Ümumislam » Hz.Əlinin (ə) səhabələri silsiləsindən (1) - Aminə bint Şərid

Bağışlayan və Mehriban Allahın adı ilə

Aminə Şəridin qızı və Əmr bin Həmq Xuzayinin həyat yoldaşı idi. O, şir kimi bir qadın idi və fəsahət və bəlağətdə məşhur idi. Əmir əl-möminin Həzrət Əlini (ə) sevdiyinə görə Kufədə tutuldu və Müaviyənin sarayına göndərildi. O, iki il Şamın qaranlıq zindanlarında həyat yoldaşı öldürülənədək həbs olundu. Onun həyat yoldaşının kəsilmiş başını Müaviyənin sarayına göndərdilər. Müaviyə Aminəni yoxlamaq üçün kəsilmiş başın onun üçün göndərilməsinə göstəriş verdi. Aminə oyaq olan zaman kəsilmiş başı onun ətəyinə atdılar. Bayırdakı vəziyyətdən xəbəri olmayan Aminə ətəyinə ağır bir şeyin atıldığını gördükdə onun nə olduğunu bilmək üçün diqqətlə o başa baxdı. Gördü ki, həyat yoldaşının kəsilmiş başıdır. Bədəni titrədi və özündən getdi. Özünə gələndən sonra müsibət görmüş ərəb qadınlarının ənənəsinə uyğun olaraq əlini başına qoydu və ürək yandırıcı bir nalə edib dedi: “Va musibəta! Dünyanın xarlığı və zalım hakimin zülmündən!”

Sonra zindanın məmuruna xitabən dedi: “Müaviyənin yanına get və dediyim bu sözləri Müaviyəyə çatdır! Lakin bu işə səhlənkar yanaşma! De ki, “Ey Müaviyə! Allah sənin övladlarını yetim qoysun, evini viran etsin, ailəni vəhşətə salsın və heç vaxt səni bağışlamasın!” Zindanın məmuru bu sözləri Müaviyəyə çatdırdı. Müaviyə Aminənin bu nifrinlərini eşidib bərk narahat oldu və əmr verdi ki, Aminəni onun yanına gətirsinlər. Aminəni onun hüzuruna gətirəndən sonra o, Aminəyə dedi: “Ey Allahın düşməni, sən mənə belə nifrinlər etmisən?” Aminə dedi: “Bəli, etmişəm, nə inkar edirəm, nə üzr istəyirəm, nə də fikrimdən əl çəkirəm. And olsun öz canıma, əgər nifrin etməkdə səy etmək təsirlidirsə, bütün səylərimi etmişəm. Bil ki, haqq allahpərəst kişilərlədir və Allah səni cəhənnəmə atanadək sənin üçün pusqu qurmuşdur”. Müaviyə dedi: “Mənim şəhərimdən (Şamdan) xaric ol, daha səni görməyim və səsini eşitməyim!” Aminə dərhal cavab verdi: “Ey Müaviyə, tezliklə gedəcəyəm, çünki Şamı heç sevmədim. Burada mənim xoş günüm olmadı, burada mən xoş xəbər eşitmədim və əzab-əziyyətdən başqa bir şey mənim payıma düşmədi. Bu şəhərdə mənim heç bir qohum-əqrəbam yoxdur. Virana qalmış bu şəhərdə mənim borclarım daha da ağırlaşdı və gözlərim heç bir vasitə ilə işıqlanmadı. Ey Müaviyə, arxayın ol ki, mən buradan gedirəm və heç vaxt geri qayıtmayacağam. Harada olsam, səni pis sözlərlə yad edəcəyəm”.

Aminə qalxıb getmək istəyəndə Müaviyə əlilə onun getməsinə işarə etdi. Aminə dedi: “Bəli, ey Müaviyə, mənim sərt cavablarımın müqabilində dilin hərəkət edə bilmədiyinə görə mənim getməyim üçün əlinlə işarə edirsən. Ey Müaviyə, bil ki, əgər mən sükut etsəm belə, qiyamət günü həyat yoldaşım Əmr bin Həmq qılıncdan daha iti və əfi ilandan daha zəhərli dili ilə səninlə mübahisə edəcəkdir”.

Aminə Şamdan çıxıb Homs şəhərinə çatanda Taun xəstəliyindən vəfat etdi. Müaviyə Aminənin ölüm xəbərini sevinclə qarşıladı.1

________________________

1Muhsin əl-Əmin, Əyan əş-şiə, c. 2, s. 65

Tərcümə etdi: Fərhad Mirzə

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!