə hesab etmişlər ki, höccət olan rəvayət məsumdan (əleyhis-səlam) sadir olması barədə əminlik (arxayınlıq) hasil olan rəvayətdir. Hər iki halda, rical elminin əhəmiyyəti aşkara çıxır.

Rical elminin tərifi, onun rolu və ona olan ehtiyac mövzusuna qısa və sürətli şəkildə nəzər saldıqdan sonra, indi də bu elm ətrafında ortaya atılan şübhələrə qayıdırıq.

______________________________________________________________________

4 Məqalənin bundan sonrakı hissəsi Seyyid Ziya əl-Xubbaz əl-Qətifinin (hafazahullah) “əl-Məhdəviyyətul-Xatimə fauqa zeyfi-dəava və tadlil əl-ədiya” kitabından olacaq. (Red.)5 Məsələn, elə mütəvatir rəvayətlər. (Müt.)

[page]

1-Cİ ŞÜBHƏ

Rical elmi sünni elmlərindəndir. Qurani-Kərim və Əhli-Beyt İmamları (əleyhimus-səlam) yolu ilə gəlib çatan elmlərdən deyildir. Bu isə onun elmi dəyərini aradan aparır.

Bu barədə məhdəviyyat iddiaçılarından biri danışaraq demişdir:

“Əhli-Beytdən (əleyhimus-səlam) sadir olmayan bir mənhəci özünə (yol) seçmək, Muhəmməd və Ali-Muhəmmədin (əleyhimus-səlam) dininə qarşı cürət etmək və onunla şəri müxalifət etmək sayılır. Elə isə, gör mənhəc Əhli-Beytdən (əleyhimus-səlam) rəvayət edilən şeylərə zidd olarsa, onda nə olar?!” (əl-Vəsiyyə vəl-Vəsi, səh.255)

Başqa birisi isə demişdir:

“Bu elmdən, əsil Muhəmmədi yolu ilə düşmən olan siyasi dairələrə xidmət məqsədiylə istifadə edilmişdir. Bu şəkildə ki, məsuma (əleyhis-səlam) nisbət verilən və həmin siyasi dairələrin mənafeləri ilə uyuşmayan rəvayətlər zəif hesab edilmişdir. Onların nə şəri, nə də əqli dəyərinin olmadığı göstərilmişdir. Bu elm (rical elmi) – diqqəti nəql edənə yönəldib nəql edilənin əqidəvi və fiqhi dəyərinə diqqət yetirməməklə – məsumlara (əleyhimus-səlam) mənsub olan rəvayətlərin güvənirliyi barədə şəkk-şübhələr ortaya salmışdır. Bu elm rəy və ictihad əhli qarşısında qapı açmışdır ki, öz düşüncələrinə uyğun gələn şeyləri seçib götürsünlər (qalanlarını isə bir kənara atsınlar)... Bir sözlə, rical elmi araşdırma yolu olan Quran yoluna müxalifdir”. (ət-Tariq iləd-dəva əl-Yəmaniyyə, səh.78)

Şübhəyə cavab:

Bu şübhəyə yığcam cavab: Şübhə, onun sahibinin rical elmi barədə, hətta Quran və rəvayətlər barədə böyük bir cəhalətdə olduğundan xəbər verir. Bunu aşağıda qeyd edəcəyimiz üç məqama diqqət yetirməklə başa düşmək olar:

1-ci məqam: Qurani-Kərim

Qurani-Kərim ravinin (güvənirlik və qeyri-güvənirlik) baxımından vəziyyətini öyrənməyin zərurətinə diqqət çəkən ilk mənbədir. Belə ki, Allahu-təala buyurur: “Ey iman gətirənlər! Əgər bir fasiq sizə xəbər gətirsə onu araşdırın ki, məbada, bilmədən bir dəstəyə pislik edər və sonra etdiyinizdən peşman olasınız.” (Hucurat surəsi, 6). Qurani-Kərim fasiq xəbər gətirdiyi zaman araşdırmağı əmr etmişdir. Məlumdur ki, bizi ravinin halı ilə tanış edən və bizə onun fasiq olub olmadığını öyrədən elm rical elmidir.

Kimsə ayəni yozmağa çalışaraq belə deməsin ki (necə ki, onlardan biri belə demişdir): “Quran (bu ayədə) xəbər çatdıranın fasiq olduğuna (zatən) hökm verir. Allahu-təala deyir ki, xəbəri araşdır. Deməli Quranın yolu mətnin araşdırılmasıdır, nəinki ravinin; çünki mümkündür güvənilir ravi də səhv və xəta etsin, məsələni yanlış anlasın. Belə olan təqdirdə hədisi qəbul edəcəyik, yoxsa yenə hədisin mətnini araşdıracağıq?

Gərəkli olan budur ki, mətni araşdırq, ravi siqə və ya fasiq olsa belə. Çünki höccət olan ravi(nin özü) deyil. Höccət olan məhz hədis və rəvayətin mətnidir.” (ət-Tariq ilə dəva əl-Yəmaniyyə, səh.78)

Buna belə cavab verilər ki: İstər fasiqin xəbərini qəbul etməyi qeyri-caiz bilək, istərsə də, o xəbər gətirən zaman onun xəbərinin araşdırılmasını və bundan sonra qəbul və ya inkar edilməsi gərəkdiyini deyək, fərq etməz, hər iki halda rical elminə ehtiyaclı olacağıq.

