14 Məsum » Quranda vilayət bayramı - Ayətullah Cavadi Amuli

Kamil insan münəzzəh olan Allahın ən kamil təkvini kitabıdır. Belə bir kitabın həqiqi tərifi və və dərin təfsiri isə eynilə Allahın tədvini (yazılı) kitabının təfsiri kimi sadəcə müəllifi (yəni Allah) və seçilmiş elçiləri üçün mümkündür. Allahın kitablarının təfsiri əhli olmayan və naməhrəm insanların əlinə düşsə, tərif (izah) yerinə təhrif edilmiş olar. O halda Peyğəmbərin həqiqi tərifi sadəcə Peyğəmbəri yaradan Allah üçün mümkün olduğu kimi - "Allah peyğəmbərliyini kimə verəcəyini daha yaxşı bilir"1 - Peyğəmbərin vəsisinin həqiqi təfsiri də sadəcə vəsini yaradan Allahın gücü daxilindədir.

Bu baxımdan vəsilərin seyyidi, ilahi vəlilərin əmiri, vilayətin fatehi, risalətin yadigarı və hidayətin öndəri olan Möminlərin Əmiri Hz.Əlinin (ə.s) mübarək vücudunun ən yaxşı tanıdıcısı da ilk mərhələdə varlığının böyük feyzini yaradan münəzzəh olan Allahdır. İkinci mərhələdə isə Rəsuli-Əkrəm (s.ə.a) kimi elçilər və həmmam (alicənab, cəsarətli və comərd) olan İmamın özüdür.

Bütün bir varlıq aləmində maddi və mənəvi nemətlərin hamısı münəzzəh olan Allah tərəfindəndir. "Sizə gələn hər bir nemət Allahdandır."2 Bu nemətləri adi insanlar əsla saya bilməzlər. "Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz."3 Münəzzəh olan Allah Qurani-Kərimdə bəzən göy üzü, yer üzü, günəş və ay kimi bir sıra zahiri rizqləri və maddi nemətləri xatırladır və bəzən də batini və mənəvi nemətlərini dilə gətirir. Həmçinin İsa Məsihə (ə.s) belə buyurmuşdur: "Sənə və anana nemətimi yadına sal. O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən beşikdə olanda da, yetkin çağında da adamlarla danışırdın. Sənə kitabı (yazıb-oxumağı), hikməti, Tövratı və İncili öyrətmişdim. O zaman sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verir və Mənim iznimlə ölüləri (qəbirdən çıxardıb) dirildirdin."4 Allah-Təala İsrailoğulları haqqında da bir neçə müəyyən nemətləri zikr edir və belə buyurur: "Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi və sizi aləmlərdən üstün etdiyimi xatırlayın."5

Mənəvi nemətlərin bir neçə dərəcə və mərtəbələri var ki, o nemətlərin ən üstünü risalət və imamət nemətidir. Bu baxımdan Qurani-Kərim hər iki neməti də “minnət” (daşınması, həzm edilməsi dözülməz və ağır olan nemət mənasında) olaraq xatırlayır. Peyğəmbərləsin risalət və besəti haqqında isə belə buyurur: "And olsun ki, öz aralarından onlara Elçi göndərməklə Allah möminlərə lütf etmişdir."6 Allah-Təala imamət haqqında isə belə buyurmuşdur: "Biz isə istəyirdik ki, o yerdə zəif düşüb əzilənlərə mərhəmət göstərək, onları (müqəddəs torpaqlara) öndə gedənlər və varislər edək."7 Çünki, peyğəmbərlər və imamlar insanların əbədi səadətini təmin edirlər.

Mələklər sahib olduqları bütün müqəddəslik və şərafətlə birlikdə sadəcə feyz vasitələridirlər və birbaşa insanlıq cəmiyyətini hidayətə çatdırmaq məqamına malik deyillər. İlahi feyz və ehsanı məsumanə şəkildə Allahdan alan və məsumanə şəkildə bəşəri cəmiyyətlərə təbliğ edən və özü də məsumanə bir şəkildə bununla əməl edə bilən kamil və əhatəli varlıq imam və peyğəmbər kimi kamil insandır. Bu baxımdan, münəzzəh olan Allah Qurani-Kərimdə əhatəlisi vilayət olan imamət və nübuvvətə istinad edir və onu minnət vəsiləsi qılır. Halbuki, göylər, yer, cənnət və qiyamətin yaradılışı məsələsində isə “minnət” kəlməsini istifadə etmir. Çünki göylər və yer üzü hər nə qədər böyük olsa da, Allahın dözülməz8 və ağır nemətləri olan risalət və imamət qarşısında çox kiçik görünür. Qurani-Kərimdə sadəcə Ğədir-Xum və Möminlərin Əmiri Hz.Əlinin (ə.s) vilayəti haqqında “neməti tamamlamaq” özünəməxsus ifadəsi istifadə edilmişdir. "Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım."9 Burada "sizlərə nemət verdim" ifadəsi istifadə edilməyib. Əksinə, "sizə olan nemətimi tamamladım" deyə buyurur. Yəni, necə ki, Peyğəmbəri-Əkrəmin (s.ə.a) risalət və nübuvvəti risalət və nübuvvətlərin ən kamilidir və ondan sonra heç kimə nübuvvət məqamı verilməyəcək, Hz.Əlinin (ə.s) və onun övladlarının imamət və vilayəti də vilayət və imamətlərin ən kamilidir və dolayısı ilə onlardan sonra heç kəsə imamət məqamı verilməyəcək.

Qurani-Kərimə görə böyük vilayət bayramı olan Ğədir-Xum günü ilahi mənəvi nemətlərin ən üstün sərhəddinə və ən uca dərəcəsinə çatmışdır. Əlinin və Əlinin övladlarının (ə.s) vilayətindən daha üstün bir nemət olmadığı üçün də Ğədir bayramı İslam ümmətinin ən üstün bayramlarından biridir. Məsum imamların təşrii və təkvini vilayətinə inanmaq, onların vasitəçi, şəfaət və vəsilə olduğuna iman etmək İslam ümmətinə nəsib olmuş ən mühüm bərəkətlərdən biridir.

_____________________________________________________

1Ənam, 124

2Nəhl, 53

3Nəhl 18

4Maidə, 110

5Bəqərə, 47

6Ali-İmran surəsi, 164

7Qəsəs, 5

8Bütün insanlar üçün imamət və nübuvvətə səbr etmək (dözmək) və onları həzm etmək mümkün deyil. Peyğəmbəri tanımaq, imamı tanımaq, o ilahi seçilmiş insanların mesajlarını (nəsihətlərini, müraviətlərini) düzgün anlamaq və bu mesajlara əsasən əməl etmək olduqca çətindir.

9Maidə, 3

Ayətullah Cavadi Amulinin "Quran və rəvayətlərdə vilayət" kitabından

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!