Ümumislam » Niyyət və onun əməlin ölçüsündəki rolu

Bağışlayan və Mehriban Allahın adı ilə

Həzrət Peyğəmbər (s) Əbuzərə (r.ə) vəsiyyətində buyurur: “Ey Əbuzər! Hər bir işi görəndə, hətta yeyəndə və yatanda belə, niyyətin olsun”.

Tərbiyəvi baxımdan bu mətləb olduqca əhəmiyyətlidir. Əlavə olaraq, bu mətləb geniş bəhsə ehtiyacı olan mühüm elmi, fəlsəfi əsasa söykənir. İnsanın gördüyü hər bir işin dəyəri, hətta ibadətinin dəyəri də onun niyyətinə bağlıdır. İki ayrı-ayrı niyyətlə görülmüş işin dəyəri də fərqli olur. Bir kəs dostu tərəfindən qonaq çağırılır, əgər dostunun dəvətini qəbul edib onun evinə getsə, çox yaxşı və ləyaqətli bir iş görmüşdür. Lakin əgər onun getməsi Allaha yaxınlaşmaq qəsdi ilə olsa, yəni Allahın, möminlərin bir-birinin dəvətini qəbul etməsini sevdiyini nəzərdə tutaraq dostunun evinə getsə, onun bu əməli ibadət hesab olunur və bu savab baxımından da, bu niyyətlə olan gedişi birincidən qat-qat üstündür. Belə olan halda insan özünün bütün gündəlik işlərinə (yatmaqdan, yeməkdən, baxmaqdan, hətta zarafat etməkdən tutmuş, namaz, oruc kimi vacib əməllərə qədər) ibadət rəngi verə bilər. Bu o halda mümkündür ki, insan bu işləri Allahın razılığını qazanmaq üçün görmüş olsun.

Böyük şəxsiyyətlərdən bəziləri bir işi görmək istəyəndə əvvəl dayanıb bir qədər fikirləşər, bu işdə niyyətlərinin Allaha görə olduğuna əmin olduqdan sonra həmin işi görərdilər. Yaxud onlardan bir sual soruşduqda o dəqiqə cavab verməzdilər, azacıq fasilə verib qəlblərindəki niyyətlərinə nəzər salar, niyyətlərini müəyyənləşdirib Allaha xatir etdikdən sonra cavab verərdilər. Bu məsələ onu göstərir ki, mömin elə zirək və fərasətli ola bilər ki, ömrünün hər anından, hər dəqiqəsindən Allah rizasını qazanmaq üçün istifadə edə bilər.

Deməli, ən sadə və gündəlik işlərdə də düzgün niyyət etməklə insan həm dünya nemətlərindən ləzzət ala bilər, həm də Allaha ibadət etmiş olar. Belə olan hallarda dünya işləri ilə axirət işlərini bir araya gətirmək olar. Dünya işləri ilə axirət işləri o zaman bir araya sığmır ki, aralarında təzad meydana gəlsin. Haram və vacib əməllər kimi heç vaxt bir araya sığmırlar. Lakin insan mübah bir işi Allaha görə etsə, həm dünyəvi ləzzəti əldə edər, həm də bunun müqabilində savab qazanar.

Əlbəttə, qürbət qəsdi etməyin müxtəlif dərəcələri vardır. O cümlədən, günahlardan uzaqlaşmaq və Allahın əmrləri ilə müxalifət etməmək üçün edilən niyyət də bu dərəcələrdəndir.

Mərhum Əllamə Təbatəbai (r.ə) nəql edir ki, Həzrət Əli (ə) gecə nafiləsini qılmaq üçün yuxudan oyananda cismi gümrahlığı və ibadətə hazır olması üçün soyuq su ilə qüsl alardı.

Təbiidir ki, Əli (ə) kimi bir şəxsiyyət səhərdən axşama qədər ya müharibədə iştirak edirdi, ya da əkin əkib yer belləyirdi. Əlavə olaraq beş yüz və ya min rükət namazdan sonra çox yorğun olur və gecə yarısı namaz qılmaq üçün qalxanda kifayət qədər gümrah olmurdu. Buna görə də yorğunluğunu və əzginliyini aradan qaldırmaq üçün qalxıb soyuq su ilə yuyunurdu. Bu, onun qüvvəsini və ruhiyyəsini artırırdı.

Fərhad Mirzə

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!