Birinci hala gəlincə ki, məlumdur. İkinci hala gəlincə isə, ona görə ki: bu halda rical elmi həyəcən və xəbərdarlıq siqnalı funksiyasında olacaq. Bu mənada ki, bizi növbəti mərhələdə xəbəri qəbul və ya rədd etməyimiz üçün onu araşdırmağa sövq edəcək.

Bununla yanaşı, siqə şəxsin xəbəri ilə fasiq şəxsin xəbərinin eyni səviyyədə olduğunu demək və onların hər ikisinin xəbərlərinin araşdırılması gərəkdiyini iddia etmək, ayədəki “fasiq” sözü ilə oynamaqdır.

Siqə şəxsin xəta edə bilmə və xəbər çatdırarkən səhvə düçar ola bilmə ehtimalı buna haqq vermir ki, onun xəbəri fasiqin xəbəri ilə eyni tutulmalıdır. Belə ki, siqə şəxsin xəbəri barəsində olan bu ehtimal “qəflət və xəta etməmə prinsipi ” adlanan əqli prinsip vasitəsilə inkar olunur. Halbuki eyni prinsip qeyri-siqə şəxsin xəbəri üçün keçərli deyil. Elə isə hökm məqamında onları eyniləşdirmək olmaz.

2-ci məqam: Mütəhhər sünnə:

Bu mövzu ilə bağlı bir çox rəvayətlər varid olmuşdur ki, onlara misal olaraq aşağıdakıları göstərə bilərik:

1. İmam Məhdidən (əccəlallahu təala fərəcəhuş-şərif) belə nəql edilir:

“Dostlarımızdan heç bir kəs üçün üzr yoxdur ki, bizim yanımızda güvənilir (siqə) olan şəxslərin bizdən nəql etdikləri şeylər barədə şəkk salsın”. (Vəsailuş-şiə, 27/150)

2. Zürarə deyir ki, Əbu Cəfər Baqirdən (əleyhis-səlam) soruşdum: “Sizə fəda olum, (bəzən) sizdən bir-birinə zidd olan iki hədis nəql edirlər, bunların hansı birini qəbul edim?” Buyurdu: “Ey Zürarə, əshabın arasında məşhur olanı qəbul et. Şazz və nadir olanı boşla!” Dedim: “Ey ağam, əgər onların hər ikisi məşhur olsalar və sizdən nəql edilsələr (onda necə)?” Buyurdu: ”O iki nəfərdən hansı sənin nəzərində daha ədalətli və daha güvənilir olsa, onun sözünü qəbul et.” (Əvailil-Liali, 4/133, hədis 229)

3. Əhməd ibn İshaq Əbul-Həsəndən (əleyhis-səlam) nəql edib deyir: “Həzrətə sual verib dedi: Kiminlə get-gəl edim? Kimdən (elm) əxz edim? Kimin sözünü qəbul edim? Buyurdu: “Əl-Əmri mənim güvəndiyim şəxsdir (siqəmdir). Sənə nə çatdırsa, məndən çatdırmışdır. Məndən nə nəql etsə, (həqiqətən də) məndən nəql etmişdir. Onu eşit və ona itaət et. Həqiqətən də o siqə və etibarlıdır (əmin şəxsdir)”. (Vəsailuş-şiə, 27/128)

4-Abdullah ibn Əbi Yəfurdan nəql edilir ki, deyir: “Əba Əbdillaha (əleyhis-səlam) dedim: “Mən hər istədiyimdə sizinlə görüşə bilmirəm və sizin yanınıza gələ bilmirəm”... İmam (ə) buyurdu: “Sənə Muhəmməd ibn Müslim əs-Səqəfiyə (müraciət etməyə) nə mane olur? Həqiqətən də o mənim atamdan (hədis) eşitmişdir və onun yanında hörmətli (məqama sahib olan) birisi idi”. (Vəsailuş-şiə, 27/144; Rical Kəşşi, 1/136, 273)

5. İshaq ibn Yaqubdan nəql edilir ki, İmam Zamanın (əleyhis-səlam) xətti ilə ona belə bir məktub gəlib:

“Qarşıya çıxan hadisələrdə bizim hədislərimizi rəvayət edən şəxslərə müraciət edin. Onlar mənim sizin üzərinizə olan höccətimdirlər və mən də Allahın höccətiyəm! Muhəmməd ibn Osman əl-Əmriyə gəlincə isə – Allah ondan və ondan öncə (vəfat etmiş olan) atasından razı olsun! – o mənim güvəndiyim şəxsdir, onun məktubu mənim məktubumdur”. (əl-Fusulul-Muhimmə, 1/591)

Bu və bu kimi rəvayətlərin nəticəsi budur ki: əgər ravi siqə olarsa, o zaman onun rəvayətlərinə etimad etmək olar. Hətta, onları rədd etmək olmaz. Habelə ravi hər nə qədər daha çox siqə olarsa, ixtilaf məqamında onun rəvayətləri başqalarına nisbətdə daha çox tərcih olunar. Buna görədir ki, biz görürük ki, İmamların (əleyhimus-səlam) səhabələri fəqih ravilər barədə sual etdikləri zaman “siqəlik” məfhumuna diqqət yetirirdilər. Buna Əbdül-Əziz ibn əl-Muhtədi və Həsən ibn Əli ibn Yəqtinin İmam Rzadan (əleyhis-səlam) nəql etdikləri rəvayət şahidlik edir. Deyir:

Dedim: “Mən (hər istədiyimdə) sizin yanınıza gələ bilmirəm və dini məlumatlardan bilmək istədiyimi sizdən soruşa bilmirəm. Görəsən, Yunis ibn Əbdür-Rəhman güvənilir-siqə bir şəxsdir ki, dini məlumatlarımı ondan əxz edim?” Buyurdu: “Bəli”. (Vəsailuş-şiə, 27/137; Rical-Kəşşi, 2/490-935)

Məsələ belə olunca, bu da həmçinin öz növbəsində rical elminin əhəmiyyətinə dəlalət edir. Buna əsasən ki, bizi şəxslərin siqəliyi və güvənirliyi ilə tanış edən elm məhz rical elmidir.

Üçüncü məqam: Məsumların səhabələrinin və onlarla bir dövrdə yaşamış şəxslərin (mütəşərriənin) sirəsi:

Mütəşərriənin sirəsini və ravilərin tarixini yaxından incələyən şəxs görəcək ki, İmamların (əleyhimus-səlam) səhabələrindən olan bir çox şəxs – elə onların zamanında – rical elmi ilə bağlı əsərlər yazmışlar. Onlara misal olaraq aşağıdakıları göstərə bilərik:

1. Abdullah ibn Cəbbələ əl-Kənani (vəf. 219 h.): Onun “Rical” adından bir kitabı vardır.6

2. Həsən ibn Məhbub əs-Sərrad (149-224 h.): İmam Rzanın (əleyhis-səlam) səhabələrindəndir. İmam Sadiqin (əleyhis-səlam) əshabından olan yetmiş ravidən rəvayət nəql etmişdir. Onun “əl-Məşyəxə” (“Şeyxlər”) və “Mərifətu ruvatil-əxbar” (“Hədis raviləri ilə tanışlıq”) adlı kitabları vardır.

3. Fəzl ibn Şazan ən-Nişapuri (vəf.260 h.): Onun da ricala dair bir kitabı var. O burada yalançı ravilərin adlarını toplamışdır. Habelə onun ravilərin tənqidi ilə bağlı çoxlu rəvayətləri vardır ki, Kəşşinin rical kitabında mövcuddurlar.

4. Muhəmməd ibn İsa əl-Yəqtini: Fəzl ibn Şazanın müasiridir. Onun da həmçinin “Rical” kitabı vardır.

5. Muhəmməd ibn Xalid əl-Bərqi: İmam Rzanın (əleyhis-səlam) əshabındandır. Onun da “Rical” kitabı vardır.

6. Səd ibn Abdullah əl-Əşəri: Onun da ricala dair iki kitabı vardır. Biri “Mənaqibu ruvatil-hədis” (hədis ravilərinin fəzilətləri), digəri isə “Məsalibu ruvatil-hədis” (hədis ravilərinin nöqsanları) kitabıdır.

7. Əhməd ibn Muhəmməd ibn Xalid əl-Bərqi (vəf.280 h.): Onun da iki kitabı vardır: “ər-Rical”“Tabaqatur-rical” (ravilərin təbəqələri).

8. Əhməd ibn Əli əl-Ələvi əl-Əqiqi (vəf.280 h.): Onun “Tarixur-rical” adlı kitabı var.

9. Həsən ibn Əli ibn Fəzzal (vəf. 224 h.): İmam Kazimin (əleyhis-səlam) səhabələrindəndir. Şeyx Nəcaşi (quddisə sirruh) onun barəsində deyir: “Bizə İbn Şazan, Əli ibn Hatəmdən, o Əhməd ibn İdrisdən, o Əhməd ibn Muhəmməd ibn İsadan, o da ondan (Həsən ibn Əli ibn Fəzzaldan) nəql edərək bildirdi ki, onun (Həsən ibn Əli ibn Fəzzalın) “Mütə”"Rical” kitabları olmuşdur”. (əl-Fihrist, Nəcaşi, səh.36)

10. Əli ibn Həsən ibn Əli ibn Fəzzal (doğ. 206 h.): Şeyx Vəhid əl-Bəhbəhani (quddisə sirruh) “ət-Təliqə”də onun barəsində deyir:

“Çox vaxt rical elmində onun sözlərinə əsaslanırlar. Ravilərin nöqsanlı və ya adil olmasını bilmək üçün onun sözlərinə müraciət edirlər. Hətta gizli deyil ki, o onlara hamıdan, hətta bütün rical alimlərindən daha agahdır. Əgər sən diqqətlə araşdırsan, görərsən ki, şeyxlər çox vaxt – hətta demək olar ki, hər zaman – məhz onun sözünə əsaslanırlar, ona müraciət edir və ona etimad edirlər”. (Təliqətul-Vəhid, səh.229)

11. Əhməd ibn Muhəmməd ibn Rəbi əl-Əqrə əl-Kindi: Abdullah ibn əl-Əladan onun barəsində belə nəql edilmişdir ki: “Əhməd ibn Muhəmməd ibn Rəbi ricala agah idi”.

12. Əhməd ibn Muhəmməd ibn Nuh: künyəsi Əbul-Abbas əs-Seyrafidir. Bir çox əsərləri vardır. Onlardan biri də “ər-Rical əlləzinə ravau an Əbi Abdillah (əleyhis-səlam)” (Əba Əbdillahdan (əleyhis-səlam) hədis nəql edən şəxslər) kitabıdır.

13. İbn Uqdə (249-333 h.): Onun da “Rical” adlı kitabı vardır.

14. Əhməd ibn Muhəmməd əl-Qummi (vəf. 350 h.): Onun “ət-Təbəqat” adlı kitabı vardır.

15. Muhəmməd ibn Əhməd ibn Davud ibn Əli, Əbul-Həsən əl-Qummi (vəf.368 h.): Böyük məqamlı şəxsiyyətdir, bir sıra kitablar qələmə almışdır. Onlardan biri “Kitabul-məmduhin vəl-məzmumin” (Mədh edilənlər və məzəmmət edilənlər barədə kitabı) kitabıdır.

Bunun kimi bir çox kitabları misal göstərə bilərik. Şeyxut-Taifə Şeyx Tusi (quddisə sirruh) bu barədə danışaraq deyir:

“Biz görürük ki, taifə (şiə məzhəbi alimləri) bu xəbərləri (rəvayətləri) nəql edən raviləri (bir-birindən) fərqləndirmişlər. Onlardan güvənilir (siqə) olanları güvənilir, zəif olanları zəif bilmişlər. Hədisinə və rəvayətinə etimad edilən şəxslərlə, xəbərinə etimad edilməyən şəxsləri bir-birlərindən ayırmışlar. Onlardan mədhə layiq olanlarını mədh etmiş, məzəmmətlilərini də məzəmmət etmişlər. Demişlər ki, filankəsin hədisləri nöqsanlıdır, filankəs kəzzabdır (yalançıdır), filankəs (hədisləri bir-birinə) qarışdırandır, filankəs məzhəb və əqidədə (bizə) müxalifdir, filankəs vaqifidir, filankəs fəthidir və s. bu kimi tənələr qeyd etmişlər. Onlar bu barədə kitablar yazmış, şəxsləri (raviləri) seçib öz fihristlərində qeyd etmişlər. Belə ki, onlardan biri bir rəvayəti inkar etdikdə, onun sənədinə baxır və rəvayəti raviləri ilə zəif hesab edirdi. Bu onların qədim və indiki dövrdəki adətləridir ki, dəyişilməmişdir”. (əl-İddə fi usulil-fiqh, 1/141)

Əgər rical elmi şəri elm olmasaydı o zaman mütəşərriə ona bu qədər diqqət yetirməzdi.

Son nəticə:

Qeyd edilən üç məqamdan məlum oldu ki, rical elmi Qurani-Kərimdən və mütəhhər sünnədən qayanqlanan bir elmdir və o, qətiyyən bidət deyildir.

______________________________________________________________________

6 Kimsə deməsin ki, bu ad kitabın rical elminə dair kitablardan olduğunu göstərmir. Buna əsasən ki, mümkündür ki, kitab, məsələn, tarix kitabı olmuş olsun, rical kitabı (tövsiq və təzifdən bəhs edən bir kitab) deyil.
Buna belə cavab verilər ki: Hərçənd ki, bu ehtimal öz-özlüyündə mümkünlüyə sahibdir, lakin bu kitabla eyni dövrdə qələmə alınan və eyni adda olan bəzi kitabların Əllamə Hilli və İbn Davud Hilli (quddisə sirruhuma) kimi bəzi rical alimlərinə gəlib çatması və onların bu kitablara etimad etmələri bu ehtimalın dəyərini aradan aparır. Belə kitablara misal olaraq Əli ibn Həsən ibn Fəzzalın “Rical” kitabını göstərmək olar. Bu kitab İbn Davuda çatmış və o öz rical kitabında bu kitaba etimad etmişdir. Necə ki, kitabının müqəddiməsində bunu bildirmişdir. Həmçinin, Fəzl ibn Şazanın “Rical” kitabını və Şərif əl-Əqiqinin (vəf.280 h.) “Tarixur-Rical” kitabını göstərmək olar.

[page]

2-Cİ ŞÜBHƏ

Rical kitabların səhvlərin olması

Onlardan biri bu barədə danışaraq deyir:

“Kim rical kiablarına, hətta onların ən məşhurlarına – ki bunlar Tusinin və Nəcaşinin rical kitablardır – diqqət yetirərsə, görər ki, bu kitablar səhvlərə və təhriflərə məruz qalmışlar”. (əl-Vəsiyyətu vəl-vəsi: 256)

Şübhəyə cavab:

Bu şübhənin cılızlığı gün kimi ortadadır. Belə ki, bizə hətta kitabda səhvlərin olduğu qəbul etsək belə, səhvlər də iki cürdü:

Birinci: Çoxluğu və qaranlıq olması (heç cür anlaşılmaması və həll edilə bilməməsi) səbəbindən kitabın mətninə xələl gətirən səhvlər.

İkinci: Azlığı və aydınlığı səbəbindən kitabın mətninə təsirli olmayan səhvlər.

Mətnlərdən (istər bu mətn vəsiyyət olsun, istər məktub olsun, istər kitab olsu, istər məqalə olsun, istərsə də hər hansısa bu kimi başqa bir yazı olsun) istifadəni imkansız edən şey məhz birinci növdən olan səhvlərdir. İkinci növdən olan səhvlərə gəlincə isə, heç bir kitab bundan xali deyil. Hətta mötəbər və etimad edilən mənbələr və kitablar belə. Bununla belə, hamı bu kitablara əməl etmişdir, heç kəs səhv bəhanəsi ilə bu işi tərk etməmişdir.

Bunun izahı isə belədir ki: mətnlər çox vaxt müxtəlif dəlilləri və məsələləri özündə ehtiva edir ki, bu dəlillər və məsələlər də bir başa mətnin zahiri ilə bağlı olurlar (bu mənada ki: əgər onlar aradan getsələr, mətnin zahirinə xələl gələcək). Belə halda, əgər kitabda həll edilməsi mümkün olmayan çoxlu sayda mürəkkəb (qaranlıq) səhvlər mövcud olarsa, ağıl sahibləri belə bir kitabı qəbul etməkdən imtina edəcəklər. Ona görə ki, mümkündür ki, kitabda müəyyən məsələlər mövcud olmuş olsun, lakin səhvlər nəticəsində aradan getsin.

Lakin əgər səhvlər az sayda olsa, o zaman mətnlərin zahirləri olduqları kimi qalacaqlar və ağıl sahibləri onu qəbul etməkdən imtina etməyəcəklər.

Bunu bildinizsə: Şeyx Tusinin rical kitablarında və Şeyx Nəcaşinin rical kitabında mövcud olan – o da əgər qəbul edərsək – səhvlər məhz ikinci növdən olan səhvlərdir. Bu miqdarda olan səhv bu kitabların mətləblərindən əl götürməyə və onlardan istifadə etməməyə haqq qazandırmır.

[page]

3-CÜ ŞÜBHƏ

Rical mənbələrinin həqiqətdən uzaqlığı

Onlardan biri bu barədə deyir:

“Habelə sən bu kitabların bir çoxunu həqiqətdən uzaq7 görə bilərsən. Yəni, məsələn, görə bilərsən ki, Nəcaşi İmamların ən üstün səhabələrini zəif hesab edir. Məsələn, Cabir ibn Yəzid, Müfəzzəl ibn Ömər, Davud ibn Kəsir ər-Riqqi, Muəlla ibn Xuneys və qeyriləri. Baxmayaraq ki, onları mədh edən rəvayətlər təvatür həddindədirlər və olduqca çoxdurlar”. (əl-Vəsiyyə vəl-Vəsi, səh.256)

Şübhəyə cavab: Bu şübhə də əvvəlkilər ki, olduqca cılız və əsassız bir şübhədir. Belə ki, səmavi kitablardan və məsuma çatan kitablardan başqa elə bir kitab yoxdur ki, orada həqiqətdən uzaq olan şeylər olmasın. Lakin bu həddə uzaqlıq buna əsas vermir ki, mütləq şəkildə kitabdan əl götürəsən. Əgər bu doğru olsaydı, o zaman bütün kitabları bir kənara atmaq lazım gələrdi.

Buna görədir ki, siz görürüsünüz ki, alimlərimiz (ridvanullahi əleyhim) bir yandan rical kitablarından istifadə etsələr də, digər bir yandan heç biri Şeyx Tusinin və ya Şeyx Nəcaşinin (quddisə sirruhuma) sözlərini kor-koranə gözü bağlı qəbul etmir. Hər kim onların əsərləri ilə tanış olsa və elm məclislərinə təşərrüf tapsa, bunun həqiqətini açıq-aşkar görə bilər.

______________________________________________________________________

7 Qeyd: Cümlənin ərəbcəsində müəllif “mucanibən” sözü işlətməkdən “mucanib” sözü işlətmişdir. Bu isə ən bəsit ərəb dili bilən şəxslərin belə düşməyəcəyi xətadır. Belə xətalar onlardan tez-tez sadir olur. İstər özlərindən, istərsə də 13-cü imam hesab etdikləri saxta başçılarından. Gələcək yazılarımızda bu məsələlər barədə ətraflı danışılacaq. İnşəAllah. (Red.)

[page]

4-CÜ ŞÜBHƏ

Rical mənbələrindəki ziddiyyətlər

İddiaçı deyir:

“Deyilənlərə rical alimlərinin bir-birlərinə zidd fikir söyləmələrini də əlavə et. Siz görə bilərsiniz ki, məsələn, Şeyx Tusi bir şəxsi siqə bilir, lakin Nəcaşi onu zəif hesab edir. Həmçinin də, əksinə. Hətta siz ziddiyyəti bir alimin öz sözlərində belə tapa bilərsiniz. Necə ki, Şeyx Tusidə bunu görmək olar. O, Səhl ibn Ziyad ər-Razi barədə belə etmişdir. Şeyx Tusi “Rical” kitabının 381-ci səhifəsində, (rəqəm 5699) onu siqə bilir və onun barəsində deyir: “Səhl ibn Ziyad əl-Adəmi, künyəsi Əbu Səiddir, siqədir, Reydəndir”. Lakin elə ki, Şeyx Tusinin ikinci kitabına, “əl-Fihrist”ə gəlirik, görürük ki, eyni ravi barədə deyir: Səhl ibn Ziyad əl-Adəmi ər-Razi, künyəsi Əbu Səiddir, zəifdir”. (əl-Vəsiyyə vəl-Vəsi, səh.256-257)

Şübhəyə cavab: Tədqiqatçı şəxsə gizli deyil ki, bu şübhə yeni deyil. Rical alimləri ona cavab vermiş, onu müzakirə edərək əsassızlığını ortaya qoymuşlar.

Cavabı yığcam şəkildə belə qeyd edə bilərik ki, tövsiqat və təzifatların ziddiyyəti ən son halda bunu gərəkli edə bilər ki, bir-biri ilə ziddiyyət təşkil edən sözlər dəyərdən düşsünlər. Bu da o halda ola bilər ki, bu iki zidd məlumatdan hər hansısa bir (rical alimlərinin yanında məlum olan qaydalar əsasında) digərinə tərcih edilə bilməsin. Məlum məsələdir ki, bu, ziddiyyətdən uzaq olan digər tövsiqat və təzifatı etibar və dəyərdən salmır!

Ümumiyyətlə, bu və bundan əvvəl qeyd edilən şübhələr barədə deyilməlidir ki, bu üç irad şübhə səviyyəsinə qalxa bilmirlər. Çünki onlar əgər əsaslı olsalar belə – ki, belə deyillər –, sadəcə və sadəcə mühüm rical kitabları barədə söylənilən fikirlərdən ibarətdirlər. Nəinki rical elminin özü barədə deyilən fikirlərdirlər. Hər kəs elə zənn edirsə ki, rical kitabları elə rical elminin özüdür və onlara irad gətirmək rical elminə irad gətirməkdir, onda zəhmət olmasa ömründən bir neçə dəqiqəni sərf edib “dörd nisbət” (məntiq, -red.) arasındakı fərqi öyrənsin.

[page]

5-Cİ ŞÜBHƏ

Rical elmindəki tövsiqat və təzifatları mürsəlliyi

Yenə onlardan biri bu barədə deyir:

“Qəribəsi odur ki, onlar rical alimlərinin sözlərini bu sözlərin sənədlərini bilmədən qəbul edirlər. Hətta bəzən şəxslərin mədhi və məzəmməti məsələsində bu sözləri Məsumların (əleyhimus-səlam) səhih sənədli rəvayətlərindən üstün tuturlar. Rical elmindəki tövsiqat və təzifatlar iki haldan xaric deyillər: ya rical alimlərinin öz şəxsi rəyi, ictihadı və düşüncəsi əsasındadır, ya da onlara nəql edilmişdir. Rəy və ictihada etimad olunmaması barədə ixtilaf yoxdur, xüsusən də onların bu sahədəki çoxlu səhvləri ilə tanış olduqdan sonra (bu daha da aydın olur).” (əl-Vəsiyyətu vəl-Vəsi: 256-257)

Cavab: Bu şübhə də özündən əvvəlki kimi yeni deyildir. Rical alimləri buna da geniş və ətraflı şəkildə cavab vermiş, əsassızlığını ortaya qoymuşlar.8

Biz məsələni təfsilatlı şəkildə müzakirə etmək niyyətində olmadığımızdan cavaba ən yığcam şəkildə işarə edirik və iki nöqtə üzərində dayanırıq:

Birinci: Rical aliminin sözünün hansı əsasda höccət olması barədə uzun bir bəhs vardır. Bəhs bunun ətrafında dövr edir ki, görəsən onun sözünün höccət olması “arxayınlığın hücciyyəti” əsasındadır, yoxsa “şəhadaət” əsasındadır, yoxsa “xibrə əhlinin sözünün hücciyyəti” əsasındadır, yoxsa “siqə şəxsin xəbərinin hücciyyəti” əsasındadır?

Bunu bildinizsə, o zaman deyək ki, bu şübhənin ortaya çıxardığı irad bu cəhətlərin hamısına əhatə etmir. O, onlardan məhz sonuncu olana aiddir. Biz hətta bu iradın yerində olmasını qəbul etsək belə, o rical elmini mütləq şəkildə aradan apara bilməyəcək. Belə ki, rical elmi ilk üç cəhət əsasında elə öz yerində qalacaq.

Rical elmini küllən dəyərsiz çıxarmaqdan ötrü belə bir iraddan yapışmaq, olduqca böyük bir cəhalətdən xəbər verir.

İkinci: Qeyd olunan irada aşağıdakı iki müqəddiməni qeyd etməklə cavab vermək olar:

1) Bəzi hissi və ya hissə yaxın məsələləri olduğu kimi dərk etmək üçün onunla eyni zamanda olmağa ehtiyac yoxdur. Bizimlə Şeyx Ənsari (quddisə sirruh) arasında 250 ildən çox məsafə vardır, bizimlə Əllamə Məclisi (quddisə sirruh) arasında 320 ildən artıq məsafə vardır. Lakin bununla yanaşı onları siqəlikləri bizim üçün günorta çağı görünən günəşdən daha aydındır. Halbuki məlumdur ki, onların siqəlikləri intuitiv məsələlərdən deyildir, məhz hissi və ya hissə yaxın məsələlərdəndir.

Aydındır ki, bu cür məsələlər bir siqənin başqa bir siqədən nəql etdiyi şeylərdən deyil ki, ortada irsalın olması onlara xələl gətirsin. Bu məsələlər mütəvatir də olmasalar, məhz müstəfiz (mütəvatirdən bir pillə aşağı) məsələlərdəndir. Müstəfiz halda olan məsələlərin naqillərinə (onu nəql edənlərə) isə nəzər yetirilməz.

2) Ricala dair dəyərləndirmələri özündə ehtiva edən mənbələr – daha öncə də deyildiyi kimi – Məsumların (əleyhimus-səlam) zamanına uzanıb çıxır və onlar kifayət qədər çoxdurlar. Az əvvəl Şeyx Tusinin (quddisə sirruh) açıq-aşkar sözü qeyd olundu ki, şiə taifəsi qədim zamanlardan bəri bu elmə əməl etmişlər. Məlumdur ki, Şeyx Tusiyə (quddisə sirruh) nisbətdə “qədim zaman” yalnız və yalnız Məsumların (əleyhimus-səlam) dövrü ola bilər. Daha əvvəl belə rical mənbələrindən bir çoxunun adı çəkildi.

Üçüncü: Bizim əlimizə çatmayan bu mənbələrin bir çoxu o zaman iki böyük şeyxə: Şeyx Tusiyə və Şeyx Nəcaşiyə (tabə sərahuma) çatmışdır. Hətta onlardan sonra gələnlərə; Əllamə Hilli, İbn Davud Hilli və Seyyid İbn Tavus (quddisə sirruhum) kimi alimlərə çatmışdır. Daha əvvəl bunların bəzilərinə işarə etdik.

Bu üç müqəddimənin fonunda aydın olur ki: ravilərin siqəliyi və zəifliyi ricala dair çoxlu əsərlərin olması və məzhəbin böyük şəxsiyyətlərinin tövsiq və təzif məsələsinə diqqət yetirməsi səbəbindən müztəfiz işlərdən olmuşdur, daha ahad şəxslərin nəql etdikləri məsələlərdən (ahad xəbərlərdən) olmamışdır.

Buna elə rical alimlərinin öz sözləri və təbirləri də dəlalət edir. Məsələn, Şeyx Nəcaşinin (quddisə sirruh) sözlərində belə oxuyuruq:

“İsmayıl ibn Səhl əd-Dehqan: əshabımız onu zəif bilmişdir”. (Rical, səh.28)

“İsmayıl ibn Yəsar əl-Haşimi: əshabımız onu zəif kimi qeyd etmişdir”. (Rical, səh.29)

“Həsən ibn Ətiyyə əl-Hənnat: əshabımızdan bir kimsənin onun barəsində kitabı olduğunu qeyd etdiyini görmədim”. (Rical, səh.46)

“Həsən ibn Əhməd əl-Mənqəri: zəif olub. Bunu əshabımız (rəhiməhumullah) qeyd etmişdir”. (Rical, səh.53)

“Həsən ibn Əbi Osman: ləqəbi “Səccadə”dir. Əbu Muhəmməd, kufi. Əshabımız onu zəif bilmişdir”. (Rical, səh.61)

“Həsən ibn Muhəmməd ibn Cumhur: zəiflərdən nəql edir, mürsəl rəvayətlərə etimad edir. Əshabımız onun barəsində bunu qeyd edib. Və deyiblər: Atasından daha güvənilir və saleh idi”. (Rical, səh.62)

“Muhəmməd ibn Abdullah ibn Muhəmməd ibn Ubeydullah ibn Bəhlul: (demək olar ki) bütün əshabımızın onu pislədiyini və zəif bildiyini gördüm”. (Rical, səh.396)

“Ubeydullah ibn Əbi Zeyd Əhməd ibn Yaqub ibn Nəsr əl-Ənbari: bizim Bağdadlı əshabımız onu mərfu nəql etməkdə günahlandırırdı”. (Rical, səh.232)

“Əhməd ibn Hüseyn ibn Səid ibn Həmmad ibn Səid ibn Mehran: Əbu Cəfər əl-Əhvazi. Ləqəbi “Dəndan”dır. Qumlu əshabımızın dediyinə əsasən, atasının bütün şeyxlərindən rəvayət nəql etmişdir. Təkcə Həmmad ibn İsadan başqa. (Qumlu əshabımız) onu zəif bilmiş və demişlər: o ğüluvv edəndir, hədisi qəbul da edilər, inkar da.” (Rical, səh.77)

Gördüyünüz kimi, Şeyx Nəcaşinin (quddisə sirruh) sözlərindən belə başa düşmək olur ki, o bu ricali dəyərləndirmələri əshabdan müstəfiz şəkildə almışdır. Eyni hal Şeyxut-Taifə Tusiyə (quddisə sirruh) də aiddir. Buna da bir çox dəlillər vardır ki, misal olaraq aşağıdakıları qeyd edirik. Şeyx ət-Tusi deyir:

“Buna görə də taifə (şiə məzhəbi alimləri) Muhəmməd ibn Əbi Umeyr, Səfvan ibn Yəhya, Əhməd ibn Muhəmməd ibn Əbu Nəsir və sair kimi siqələrin – hansılar ki, yalnız siqə şəxsdən müsnəd və mürsəl şəkildə nəql etmələri ilə tanınırlar – (mürsəl hədisləri) ilə digərlərinin müsnəd hədislərini bir tutmuşlar. Buna görə də onların mürsəl hədislərinə əməl etmişlər”. (əl-Uddə fi usulil-fiqh, 1/154)

Həmçinin, deyir: “Dediyimiz şey səbəbindən, taifə Həfs ibn Ğiyasın, Ğiyas ibn Kəlubun, Nuh ibn Dərracın, Sukuninin və sair ammə məzhəbli şəxslərin İmamlarımızdan (əleyhimus-səlam) nəql etdiyi – əshabımız tərəfindən inkar edilməyən və öz yanlarında onun əksi olmayan – rəvayətlərə əməl etmişlər.” (əl-Uddə fi usulil-fiqh, 1/149)

Həmçinin, deyir: “Dediyimiz şey səbəbindən, taifə Abdullah ibn Bukeyr və başqaları kimi fəthiyyələrin xəbərlərinə əməl etmişlər. Həmçinin, Sumaə ibn Mehran, Əli ibn Əbu Həmzə, Osman ibn İsa kimi vaqifilərin, habelə onlardan sonra gələn Bəni-Fəzzal, Bəni-Sumaə, Tatarilər və sairlərin – öz yanlarında xilafı olmayan – hədislərinə əməl etmişlər.” (əl-Uddə fi usulil-fiqh, 1/150)

Bu və bu kimi digər şahidlər ona dəlalət edir ki, Şeyx Tusi (quddisə sirruh) ricali dəyərləndirmələri müstəfiz şəkildə əldə etmişdir. Buna əsasən də, ricali dəyərləndirmələrin mürsəlliyi iradı ortadan qalxmış olur və onun heç bir elmi dəyəri qalmır.

______________________________________________________________________

8 Əlavə məlumat üçün Şeyx Əli Ali-Muhsinin “ər-Raddul-Qasim aləl-muftəri alə əl-İmamil-Qaim” kitabına 15-ci səhifədən sonrasına müraciət edə bilərsiniz. (Red.)

[page]

6-CI ŞÜBHƏ

Rical elminin bütün raviləri özündə əhatə etməməsi

İddiaçı deyir:

“Hətta buraya qədər deyilənlərdən əl götürsək belə – ki heç vaxt götürməyəcəyik –, yenə də şəxslərin tövsiq və ya təzifini Nəcaşinin ricalı, Şeyx Tusinin “Rical” və “Fihrist”i kimi rical kitabları ilə məhdudlaşdıra bilmərik. Ona görə ki, onlar bütün raviləri (öz kitablarında) qeyd etməyiblər. Hətta bəlkə onların heç onda birini belə qeyd etməyiblər”. (əl-Vəsiyyətu vəl-Vəsi, səh.262)

Şübhəyə cavab:

Bu şübhəyə cavab üçün elə də çox sözə ehtiyac yoxdur. Çünki rical kitablarında adları qeyd olunmayan ravilər iki növdürlər:

Bəzilərinin siqəliyini heç bir yolla sübut etmək mümkün deyil. Bəzilərinin siqəliyi isə “qərinələri” (dəlil və əsasları, şahidləri) bir araya toplamaqla sübut etmək mümkündür. Birinci növün hər hansısa bir rəvayətin sənədində gəlməsi həmin rəvayətin – “vəsaqət” xətti nəzərinə əsasən – hücciyyətinə xələl gətirsə də, ikinci növ belə deyildir; belə ki, o hücciyyət hasil edir. Elə isə bu o deməkdir ki, ricali dəyərləndirmələr (tövsiqat və təzifatlar) qapısı məchul şəxslər üçün bağlı deyildir.

Maraqlısı odur ki, bu şübhənin sahibinin özü bizim dediyimizi şeyi etiraf etmişdir. Belə ki, demişdir ki, Şeyx Tusinin (quddisə sirruh) ricalındakı ravilərin sayı 6429-u keçməsə də, Seyyid Xoinin (quddisə sirruh) öz “Mucəmur-Rical” kitabında topladığı ravilərin sayı 15706-a çatır.9 Bu, bizim dediyimizin təsdiqidir və göründüyü kmi, rical elmi üçün bir irad deyildir.

Bu dediklərimizdən bu şəxsin dediyi aşağıdakı sözlərdəki şişirtmənin batilliyini də anlamış olursunuz. Deyir:

“Ən yaxşı ehtimalla deyirik ki, Şeyx Tusi və Şeyx Nəcaşi ravilərin üçdə birinin tərcümeyi-halını yazmışdır, elə isə onların məlumatları olmadığı və ya unutduqları.. geridəki üçdə iki hissənin günahı nədir?

Zərrəcə təqvası olan adam minlərlə ravi barəsində hökm verə bilməz ki, zəifdirlər və ya rəvayətlərinə etimad olunmaz; ona görə ki, Şeyx Tusi və Şeyx Nəcaşi onların siqəliklərini vurğulamayıblar”.10

Bundan başqa, bu şübhənin çatdırdığı ən son şey olsa-olsa ancaq bu ola bilər ki, rical kitabları məhduddur. Nəinki rical elminin batilliyi və dəyərdən düşməsini çatdırar. Məlumdur ki, bu iki məsələ arasında da şərqlə qərb arası qədər məsafə vardır.

Vəl-həmdu lillahi rabbil-aləmin

______________________________________________________________________

9 əl-Vəsiyyətu vəl-Vəsi, səh.264.
10 əl-Vəsiyyətu vəl-Vəsi, səh.262.
Qəribəsi odur ki, bu iddianın sahibi rical kitablarındakı məchul şəxslərin sayını şişirtməkdən ötrü ağılasığmaz yollara əl atıb. Belə ki, deyib ki, Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) səhabələrinin sayı 114 minə çatırmış. Lakin Şeyx Tusi öz rical kitabında onlardan yalnız 468-nəfər ravinin adını qeyd edib.
Mən bu biabırçı cahilliyə cavab verməyə lüzum görmürəm. Rical kitabları bütün camaatın adını özündə qeyd etmək üçün yazılmayıb. Burada məhz ravilər və ya əsər sahibi şəxslərin adları qeyd olunur.
Lakin mən bu iddiaçıdan istəyirəm ki, o dediyi səhabələrin hamısının adlarını bizim üçün qeyd etsin və onlardan kimin ravi, kimin qeyri-ravi olduğunu bizim üçün açıqlasın. Ondan sonra səsini qaldırsın. Elə bu dəqiqədən etibarən adları toplamağa başlasın, qiyamətə qədər fürsəti var.

 

313news.net

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!